Dul qalmış gözəlin və Qarabağsız xalqın problemləri

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com

Gözəl bir xanımın ərinin vəfat etməsi bəşəri anlamda, əlbəttə, kədərli hadisədir. Lakin həyat davam edir və dul qalmış qadının həyat mücadiləsi başlayır – övladlarının tərbiyəsi ilə məşğul olmaq, ərindən qalan boşluğu doldurmaq. Münasib birisinə rast gəldiyi zaman ailə də qurur və s. 

Lakin müxtəlif ölkələrdə bu proses bir-birindən fərqli şəkildə baş verir. Avropanın inkişaf etmiş, təminatlı ölkələrində bu “yara” qısa müddətdə sağalır, hətta mən deyərdim ki, demək olar, duyulmur. Acı yalnız həyatdan gedən şəxslə bağlı olur. 

Müsəlman ölkələrində xüsusən əhalinin aztəminatlı ölkələrində bu ikiqat faciədir. Bu olayın detallarına varıb sizi yormaq istəmirəm. Yəqin ki, hər birimiz belə bir faciənin şahidisiz və bundan sonra baş verənləri ürək ağrısı ilə xatırlayırsınız. Xüsusən də köməksiz qadınlar ərlərini itirdikdən sonra, onların həyatında çox çətin bir mərhələ başlayır. Onlar öz təmiz adını qorumaqla bərabər uşaqların da yaşayışını təmin etməyə məcbur olurlar. Azərbaycanda adi yaşayış minumumlarını və son 20 ildə cəmiyyətdə gedən mənəvi-mental aşınmaları nəzərə alsaq, razılaşın ki, bu çox çətindir. Hətta qadın maddi cəhətdən ailəni təmin etməyə qadir olsa belə, məlum basqılardan uzun müddət yaxa qurtara bilmir. Hər kəs ona yardım etməyə hazırdı və o, əlbəttə, bunu bir şərtlə(!) etməyə hazırdır. 

Məqsədim Azərbaycanda dul qalmış gözəl xanım obrazını yaratmaq deyil, işsizlik və safalət onsuz da zərif cinsin taleyinə ağır zərbələr vurmaqda davam edir. Mentalitetimizin, mənəvi dəyərlərimizin  20 il əvvələ nisbətən hara qədər yuvarlandığı onsuz da hər kəsə məlumdur. 

Yazım əslində başqa mövzuda olmalı idi. Qarabağ və onun ətrafında gedən spekulyasiyalardan yazmaq istəyirdim. Ola bilər ki, bəziləriniz bu fikrimlə razılaşmayacaqsınız, ancaq mənə elə gəlir ki, elə Qarabağsız xalqın taleyi də dul qalmış gözəl qadının taleyinə bənzəyir. Kişisi ölmüş qadınla, Qarabağı əldən getmiş milləti eyni üsulla təhrik edirlər. 

20 il əvvəl işğal olunmasına baxmayaraq, rejim insanlarda bir Qarabağ kompleksi yaratmaqla məşğuldur. Qəzetləri açın saytlara baxın, hamısında bir Qarabağ qorxusu, bir Qarabağ əlçatmazlığı, mümkünsüzlyü var. Bütün bəlalarımızı, ölkədə hökm sürən səfaləti, cahilliyi, harınlığı Qarabağla ört-basdır etmək istəyirlər. Manşetlərə baxanda dəhşətə gəlməmək mümkün deyil. 20 ilə yaxındır ki, politoloq Vəfa Quluzadənin eyni Qarabağ anonsları davam edir. Milləti Rusiya ilə qorxutmaqla məşğuldur. Onun fikirləri ilə tanış olanda adama elə gəlir ki, rus-erməni birləşmələri Qarabağa doğru hərəkət edir. Buradan ağsaqqalın nəzərinə çatdırmağı özümə borc bilirəm: “Vəfa müəllim, Qarabağ 21 il bundan əvvəl işğal olunub, təzə bir şey yoxdur”. 

Rusiya Ukraynaya təcavüzlə sübut etdi ki, maraqlarına cavab verməyən istənilən MDB ölkəsinə təcavüz edə bilər. Bununla xalqı qorxutmağa nə gərək var? Olacaqsa, olacaq və siyasi gediş, diplomatiya-filan boş-boş şeylərdir. Boş olmayan Rusiyanın maraqlarına xidmət etməkdir, ya da Ukrayna kimi silaha sarılıb Vətənin müdafiəsinə qalxmaqdır. 

Oliqarx məmurlarımızın Rusiya ilə sərhədə yaxın Quba və Qusar ərazisindəki inşa etdirdikləri və dəyəri milyonlarla ölçülən villaları mümkün rus təhlükəsini inkar edir. Hətta iş o yerə çatıb ki, bir milyon qaçqını olan “Qaçqınkom” sədri Əli Həsənov da Qubada tikinti işlərinə başlayıb, onun Qəçrəşdəki şəxsi torpaqlarında sürətlə tikinti gedir, villalar ucalır. Bəli, əziz oxucu, bir milyon bədbəxtə cavabdeh olmağın xoşbəxtçilik olduğu ölkədə yaşayırıq.  

Xalqı rus təhlükəsi ilə qorxutmaq, rejimin birbaşa sifarişidir. Fikir verirsinizsə, heç bir qəzet, heç bir politoloq işğalın gerçəkləşəcəyi təqdirdə, Əliyevlər rejiminin taleyinin necə olacağını bildirməyə cəsarət etmir. Daha doğrusu, yuxarıdan gələn təlimatda bunlar haqqında danışmaq qadağandır. Məqsəd xalqı qorxutmaq, daha doğrusu aldatmaqdır.  

Yazımı ABŞ-ın 16-cı prezidenti olmuş Avraam Linkolnun sözləri ilə bitirmək istəyirəm: “Xalqın bir hissəsini həmişə, bütün xalqı müəyyən müddətə aldatmaq olar, lakin bütün xalqı həmişə aldatmaq mümkün deyil!”