AMEA Fizika Institutunun əməkdaşı Elman Şahverdiyevin dövlət başçısı Ilham Əliyevə açıq məktubu
Hörmətli Cənab Prezident!
AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi Prezident Administrasiyasından gələn təyinat siyahısı üzrə keçirildi və 30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərildi.
Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı, Hirş indeksim AMEA-da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım (Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib).
Geniş oxucu kütləsi üçün Hirş indeksi haqqında: bir alimin (ölkənin, jurnalın, istiqamətin) Hirş indeksinin, məsələn, 5 olması o deməkdir ki, o alimin (ölkənin, jurnalın, istiqamətin) ən azı 5 məqaləsinə ən azı 5 sitat var. Çox maraqlı faktı qeyd edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə yüzlərlə və minlərlə sitatlar edilir.
Sözsüz ki, bu, AMEA tarixində ən ədalətsiz, qeyri-obyektiv və insafsız seçki idi. Əsas məsələ isə dəfələrlə bu cür keçirilmış seçkilərin Azərbaycan elminə vurduğu öldürücü təsirdir. Aşağıda başlanğic üçün üç Cənubi Qafqaz ölkəsi elminin müqayisəli təhlili ilə Sizləri tanış etmək istərdim. Görün ki, az-çox Hirş indeksi olan, məqalələri Azərbaycan elminə sitatlar gətirən alimlərə qarşı Akademiya rəhbərliyinin (indiki prezident 20 il vitse-prezident olub), PA-da elmə kuratorluq edən yüksək çinli məmurların düşmən münasibəti Azərbaycan elmini necə fəlakətə aparır.
Məlumatlar açıq domendədir. http://www.scimagocr.com/countryrank.php
Müasir dünyada elmi işlərin keyfiyyəti məqalələrə olan sitatların sayı, bir məqaləyə olan orta sitat, Hirş indeksi ilə ölçülür. Bundan əlavə, hazırda dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər də bu meyarlara əsaslanır.
AMEA-nın Nizamnaməsinə əsasən a) elmin elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan Respublikasının vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü seçilirlər; b)elmin inkişafında görkəmli xidmətləri olan, onu qiymətli tədqiqatları ilə zənginləşdirən və Azərbaycan Respublikasının vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər; c)AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir.
Müqayisə 1996-2012-ci illəri əhatə edir və 238 ölkənin və ərazi qurumlarının göstəriciləri bütün elm sahələrini özündə ehtiva edir və ən tanınmış və qəbul edilən konservativ SCOPUS data bazasının məlumatlarına əsaslanır. Beləliklə, sitat olunmuş məqalələrin sayına görə:
Ermənistan (76-cı yer) – 9365, Gürcüstan (84-cü yer) – 7490, Azərbaycan (85-ci yer)- 7472.
Hirş indeksi (HI) üzrə göstəricilər belədir: Ermənistan (64-cü yer)- HI=105, Gürcüstan ((86-cı yer)- HI=78. Azərbaycan (127-ci yer)- HI=45.
Məqalələrə sitatların sayına görə, Ermənistan (80-ci yer)- 73659, Gürcüstan (89-cu yer)- 50895. Azərbaycan (117 yer) -18607.
Bir məqaləyə olan sitatın sayına görə, Ermənistan (149-cu yer)- 8,78, Gürcüstan (176-cı yer)- 7,74. Azərbaycan (230-cu yer)- 3.
Keçmiş sovet respublikaları arasında Azərbaycan yalnız Türkmənistanı, Qırğızstanı və Tacikistanı qabaqlayaraq 12-ci yerdə qərar tutub. Bir məqaləyə olan sitatın sayına görə isə ən aşağı – 15-ci yerdədir.
Nəzərə alsaq ki, Ermənistanın əhalisi (2,5 mln) Gürcüstanın əhalisindən 2 dəfə, Azərbaycanın əhalisindən isə 4 dəfə azdır, fərqin hansı masştabda olmağı hər bir vətəndaşı dəhşətə gətirməlidir. Avqustun əvvəlində 2013-cü ilin nəticələri də açıqlanıb. Müqayisə göstərir ki, fərq Azərbaycan elminin ziyanına daha da böyüyür.
Cənab prezident, xahiş edirəm ki, diqqət yetirin: qrup, qohumluq, yaxınlıq, dostluq, sirdaşlıq meyarları əsasında təyin olunmalar Azərbaycan elminə hansı sağalmaz yaralar vurub.
Cənab prezident, nə qədər gec deyil, Azərbaycan elmini, 20 ildir bu sahəyə kuratorluq edən, onu bu vəziyyətə salan, elm adamlarına yaxşı bəlli olan yüksək çinli PA məmurundan xilas edəsiniz. Bir məsələni də xüsusi olaqar vurğulamaq istəyirəm. Görəsən dünyanı idarə edən inkişaf etmiş dövlətlər elmi bu vəziyyətdə olan millətə imkan tanıyarlarmı ki, ərazilərini işğaldan azad edə bilsin. Bu konteksdə Azərbaycan elmini bu vəziyyətə salanların fəaliyyəti düşmən dəyirmanına su tökmək deyilmi?
