Nizami Mehdizadə: «Bu yalan, böhtanı yazmaqla bunlar nə qazanırlar, nə istəyirlər – mən başa düşə bilmirəm»
Son dövrlər bəzi özəl klinikalarla bağlı narazılıq pik həddə çatıb. Pasiyentləri aldatmaq yoluyla böyük pullar qazanan klinikalar sırasında tez-tez telekanallarda reklam olunanları da kifayət qədər çoxdur.
Bu siyahıda olan klinikalardan biri də “Baku City Hospital”dır. Klinika reklamlarında elan edir ki, tibb mərkəzi yeni ünvanda fəaliyyətə başlayıb. Bildirilir ki, 7 mərtəbəli klinikada Azərbaycanın tanınmış həkimləri, Istanbulun məşhur “Florence Nigtingale” xəstəxanası ilə əməkdaşlıq şəraitində, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislər vasitəsilə tibbin bütün yeniliklərini özündə cəmləyən, yüksək komfortlu xidmət təqdim olunur. Klinikanın geniş profilli poliklinika şöbələri var.
Ancaq sözügedən tibb mərkəzinin digərləri ilə elə də ciddi fərqi yoxdur. Klinikanın ən ali məqsədi daha çox pasiyent cəlb edərək milyonlarla vəsait qazanmaqdır. Bu işdə isə onlara telekanallardakı reklamlar yardımçı olur. Demək olar ki, Bakıda ən bahalı səhiyyə xidmətləri buradadır. Televiziyalardakı reklamların nəticəsi olaraq, insanlar bura üz tuturlar. Amma bu klinikaya müraciət edənləri o qədər mənasız və lazımsız analizlər, müayinələrdən keçirirlər ki, bir əməliyyatın pulu gedir.
“Unikal”ın yazdığına görə, hospitalda əməliyyat olunanların da bir qismi nəticədən narazı qalıb. Bununla bağlı klinikaya müraciət edənlərə isə “əməliyyatdan bir müddət sonra belə vəziyyət ola bilər” cavabı verilir. Yəni, pasiyentləri min-bir bəhanə ilə yola verirlər. Hətta redaksiyamıza daxil olan məlumata görə, əməliyyat zamanı həkim səhlənkarlığı və tibbi təchizatın yetməzliyindən ölüm halları da olub. Sadəcə, klinika rəhbərliyi bütün bunları ört-basdır etməyi bacarıb.
Klinikada maliyyə maxinasiyaları haqda da məlumatlar yayılıb. Bildirilir ki, 2 min manat və ondan yuxarı məbləğli əməliyyatlar, müayinələr daha aşağı qiymətə qeydiyyatdan keçirilir. Yəni, ikili muhasibatlıq var.
Onu da qeyd edək ki, “City Hospital”ın əsas devizi qüsursuz xidmətdir. Bütün təbliğat materiallarında da “Qüsursuz xidmət anlayışı ”City Hospital”ın əsas meyarlarından biridir. Məqsədimiz xalqımızın indiyədək yalnız xaricdə əldə edə biləcəyi nəticələri, evinin içində ona təqdim etməkdir. Sağlığınızı “Baku City Hospital”a, etibarlı əllərə əmanət edin” şüarları yer alıb. Ancaq klinikaya gələnlərin bir çoxu bir daha ora müraciət etmir.
Sözügedən klinikanın həkimi Nizami Mehdizadə “Azadlıq”a açıqlamasında bildirdi ki, xəstəxana haqda məqalə dərc edən media orqanlarını məhkəməyə verəcəklər: “Mən klinika haqda yazı yazan jurnalistlərə bildirdim ki, kimlərinsə sifarişilə yazdığınız böhtanlara, birtərəfli mövqeyə görə sizi məhkəməyə verəcəm. Onlar yazını verməzdən öncə mənimlə görüşə bilməzdilər? Verilən suallara cavab verməsəydim, o zaman deyərdiniz ki, informasiya ala bilmədik, ona görə də birtərəfli oldu. Mənasız və boş sözlər yazmaq heç kimə yaraşmaz. ”Baku City Hospital” Bakıda ölkənin travmatologiya və digər sahələr üzrə ən brend xəstəxanasıdır. Özəl klinika olaraq nə qədər humanitar addımlar atırıq. Mehriban xanımın göndərdiyi xəstələrə biz pulsuz yardım göstəririk. Ölkədə müalicəsi mümkün olmayan xəstəliklərlə əlaqədar insanların xərci az olsun deyə, xaricdən həkimləri dəvət etməklə, Səhiyyə Nazirliyinə məlumat verməklə, Miqrasiya Xidmətindən lisenziya almaqla insanlara yardım edirik. Bu yalan, böhtan dolu şeyləri yazmaqla bunlar nə qazanırlar, nə istəyirlər – mən başa düşə bilmirəm”.