TRT-nin solisti amansızlıqla öldürüldü

TRT-nin solisti, 33 yaşlı müğənni Haticə Kaçmaz amansızlıqla qətlə yetirilib. Türkiyə mediasının verdiyi xəbərə görə, araşdırma nəticəsində bəlli olub ki, ərini avtomobil qəzasında itirən və 3 yaş yarımlıq qızı ilə yaşayan sənətçini öldürən qonşusu Orhan M.-dir.

Orhan M. sənətçi ilə evlənmək istəyib. Bu məqsədlə qohumlarını onun evinə göndərib. Lakin sənətçidən rədd cavabı alıb.

Orhan M. isə bununla barışmayıb və müğənnini izləyib. Sentyabrın 13-də müğənni məhlədəki marketdən çıxarkən Orhan M. ona hücum edib. Qaçırıldığını hiss edən Haticə Kaçmaz müqavimət göstərməyə başlayır. Orhan M. isə onun ağzını bağlayıb sürüyərək yaınlıqdakı parka aparır və orada ona 15 bıçaq zərbəsi vurur.

Cinayətkar hadisəni törətdikdən sonra qaçıb gedib. Sənətçini yaralı görənlər dərhal təcili yardıma zəng edirlər. Xəstəxanaya çatdırılan müğənninin həyatını, həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmur.

Polislər ətrafdakı təhlükəsizlik kameralarını yoxlamaqla şəxsiyyətini müəyyən etdiyi cinayətkarı axtarış nəticəsində yaxalaya biliblər. Müəyyən edilib ki, cinayətkar bundan əvvəl qardaşını və atasını bıçaqladığı üçün həbsdə olub.