Qorxu dərinliyi və onun mənəvi-psixoloji aspektləri

Məhəmməd Talıblı

Budağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır. 

Albert Eynşteyn

Son aylar tanınmış şəxslərin, o cümlədən məhkəmə qərarları olmadan təşkilatların bank hesablarına qoyulmuş həbsləri cəmiyyətdə qorxu mühiti haqqında danışmağı zəruri edir. Çünki, bu bir sadə həqiqətdir ki, bütün bu radikal addımların hədəfi ictimaiyyət üçün qorxu mühiti yaratmağa hesablanıb. Onda suallar meydana çıxır? Bütün bunlardan sonra insanlar qorxdumu? Cəmiyyət susdumu? Beynəlxalq təşkilatlar bütün bunlarla barışdımı? Yəqin ki, bunun birmənalı cavabı “Yox”dur. Onda bütün bunlar niyə edilir? Məhz ona görə qorxunun sosial-psixoloji, fəlsəfi və tibbi aspektləri haqqında düşünməyə dəyər. 

Etiraf etmək lazımdır ki, qorxu hər bir insanın rastlaşa biləcəyi təbii haldır. Heç bir qorxu hissi olmayan insan xəstə insandır. Bildiyimiz kimi insanın instinktiv və emosional hallarına kənardan qorxu siqnalı ötürülür və hissetmə orqanlarına çatan bu siqnal daxili sarsıntı və psixoloji gərginlik vəziyyəti yaradır. Bu qorxunun şiddətlə qəbulu və onun uzun müddət davam etməsi isə insanlarda depressiya vəziyyətin yaradır. Uzun müddət davam edən bu halı insan adi xəbərdən belə səksəkə içində qarə gətirib çıxarır. Amma bu da bir həqiqətdir ki, daimi olaraq səksəkə və qorxu gözləyən insan sağlam insan hesab oluna bilməz. Hər bir təhlükədən qorxan insanın ruhunda, psixoloji ovqatında və dünyagörüşündə ciddi problemlər olur. Qorxuya tez təslim olan insan isə kamil və psixoloji baxımdan hazırlı insan saymaq olmaz. Qorxuya qalib gələn insan isə güclü insandır. Fikrimcə, qorxuya qalib gəlməyin yeganə yolu isə qorxuya təslim olmadan onu adiləşdirib idarəedilməsinə nail olmağı bacarmaqdır. Qorxunu adiləşdirirsən və onun üzərinə gedirsən. Qorxunun üzərinə getməyin vacibliyi ilə bağlı maraqlı bir aforizm var: “Qorxu it kimi seydi, qorxsan dişləyir, üstünə getsən qaçır!”  Bu isə məhz cəsarətli davranış sayəsində baş verir. Biz cəsarətli olanda çətin və eyni zamanda böyük işləri görə bilirik. Çətin oldugu üçün cəsarət etmədiyimiz işlər, əslində biz cəsarət etmədiymiz üçün çətin gəlir bizə. Ona görə də bir çox hallarda bizim uğur və uğuzsuzluqlarımızın kökündə cəsarat durur. Vaxtı ilə Türkiyənin böyük savaş adamlarından olan Yavuz Sultan Səlim deyirdi: “Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq ölümə aparır.” 

Qorxunun sərhədlərinin genişlənməsi ona təslim olanların sayını artıra bilir. Ona görə qorxuya qalib gəlmək üçün 2 amili nəzərə almaq lazımdır. Birincisi, qorxuya tələm-tələsik təslim olmağa hazır olan insanları mənəvi-psixoloji və nəzərə baxımdan hazırlamaq və maarifləndirmək lazımdır. İkincisi, olan qorxu hissini və qorxunc mənzərələri ictimailəşdirməmək lazımdır. Çünki, ictimailəşən qorxu xeyli insanda mübarizə ruhunu sındırır və fəaliyyət təşəbbüsünü tormozlayır. Ona görə qorxunu tirajlamağa çalışmaq lazım deyil. Nəzərə almaq lazımdır ki, qorxunu ictimailəşdirdikdə onun təsiri altına düşənlərin sayı artır. Çünki, çox zaman isə təhlükənin yaratdığı qorxu təhlükənin özündən daha çox qorxulu olur.  

