Demokratiya iti, diktatura insanı

Türkel Azərtürk

Bu yaxınlarda İsveç hökumətinin itlərə qayğısı ilə bağlı bir məqalə oxudum. İki il öncə həbsim zamanı təcridxanada oxuduğum Cek Londonun “Əcdadların harayı” əsərindən sonra ilk dəfə belə sarsılmışdım. Həmin əsərin qəhrəmanı Bak adlı bir itdir. Bu Bak rastlaşdığım çox insandan daha ağıllı və sədaqətli bir canlı olaraq təsir bağışlamışdı mənə. Əsərin qısa məzmunu belədir. Bak varlı bir ailənin iti olur. Bir gün 2 nəfər onu oğurlayır və o vaxtdan ona qarşı qəddar rəftar başlayır. Bak bütün əziyyətlərə qatlaşsa da, bir şeylə barışmır. Boynuna zəncir taxılması ilə. O, boynunda zəncirlə yaşamağın bir canlı üçün faciə olduğunu düşünür və azadlığa qovuşmanın yolunu axtarmağa başlayır. Bir neçə cəhddən sonra da buna nail olur. Sonda o xilas olaraq öz nəslindən olan bir qrup itlə qrup halında azad yaşamağa başlayır. 

Bəlkə “burada sarsılmalı nə var ki?” deyən insanlar da olacaq. Mən elə o insanları düşünüb sarsılmışdım. Çünki Cek Londonun iti həqiqətən bəzi insanlardan daha düşüncəli idi. Bu gün ətrafımda o iti misal göstərə biləcəyim xeyli insan var və mən onlara, heç olmasa, Bak qədər olmağı öyrədə bilmirəm. 

Qayıdaq məqaləyə… Təsəvvür edin ki, İsveç hökuməti hər bir küçə itinə ayda təxminən 120 avro pul xərcləyir. Bu 120 avroya itlərin ayda bir dəfə peyvənd olunması, onların qışda donmaması üçün xüsusi yerlərin hazırlanması, bu yerlərdə onların yeməklə təmin olunması daxildir. Hökumət bu addımı həm də insanların rahatlığı, sağlamlığı üçün atılmış bir addım kimi dəyərləndirir. Çünki itlərə bu şərait yaradılmasa, onların insanlar üçün təhlükəyə çevrilməsi qaçılmazdır. 

Məqalə nə qədər maraqlı olsa da, oxuduqca əzildiyimi hiss etməyə başlamışdım. Qayğıyla qorunan İsveç iti və yoxsulluq içində çapalayan Azərbaycan insanı! Sağlamlığını vətənin bütövlüyü uğrunda qurban vermiş və buna görə 34 manat təqaüd alan Qarabağ qazisi! 120 manat maaş müqabilində seçki saxtakarlığı kimi bağışlanmaz cinayətə təhrik edilən Azərbaycan müəllimi! Qul bazarında günlərlə dayanıb ağa gözləyən ali təhsilli Azərbaycan gəncliyi! Oxuduqca özümə, millətimə yazığım gəldi. Bu millət 20 ildir zəncirlə yaşamağa məhkum edilib, amma böyük çoxluq, Bakdan fərqli olaraq, sanki o zəncirə alışıb, xilas olmağa heç cəhd də etmək istəmir. 

Hələ də ölkənin gündən-günə inkişaf etdiyinə dair nağıllara inanan, yeni körpüləri, əcaib formalı göydələn binaları, bahalı parkları, parlaq restoranları tərəqqi göstəricisi sayan insanlarımız var nə, yazıq ki. Lakin kimsə o milyonlar bahasına tikilən obyektlərdən nə fayda gördüyü haqqında düşünmək istəmir. Əsas olan budur. Əsas olan budur ki, İsveç hökumətinin öz itlərinə göstərdiyi qayğını bizim hökumət öz vətəndaşına belə göstərmir. 

Baba Pünhan boşuna yazmırdı:

İtim, gəl dur önümdə, gəl başına dönüm də, 

Sən Pünhanın günündə, Pünhan da it günündə… 

P.S. Cekin sevimlisi Bak haqqında oxuyanda, özlüyümdə bu günə qədər işlətdiyimiz “it günündə yaşayırıq” ifadəsinə görə ondan üzr istəmişdim. Biz hələ də Bak kimi azadlıq düşüncəsiylə yaşaya bilmirik. Dərd odur ki, heç Bak kimi yaşamağa da cəhd göstərmirik