Baş nazirin müavinindən sensasiyalı bəyanat

Qərbin Rusiyaya qarşı sanksiyaları Bakıda “mənasız” elan olundu

Yaqub Eyyubov: «Heç kim Rusiyanı sındıra bilməz!»

Dmitri Roqozin: «Sanksiyalar Rusiya və Azərbaycanı daha yaxın dost etdi»

“Rusiya elə ölkə deyil ki, onunla sanksiya dilində danışmaq mümkün olsun”.
Bu bəyanatla Rusiya prezidenti Vladimir Putin və ya digər Kreml rəhbərləri deyil, Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov çıxış edib (Virtualaz.org). Yaqub Eyyubov Azərbaycan-Rusiya Hökumətlərarası Iqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxışı zamanı Qərbin Rusiyaya qarşı sanksiyalarının mənasız olduğunu deyib.
Rusiyanın NTV telekanalının xəbərinə görə, Azərbaycan baş nazirinin müavini əmin olduğunu bildirib ki, yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək. “Biz Avropa Ittifaqı, ABŞ və Rusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək” – deyə Eyyubov bildirib.
Qeyd edək ki, ötən həftə Avropa Ittifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan edib. Bu səfər sanksiyaların hədəfi iri neft şirkətləri, hərbi sənaye müəssisələri və ayrı-ayrı rəsmilərdir.

Hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Rusiya baş nazirinin müavini Dmitri Roqozin də Bakıya səfər edib. O da çıxışı zamanı maraqlı fikirlər səsləndirib. “Qərbin Rusiyaya qarşı sanksiyaları Rusiya və Azərbaycanı daha yaxın dost etdi”,- deyə Roqozin bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə dünya bazarındakı nəticələrə baxmayaraq, bizim ölkələrimiz arasında əmtəə dövriyyəsi 3,6 milyard olub: “Bu 2012-ci ilə nisbətən 5 faiz çoxdur. Bu, iki ölkənin yaxınlığını göstərir. Bu gün sınaq vaxtıdır. Siyasi hadisələr Rusiya Federasiyasının iqtisadiyyatını narahat edir. Əslində bütün bunlar Rusiya və Azərbaycanı daha da yaxınlaşdırır. Bu gün Azərbaycan məhsulu Rusiya bazarlarına çıxır, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ortaq müəssisələrin yaradılmasının vaxtıdır”.