20 illik münasibətilə bir neçə söz

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Yanlış xatırlamıramsa, “Tənəkə təbili” əsərinə görə 1999-cu ildə Nobel ödülü alan alman yazıçısı Günter Qrass mükafatın təqdimetmə mərasimində hələ də dünyada yazıçıların həbs və edam edildiyini ağrı ilə dilə gətirir, sonra da həmin tarixdən dörd il əvvəlki bir fakta diqqət çəkirdi: “1995-ci ildə Nigeriyada Ken Saro-Viva kimi bir yazıçı ölkəsinin radioaktiv maddələrlə çirkləndirilməsinə qarşı etiraz etdiyi üçün ardıcılları ilə birlikdə ölümə məhkum ediləndə dünyanın özünü azad adlandıran hissəsi hiddətini dilə gətirdi, amma çox keçmədən hər şey yenidən öz axarına düşdü, çünki ətraf mühitin mühafizəsi dünyanın bir nömrəli neft nəhəngi ”Şell”in gəlirlərinin azalmasına səbəb ola bilər”.

Mən bunu niyə xatırladıram? Sabah bizə “Əsrin müqaviləsi” kimi sırınan neft kontraktının imzalanmasından 20 il keçəcək, bu münasibətlə “Platform” adlı təşkilat BP-nin Londondakı qərargahı önündə aksiya keçirib, bu transmilli korporasiyanı demokratik hakimiyyət qurulmayanadək Azərbaycanda fəaliyyət göstərməkdən imtinaya çağırıb. Niyyət xoş ola bilər. Amma realdırmı? Sadəlöhvlükdən çox uzaq deyilmi?

Elə Günter Qrassın Nobel nitqində xatırlatdığı faktın özündən bu sualların çoxdan cavabını tapdığını əminliklə demək olar. Transmilli korporasiyalar üçün bəşəri dəyərlərin heç vaxt bir barrel neft qədər qiyməti olmayıb. Onlar sümürgənin simvollarıdır və bütün dönəmlərdə öz xalqlarını əzən rejimlərin etibarlı tərəfdaşı kimi çıxış edirlər. Nəticədə “altındakı ölkəni hiss etmədən yaşayan” (Mandelştam) xalqlar yaranır – lap elə bizim kimi. 

Tiraniyalar kimi transmilli korporasiyalar üçün də pul – analoqsuzdur. Yerdə qalan nə varsa hamısının canı cəhənnəmə! Bura insan da daxildir, flora da, fauna da. Mənəvi dəyərlərdən isə, ümumiyyətlə, danışmağa dəyməz – axı onları itirmək, “dəfn” etmək hətta daha çox qazanmağa, qaz vurub qazan doldurmağa kömək edir!

Günter Qrassdan cəmi iki il sonra başqa bir Nobel ödüllü yazıçı, sümürücülüyə qarşı amansız mübariz Joze Saramaqo öz müsahibələrinin birində vəziyyəti bir qədər də dəqiq izah edəcəkdi: “Bizim dövrümüzdə demokratiyadan danışmaq ədəbsizlikdir. Dünyada hakimiyyətlər qeyri-demokratikdir. Real iqtisadi hakimiyyət də qeyri-demokratikdir, çünki iri transmilli korporasiyaların rəhbərlərini heç kim seçməyib…” 

Lazım gələndə isə bu transmilli korporasiyalar hətta xalqların əvəzindən seçirlər – yenə lap bizdə olduğu kimi. Təfərrüatlara varmağa ehtiyac qalırmı? Hər şey bu 20 ildə gözümüzün qarşısında baş vermədimi?

Engels inanırdı ki, “pul hər qapını aça bilər, amma qıfıllaya bilməz”. Indi hətta bu sözlərə də skeptik yanaşa bilərik. Pul artıq nəinki hər qapını, hətta hər ağızı, hər qulağı, hər gözü “qıfıllaya” bilir, beləcə, ədalət haqqında danışmamaq, xalqların talanan talelərini görməmək, məzlumların ahını eşitməmək üçün heç bir problem yoxdur.

Transmilli korporasiyalar üçünsə bu, lap asan və rahatdır. Odur ki, indi çıxıb BP-dən ədalət, hüquq, azadlıq adına nə isə tələb etmək adama dəhşətli dərəcədə gülməli görünür. Gülməli və absurd.

Axı belə bir tələbi yerinə yetirməyin nə keçmişdə bir örnəyi var, nə də yaxın-uzaq gələcəkdə belə bir nümunənin yaranacağını təxmin və təsəvvür etmək olar.

Ona görə də, ən yaxşısı budur, biz BP-ni qan qoxuyan neft müqaviləsinin 20 illiyi münasibəti ilə ürəkdən təbrik edək. Onlara YAP-la birgə sömürgə dolu daha neçə belə illərə çıxmağı arzulayaq.

Məntiqə ən uyğun gələn də elə bu olardı.