Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Yevda Abramov adlı bir deputat varmış, xəbərimiz yox imiş. Mən onu dünən saytlarda gördüyüm bir açıqlama ilə tanıdım. Sitat: “Azərbaycanda müxalifət var ki, mitinq də edə bilsin? Mitinq edəndə öz gözümlə gördüm ”Qələbə” kinoteatrının yanında pul paylayırdılar. Qızlar dedilər ki, pul vermədilər iki toyuq alaq balalarımıza yedirdək”.
Bəh-bəh, cəh-cəh, qəh-qəh! Məntiqə bax e! Həm deyir, “mitinqdə pul paylayırdılar”, həm də deyir, “pul vermədilər iki toyuq alaq balalarımıza yedirək”. Siz bir şey başa düşdünüz? Elə mən də Yevda müəllimin məntiqinə heyran qala-qala heç nə başa düşmədim.
Ümumiyyətlə, hazırda şanlı ölkəmizdə ayrıca bir dil yaranıb – YAP dili. Bu dildə deyilənləri, yazılanları başa düşmək, anlamaq hər adamın işi deyil. Indi Yevda müəllimin həmin bu YAP dilində dediklərinə görə, həm ölkəmizdə analoqsuz inkişaf var, xalq yağ içində böyrək kimi bəslənir, həm də kimsə evinə toyuq ala bilmir, ümidini müxalifətin mitinqinə bağlayır ki, bəlkə orada buna pul verələr, bu da ona toyuq ala, balaları ac qalmaya.
Hətta ola bilsin, Abramov özü də həmin vaxt təsadüfən “Qələbə” kinoteatrının yanında peyda olmayıbmış, bəlkə onun da toyuq almağa ehtiyacı varmış? Axı bu saat yazıq deputatlarımızın maaşı heç ayın əvvəlindən ortasına çatmır, bir qarnı ac, bir qarnı tox yaşayırlar.
Bəs necə? Təzəlikcə başqa bir deputat Hadı Rəcəbli də elə həmin bu YAP dilində açıqlama verib elə beləcə də demədimi: “Insanlar çox zaman deyir ki, pensiyam mənə çatmır. Mən də sizə deyirəm ki, heç mənim aldığım maaş mənə çatmır”. Buyurun, eyni Hadı Rəcəblini ilin qalan günləri ölkədəki yüksəlişdən, camaatın yağ-bal içində üzməsindən, regionun lider dövləti olmağımızdan, hazırkı siyasi kursun alternativinin yoxluğundan basıb-bağlayarkən görərsiniz. Əlbəttə, heç kim də soruşmaz ki, sənin az qala 2 min manatı haqlayan maaşın yaşamaq üçün kifayət etmirsə, bəs 100 manat pensiya verdiyiniz təqaüdçülər, 150 manat maaşa möhtac qoyduğunuz həkimlər, 200 manat maaş verdiyiniz müəllimlər necə yaşayırlar? 200 manat maaşla dolana bilməyən deputatın ölkəsində yüzminlərlə insanın 150-200 manat maaşla sağ qalması möcüzə deyilmi?
Ən əsası, yaptokratlar analoqsuz inkişafla “iki toyuq ala bilməmək” arasındakı təzadı nə ilə izah edirlər? Lap məşhur lətifədəki deyildiyi kimi, “bu ətdirsə, pişik hanı? pikşikdirsə, bəs ət hanı?”. Inkişaf varsa, bəs toyuq niyə ala bilmirik? Toyuq ala bilmiriksə, bəs onda inkişaf hanı?
Əlbəttə, yaptokratların bütün bu suallara bir cavabı vardır, sadəcə, həmin cavabı başa düşmək, anlamaq üçün YAP dilini öyrənmək lazımdır. YAP dilini bilməyin üstünlükləri çoxdur, bu dildə danışmaq heç bir bilik və bacarığın olmadan da xoşbəxtliyin bütün qapılarını sənin üzünə taybatay aça bilər. Səni hər cür karyera və komforta qovuşdura bilər.
Sonda Yevda Abramova arzulayaq ki, müxalifətin mitinqlərini güdməyə, onların çirkin əməllərindən xalqı agah etməyə davam etsin.
Beləcə, biz də hörmətli deputatın sayəsində 2 milyona deputat mandatı satan, Vircin adalarında ofşor şirkətlər quran, dünyada ən baha qiymətə ən keyfiyyətsiz yollar çəkib, körpülər tikən, qayınatasına neft buruqları hədiyyə edən, qayınanasına tikdirdiyi milyonluq villa qəzəbli xalq tərəfindən yandırılan müxalifətçilər, ayı kababı yeyib universitetə 600 min dollarlıq “inomarka”larda gələn müxalifətçi uşaqları barədə xəbər tutar, onları lənətləyər, gözəl günlər naminə partiya və hökumətin ətrafında daha sıx birləşərik.
Biz toyuq yeməsək, lap acından ölsək də olar. Təki vətən yaşasın!