Qorxunun neqativ təsirində insanın iradəsi və xarakteri mühüm rol oynayır. Yəni, bir çox hallarda qorxunun insanın daxilində “oturmasında” onun özünü məzlum durumda hiss  etməsi durur. Zalım zülmə məruz qalanın iradə çatışmazlığın görəndə zülmün dozasın daha da artırır. Zülmə məruz qalanın cavab reaksiyasının olmaması və ictimai təpkinin yoxluğundan ruhlanan zalım növbəti zülmkarlığından çəkinmir. Aliya Izzetbegoviç çox haqlı olaraq yazırdı: “Biz qoyun olduğumuz üçün onlar qurd oldular.” Yəni, qurdlar məhz qurd olduqları üçün qoyunları parçalamır, qoyunlar olduğu üçün özlərini qurd kimi aparmağa başlayırlar. 

Doğrudan da qorxunun neqativliyi təkcə onun insan mənəvi-psixoloji durumu ilə bağlı deyil, hətta onun insanın gözlənilən orta ömür müddətinə də təsiri mövcuddur.   Aparılmış ciddi tədqiqatlar göstərir ki, qorxaq insanlar cəsur insanlarla müqayisədə daha az yaşayırlar. Eyni zamanda o da müəyyənləşmişdir ki, qorxaq insanlarda istənilən kənar təsirlərə immuniteti olduqca zəif olur. Cəsarətli insanlar isə qorxulu hadisələri belə gündəlik həyat qayğıları kimi yola verə bilirlər.  

Qorxunun qənimi – daxili azadlıq ruhu.  

İnsan daxilən azad olanda qorxaq olmur. Azadlığın ona verdiyi mənəvi güc qorxunu əhəmiyyətsizləşdirir. Demək azadlığın ruhi gücü qorxunu üstələyir. Azadlığa qorxu və repressiya ilə üstün gəlmək olmaz. Azadlığı enə bilən güc sevgi və ruhun məmnuniyyətidir. Amma bununla yanaşı da qorxu altında da heç vaxt sevgi yaranmır. 

 

İnsanın birindən qorxaraq ona hörmət etməsi uzun müddət mümkün ola bilməz. Məhz bizim qorxudan azad olmağımız üçün özümüzə böyük inama və yüksək azadlıq ruhuna malik olmalıyıq. Azad insan daimi eyni nöqtəyə həmişə baxa bilmir və buna vərdiş etməyi də məqbul saymır. O, daim yenilik və dinamika axtarışındadır. Azad ruhlu insan bütün sahələr üzrə bütpərəstlikdən uzaq olur. O, hətta siyasi bütpərəstliyə biyət edə bilməz. Çünki, azad insan bütpərəstlikdən uzaq olmaqla monoton mühitdə darıxar.  

Azadlıq ideyaları yalnız insan və cəmiyyət üçün spesifik dəyər deyil. Yəni, azadlıq dəyərlərini dövlət  tərəfindən müdafiə edilməsi və onun dövlət maşınında necə təmin olunması mexanizmləri vasitəsilə daim diqqət mərkəzində olmalıdır. Qısacaq desək, azadlıq ideyalarına münasibət eyni zamanda dövlət idarəçilyində özünü görsətməlidir. ABŞ demokratiyasının təməl prinsiplərində qeyd olunduğu kimi; dövlət insanlar arasında bağlanmış müqavilələrdən törəyir və o, öz öhdəliklərini yerinə yetirmədikdə devrilə bilər. Əslində, burada toplumun azad formada üsyan etmək haqqına diqqət yetirilir. Demək insan azadlıqlarından biri də hüququ tapdananda üsyan etmək etmək azadlığıdır. Əgər cəmiyyətin içindən gələn tələbləri (nidaları) dövlət qulaqardına vurursa, onda insanların üsyan etmək azadlığı qaçılmaz olur. Bununla bağlı dahi Linkoln deyirdi: “Etiraz etmək tələb olunarkən sakit durmaq cinayətə bərabər qorxaqlıqdır.”