Səadət Cahangir
Ötən həftə sosial şəbəkələrdə Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktubuna rast gəldim. Məktub o qədər təsirlidir ki, məktəb qapıları açılan bu günlərdə oradakı fikirlərlə bağlı bəzi düşüncələrimi bölüşmək istədim. Bilirsiniz, Amerikanın 16-cı və əfsanəvi prezidentlərindən biri olub Linkoln. O prezidenti ki, bu gün rəsminin də 5 dollarlıq əskinasların üzərinə həkk olunmasına haqq qazanıb. Özü isə oğlunun müəlliminə yazdığı həmin məktubda deyirdi: “Imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir…”
Həyatını və fəaliyyətini dəyərlər üzərində qurmuş biri idi bu məktubun müəllifi. Rəhbərliyi dövründə quldarlığın həmişəlik ləğvinə nail olan və ölkəsini parçalanmaqdan xilas edən bir qəhrəman! Doğulub böyüdüyü yoxsul ailənin, imkansızlıqdan bircə il oxuya bildiyi məktəbin, öz çalışqanlığı sayəsində sərbəst əzbərlədiyi kitabların və qazandığı hüquq diplomunun sayəsində öyrənmişdi ki: “Hamı dürüst və ədalətli deyil, amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var”.
Bizim məktəblər nə öyrədir balalarımıza? Söyləməyə lüzum yox, özünüz bilirsiniz. Keşkə, bərbad hala salınmış dərslik kitablarımızdakı saxta tarix əvəzinə elə bu məktubu öyrədəydilər onlara. Öyrədəydilər ki, “məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir”. Hiylə gəlib insanları aldatmaq, onların səsini oğurlayıb, saxta sənədlərə imza atmaq isə ən böyük simasızlıqdır. Öyrədəydilər ki, əgər bir insanın ağlı və düşüncəsi beş quruşa itaət edəcək səviyyədə primitivdirsə, onun üçün quldarlıq sistemi ləğv olunmamış deməkdir. Bütün bəlalar bir insanın başqalarını öz kuklası olaraq görməyə başlamasından və o adamların da buna izin verməsindən qaynaqlanır. Beyinsiz plastik oyuncağı ipdə tutmaq və istədiyin hərəkət istiqamətinə yönləndirmək, nə qədər asandır, məlum!
Amma Linkoln məktubunda deyirdi ki: “Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmək gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, ulayan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona”.
Keşkə, bir insanın insan kimi yetişməsini şərtləndirən bu keyfiyyətləri övladlarımıza verə biləcək məktəblər olsaydı! “Palaza bürün, el ilə sürün” köləlik psixologiyasından, alçaldıcı quldarlıq qayda-qanunlarına tabe olmaqdan imtina edən müəllimlər ordusu olsaydı! Onlar indiyə kimi var olsaydı, haqlı davalarımızda dimdik dayanıb mübarizə aparmaq bu qədər məhrumiyyətlər bahasına gələrdimi bizlərə? O mübarizənin vicdan məhbusları olan neçə atanın övladı boynubükük gəlib keçəcək həmin məktəb qapılarından bu gün…
“Ona səssiz gülüşün sirlərini öyrədin.ÿQoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin”- deyirdi bir də ata Linkoln. Amma həyat da paradokslarla doludur. Parçalanma və vətəndaş müharibəsi təhlükəsi içində çapalayan ölkəsini xilas etmək üçün qətiyyətlə çarpışan Linkoln elə bu prinsipiallığının da qurbanı olmuşdu. O, teatr salonunda tamaşa seyr edərkən aktyor Con Uilks But onu öldürmüşdü. Prezidentə atəş açan But sonra səhnəyə çıxaraq, birləşməyə qarşı olan Vircinyanın “tiranların taleyi belədir” şüarını səsləndirmişdi. Lakin o, bir tiran deyil, ölkəsini qurtarmaq istəyən bir vətənpərvər idi, şübhəsiz. Övladlarının nəhəng, güclü və azad cəmiyyətdə yaşaması üçün savaşan bir vətənpərvər. Keşkə, biz də öz övladlarımızın taleyini bu yalın həqiqətləri onlara boyamadan öyrədə bilən müəllimlərə etibar edə bilsəydik. Keşkə…