avroparlament1

Avropa Parlamentində Azərbaycanla bağlı xüsusi müzakirə

Ölkəmizdə insan haqlarının vəziyyəti Qərbin diqqət mərkəzində

Hakimiyyət proseslərin Ukraynadakı ssenari üzrə getməsindən narahatdır

Avropa Parlamentinin sentyabrın 15-18-də növbəti sessiyası keçiriləcək. Sessiya həmişə olduğu kimi Fransanın Strasburq şəhərində baş tutacaq. Budəfəki sessiyanın gündəliyinə Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinin müzakirəsi salınıb.
Avropa Parlamentinin sentyabrın 18-də keçiriləcək plenar iclasında birliyin insan hüquqları və demokratiya ilə bağlı illik hesabatı təqdim olunacaq. Verilən məlumatda bildirilir ki, sessiyanın sonuncu günü, yəni sentyabrın 18-də Azərbaycan, Burundi və Banqladeşdə insan hüquqları və demokratiyanın vəziyyəti müzakirə olunacaq. Qeyd etmək yerinə düşər ki, Avropa Parlamentinin sessiyasının bütün iclasları kimi, sentyabrın 18-də  keçiriləcək iclas da canlı yayımlanacaq.
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan hökuməti artıq narahat olmağa başlayıb. Hakimiyyətdə belə hesab edirlər ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Azərbaycana səfərindən sonra Avropa Parlamentinin ölkəmizə xüsusi diqqət ayırması təsadüfi deyil. Iqtidarda düşünürlər ki, bu Avropa Birliyinin planlı şəkildə apardığı işdir. Qeyd edək ki, Sebastyan Kurtsun Azərbaycana səfəri qalmaqalla başa çatıb. Kurts azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı gərgin müzakirələr aparıb. Müzakirələrdən sonra keçirilən mətbuat konfrası zamanı Elmar Məmmədyarovun əsəbi olduğu diqqətdən yayınmayıb. Bu müzakirələrin gərgin keçməsinin təzaühürü kimi qiymətləndirilib. Digər tərəfdən Elmar Məmmədyarov avstriyalı jurnalistlərin kəskin sulları ilə üzləşib. Azərbaycanın xarici işlər naziri onların suallarına qəzəbli cavablar verib. Hökumətin nəzarətində olan media mənsubları isə Sebastyan Kurtsu ikili standartda ittiham ediblər.
Məlumatda deyilir ki, hakimiyyətdə bütün bunların təsadüf olmaması barədə qənaət Ukraynadakı analoji proseslərə görə yaranıb. Xatırladaq ki, Ukraynanın keçmiş prezidenti Yanukoviç və ətrafına da ən sarsıdıcı zərbə məhz Avstriyadan gəlmişdi. Bu ölkədə Yanukoviç və keçmiş baş nazir Azarovun ailə biznesi üzə çıxarıldı. Hətta məsələ məhkəmə səviyyəsinə qədər qalxdı. Məhz bütün bunlardan sonra Azarov istefa vermək məcburiyyətində qaldı. Avstriyada Azərbaycanla bağlı da qalmaqallı məhkəmə prosesi keçirilir. Söhbət Vyanada keçirilən “rüşvət məhkəməsi”ndən gedir. Bu məsələdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da adı keçir. Yeri gəlmişkən, Kurtsun Azərbaycana səfəri çərçivəsində apardığı müzakirələrdə bu məsələnin də qırmızı xətlə keçdiyi bildirilir.

İnformasiya şöbəsi