“Avro-2020″nin 4 oyunu Bakıda olacaq FOTO

Futbol üzrə 2020-ci il Avropa Çempionatı oyunlarının keçiriləcəyi şəhərlərdən biri də Bakı olacaq. Qərar UEFA İcraiyyə Komitəsinin bu gün Cenevrədə keçirilən yığıncağında verilib. İcraiyyə Komitəsi 19 iddiaçı şəhərdən 13-nü seçib. Seçilən şəhərlər bunlarıdır:

Münhen (Almaniya), Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Brüssel (Belçika) və London (Böyük Britaniya).

Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Qaydalara əsasən, şəhərlərdən 12-si, o cümlədən Bakı Çempionatın 4 matçını qəbul edəcək – qrup mərhələsinin 3, pley-offun 1 (1/8 və ya 1/4 final). London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Final “Uembli” stadionunda keçiriləcək.

Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə seçilə bilməyiblər.

azadliq.info