Azərbaycanın dövlət etibarlılığına “sui-qəsd”

İnsanların şəxsi həyatının ictimailəşdirilməsi turizm sektorunu iflasa aparır

Yerli və beynəlxalq ekspertlər Azərbaycanın gələcək inkişafını turizm sektorunda görürlər. Bu gün ölkə büdcəsinin 95 faizinə təminat verən neft tükənən sərvət hesab edilir və son dövrlər hasilatın aşağı düşməsi də bunun sübutudur.

Ancaq Azərbaycanın münbit təbiəti, istirahət üçün yararlı əyalətləri, bu ölkənin turizm potensialının yüksək olduğunu və bu sferanın inkişaf etdirilməsinin zəruriliyini ortaya çıxarır. Ancaq Azərbaycanda qeyri-neft sektorundakı uğursuzluq, bu sahəni də əhatə edir və turizmlə məşğul olmaq istəyən insanlara şərait yaradılmır.

Ancaq biz bu yazıda Azərbaycanın turistlər üçün etibarsız məkana çevrildiyini diqqətə çatdırmaq istəyirik. Bildiyimiz kimi, bütün turizm zonalarında hotellər fəaliyyət göstərir və turistlər bu hotellərdən istifadə edir. Təbii ki, hər bir turist istirahət etdiyi mənzillərdə təhlükəsizliyin, məxfiliyin qorunmasını istəyir. Yəni heç kim istəməz ki, onun şəxsi həyatı, intim münasibətləri ictimailəşsin. 

Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı apardığı “mübarizə” bu sahədə də dövlətin etibarlılığına zərbə vurur. Belə ki, zaman-zaman müxtəlif şəxslərin hotellərdəki intim görüntüləri ictimailəşdirib, son olaraq isə, ABŞ vətəndaşı Səid Nuri ilə bağlı belə bir “kampaniya” həyata keçirildi. Bu kimi nümunələr isə, yerli mətbuatla yanaşı, beynəlxalq mətbuatın da diqqətini çəkir. Belə iyrənc reallıqların hökm sürdüyü ölkədə isə, turistlər arxayın istirahət edə bilməz. Çünki, onlar müşahidə edir ki, Azərbaycanda turistlərin istirahətinə təminat yoxdur. Onsuz da, keyfiyyətsiz qidalanma, aşağı səviyyədə xidmət turistləri narazı salan faktlardı. Ancaq şəxsi həyatın ictimailəşdirilməsi, bundan şantaj məqsədilə istifadə edilməsi daha böyük nöqsandır və Azərbaycanı turizm sahəsində etibarsiz ölkəyə çevirir.

Ekspertlər də hesab edir ki, bu tendensiya ölkənin turizm sektorunun iflasına xidmət edir. Normal ölkələrdə bu kimi hadisələr məhkəmə mövzusuna çevrilir və müştəri həmin hoteldən yüksək miqdarda təzminat tələb edir. Ümumiyyətlə, dünyada hotellər müştərinin şəxsi həyatına təminat verir və nəinki intim görüntülər, hətta müştərinin telefon nömrəsi də hotelin sirri sayılır.

Onsuz da bütün beynəlxalq hesabatlarda Azərbaycanın adı “qara siyahı”ya salınıb. Bu gedişlə Azərbaycan turistlər üçün də arzuolunmaz ölkələr siyahısına salınacaq.

Bir sözlə, Azərbayan hakimiyyəti iyrənc mübarizə metodlarına əl atmaqla Azərbaycanın gələcəyi üçün önəmli olan bütün amilləri sıradan çıxarmaqla məşğuldur.

Akif