Baş Prokurorluqdan naümid döndülər

Övladı qətlə yetirilmiş ata Zakir Qaralovdan nə istəyir?

Bir neçə gün öncə qaynı Ürfan Rzayev tərəfindən qətlə yetirilən Kamal Rüstəmovun valideynləri ötən gün Baş Prokurorluqda olublar. Onlar işi aparan Göygöl rayon prokurorluğundan şikayət ediblər və işin həmin rayondan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi, yaxud Gəncəbasar ərazisində olmayan başqa bir rayonda aparılmasını xahiş ediblər. Ancaq baş prokurorluqda onların bu xahişi yerinə yetirilməyib və bildirilib ki, cinayət işinin istintaq elə Göygöl rayonunda aparılacaq, istintaqın gedişinə nəzarət olunur.

Mərhumun valideynləri isə istintaqın gedişindən ciddi narazılıqlarını ifadə edirlər və Göygöl prokurorluğuna etibar etmədiklərini deyirlər.

Xatırladaq ki, bir neçə gün öncə əslən Gəncədən olan iş adamı Tapdıq Rzayevin oğlu Ürfan Rzayev bacısının keçmiş həyat yoldaşı Kamal Rüstəmovu qətlə yetirib, ancaq zərərçəkənlərin iddialarına görə, cinayətini yüngülləşdirmək üçün özünə də yüngül xəsarət yetirib. Belə ki, hadisə şahidləri mərhumun qatilə heç bir xəsarət yetirmədiyini desələr də, Ürfanı gətirib xəstəxanada yerləşdirib və 21 gün yatızdırıblar. Mərhumun valideynləri və vəkili dəfələrlə Ürfanın yaralarına baxış və Bakıda təkrar tibbi ekspertiza keçirilməsini tələb etsələr də, Göygöl prokurorluğu buna imkan verməyib.

Mərhumun valideynləri iddia edir ki, qatilin atası hədsiz dərəcədə imkanlı adamdır, ona görə də istintaqın ədalətli aparılmasına imkan verilmir (moderator.az).

Qeyd edək ki, mərhum Kamal Rüstəmov həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin qaynı idi.