Eldəniz Quliyevin müşaviri ölkəni tərk etdi

Seyran Rəfiyev Azərbaycan Ziyalılar Birliyinin sədrinə görə təhdid olunub   

“Artıq bir neçə gündür ki, ölkəni tərk etmişəm. Eldəniz bəyin məlum məhkəmə prosesindən öncə mənə naməlum nömrələrdən zənglər gəlməyə başladı. Zəng edənlərin kimliyi bilinmirdi. Zəng edən şəxlər məni və ailəmi hədələyirdilər. Məni və ailə üzvlərimi ölümlə hədələdikləri üçün ölkəni tərk etməyə məcbur oldum”.

Bu sözləri moderator.az saytına müsahibəsində Azərbaycan Ziyalılar Birliyi sədrinin müşaviri  Seyran Rəfiyev bildirib. Seyran Rəfiyevin sözlərinə görə, daxili işlər naziri Ramil Usubovla Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevin məhkəmə çəkişməsinə onunla bağlı baş vermiş hadisə səbəb olub: “Biz Eldəniz bəylə Dilarə Əliyeva küçəsinin kəsişdiyi yerdə işıqforun yanından sola dönməli idik. Həmin yerdə isə piyada keçidi üçün nəzərdə tutulan zolaq vardı. Mən avtomobili idarə edirdim, Eldəniz müəllim isə qabaqda oturmuşdu. Vətəndaşlar keçəndən sonra mən yoluma davam elədim. Təxminən yüz metr qabaqda polis maşınları dayanmışdı və polis əməkdaşı avtomobili saxlamağım üçün əl etdi. Mən də polis əməkdaşının əmrinə tabe olaraq avtomobili saxladım. Bu zaman avtomobili saxlamağım üçün mənə əl edən polis deyil, digər bir polis əməkdaşı mənə yaxınlaşdı. Hansı ki, o, bizimlə bağlı baş verən hadisəni görmürdü. Həmin polis əməkdaşı bildirdi ki, siz qaydanı pozmusunuz, vətəndaşların keçməsinə imkan verməməsiniz. Bakıda hər işıqforun yanında müşahidə kamerası mövcuddur və əgər istəsələr həmin kadlara baxa bilərlər və bu görüntülərdən də məlum olar ki, mən doğrudan da heç bir qayda pozuntusuna yol vermədim. Polis əməkdaşı sənədləri tələb etdi və bildirdi ki, sizə protokol yazmalıyam.

Mən sənədləri verdim, amma onun protokol tələbi ilə razılaşmadım. Polis əməkdaşı mənimlə çox kobud danışdı. Mən avtomobildən düşdüm və bu zaman gördüm ki, yaxınlıqdakı digər polislər ağsaqqal bir kişi ilə mübahisə edir. Bunu görən Eldəniz müəllim hər zaman haqsızlığa etiraz edən bir şəxs kimi polislərin yaşlı kişi ilə bu cür davranışına etiraz etdi. O, polis əməkdaşlarını vərtəndaşlarla mədəni rəfdar etməyə çağırdı. Bildirdi ki, biz ilk növbədə azərbaycanlıyıq. Ikincisi, bu insan sizdən yaşlıdır. Polis əməkdaşları Eldəniz müəllimə də kobud cavab verdilər. Mənə protokol yazanda bununla razılaşmadım və protokola imza atmadım. Qeyd yazdım və orada göstərdim ki, polis əməkdaşının tutduğu iradla razılaşmıram. Bildirdim ki, polis mənə qarşı reketliyə yol verir. 

Orada nə polisə, nə də cənab nazirə qarşı hansısa kobud ifadəyə yol verilməyib. Bu hadisənin üstündən 1-2 gün keçəndən sonra Eldəniz müəllimin məhkəməyə verildiyi bəlli oldu. Səbəb də budur ki, guya Eldəniz müəllim polisin şərəf və ləyaqətini təhqir edib. Mən bu hadisənin şahidi olan bir şəxs kimi bildirirəm ki, heç bir təhqir olmayıb”.

Seyran Rəfiyev əlavə edib ki, bu hadisədən sonra ona təhdid zəngləri gəlməyə başlayıb: “Mənə zəng edən şəxslər bildirirdi ki, Eldəniz bəydən uzaq durun və onunla bağlı məsələyə şahidlik etməyin. Doğrudur, məhkəmə prosesinə məni şahid qismində dəvət etməyiblər. Lakin onlara bəlli idi ki, mən bu hadisənin canlı şahidi olmuşam. Eldəniz bəyin mənə olan təzyiqlərdən xəbəri var idi. Lakin o, bu barədə açıqlama vermirdi və bunun üçün bizim ölkəni tərk etməyimizi gözləyirdi.  Yəqin ki, bundan sonra o da bu barədə müəyyən açıqlamalar verəcək. Lakin mən öz növbəmdə Eldəniz bəyin günahsız olduğunu təsdiqləyə bilərəm”.