Hakimiyyət rəqiblərinə qarşı iyrənc əməliyyatlarla ölkənin turizm biznesini çökdürür
“Hakimiyyətin rəqiblərini şantaj etmək üçün otelləri faktiki olaraq çəkiliş pavilyonuna çevirməsi Azərbaycanın dövlət kimi etibarlılığına və turizmə ciddi zərbə vurur”. Bu sözləri “Azadlıq”a adının çəkilməsini istəməyən otel biznesi ilə məşğul olan şəxs deyib.
Mənbənin sözlərinə görə, iqtidarın rəqiblərinin otellərdə çəkilmiş intim videolarını yayması onların biznesi üçün təhlükə yaradır. “Bu əməliyyatlar həmişə qalmaqala səbəb olur və ölkə hüdudlarını aşır. Təkcə yerli mətbuat, xarici mətbuat, beynəlxalq təşkilatlar buna diqqət ayırır. Beləliklə də, Azərbaycanda otellər haqqında mənfi imic yaranır. Təsəvvür edin, Azərbaycana qonaq gələn xaricilər otellərdə qalırlar. Onlar belə hadisələrdən xəbər tutanda Azərbaycana gələrlərmi? Əlbəttə yox”, – deyə mənbəmiz bildirir.
Qeyd edək ki, Azərbaycan iqtidarı dəfələrlə ictimai qınağa tuş gəlməsinə baxmayaraq müxalifət fəallarına, müstəqil jurnalistlərə qarşı bu cür iyrənc əməliyyatları həyata keçirməkdə davam edir. Elə bir neçə gün əvvəl keçmiş müxalifət fəalı, hazırda ABŞ-da yaşayan Səid Nuri iyrənc təxribata məruz qalıb. Onun oteldə çəkilmiş intim görüntüsü yayılıb. Bu olay yerli və beynəlxalq ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.
Qaynağımızın sözlərinə görə, hakimiyyət əksər otellərdən öz qara məqsədləri üçün istifadə edir. “Hakimiyyət maraqlarını qorumaq naminə dövləti biabır edirlər, turizm biznesini faktiki çökdürürlər. Bu cür iyrənc hadisələr törədib, sonra xariciləri Azərbaycanda istirahətə dəvət edirlər. Kim gələr belə ölkəyə?”, – deyə mənbə bildirib.