Cənab Prezident!
Aşağıda bir sıra təyin edilmişlərin bəzilərinin sitatları Thomson Reuters (TR)- in Web of Knowledge bazasından, bəzilərininki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadır ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (əsasən maliyyə çətinliyi göstərilir, əslində isə AMEA rəhbərliyinin və administrativ üsullarla Azərbaycanda müxtəlif fondlardan külli miqdarda qrant alanların işlərinə sitatlar yox dərəcənindədir deyə rəhbərlik maraqlı deyil) Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS-dakı məlumatları isə hərdən “Elsevier” jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə SCOPUS-a giriş icazəsi verildiyindən mən özüm tərtib etmişəm. Scholar.google.com isə açıq domendir, amma oradakı sitatlar konservativ deyil, bir az şişirdilib, çünki heç bir və ya çox aşağı təsir əmsalı olan dərgilərdəki, hətta resenziya olunmayan on-line işlərdəki sitatları belə sayır və ona görə elm aləmində elə də ciddi qəbul olunmur. Buna baxmayaraq, müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar haqqında da təxmini bilgi almaq olar.
Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən xaricdə bir məqalə belə dərc etdirməyən, Azərbaycanda isə yalnız bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayır və elmi işlə məşğul ola bilmir deyə olmur, amma Fizika Institutunda laboratoriyaya rəhbərlik edir!!! Yaşı 75-i haqlamış bu şəxs bəlkə 30 il əvvəkli fəaliyyətində Azərbaycan elminə müəyyən sitalar gətirən işlərə imza atıb? Əsla! Onun işlərinə Thomson Reuters-də cəmi 25 sitat var. SCOPUS-da isə ondan da az (Analoji dövr üçün Thomson Reuters-də mənim işlərimə sitatların sayı 601 olub).
Görəsən onda o, elmin inkişafında hansı xidmətlətinə, hansı qiymətli təqdiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Necə olur ki, Rauf Hüseynov faktiki olaraq Institutunda işləməyə-işləməyə maaş alır, pensiya alır. Indi də üstəgəl iki maaş həcmində sanki qızıl pensiya alır. Görəsən AMEA-nın tarixində belə hal olubmu?! AMEA və Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin rəhbərliyi hara baxırdı!!! Yəqin ki, Administrasiyanın razılığı ilə yerlərin bir qisminin öz adamlarına paylanması tərəfə və bunun müqabilində Administrasiyanın digər namizədlərinin dəstəklənməsi tərəfə! Ən əsası, ayrılmış kvotanın daha “səmərəli və sərfəli” istifadə olunması tərəfə!!! Axı vitse-prezident Akif Hacıyev(o həm də müvafiq bölmə üzrə akademik-katibdir) tək riyaziyyat elmləri üçün deyil, həm də fizika və texnika elmləri üzrə vitse-prezidentdir (qeyd etmək istəyirəm ki, SCOPUS-da Akif Hacıyevin işlərinə sitatların sayı cəmi 162-dir; analoji dövr üçün SCOPUS-da mənim işlərimə sitatların sayı isə 549 olub).
Axı AMEA prezidenti Akif Əlizadə tək Yer elmləri bölməsi haqqında deyil, öz qohumu haqqında deyil, həm də digər bölmələr haqqında fikirləşməlidir!!! (AMEA prezidentinin SCOPUS-da sitatlarının sayı heç 100-ə belə çatmır). Ən əsası, bu şəxslərin əsas vəzifəsi seçkilərin ədalətli, obyektiv, insaflı keçirilmələrini təmin etmək idi ki, onlar da bu vəzifənin öhdəsindən gələ bilməyiblər. Şəxsi maraqlarını təmin etmək naminə!!! Necə olur ki, 1989-dan müxbir üvz, 2001-ci ildən isə akademik təyin edilən bu şəxslərin hələ bugunə qədər belə Azərbaycan elminə gətirdiyi sitatların sayı 2014-də AMEA-dan kənarda saxlanılmış mənim sitatlarımın sayından dəfələrlə az olur?! Bu nə düşmənçilikdir belə, bu nə ədalətsizlikdir, insafsızlıqdır belə!!! Bildirmək istəyirəm ki, seçkiqabağı bir neçə ay ərzində AMEA prezidentinin qəbuluna düşməyə çalışsam da o, məni qəbul etmədi. Görünür, başı Azərbaycan elminə sitat gətirməyənlərin yerləşdirilməsinə çox bərk qarışmışdı!!!
Bəs Rauf Hüseynov Administrasiyanin siyahısında necə peyda oldu?! Cavab: o kiminsə yaxın dostudur, daha dəqiqi, bir səfir rektorun. Bəs bu təyinatdan doğan mesaj nədir?! Mesaj belədir: Ey elm adamları! özünüzü yormayın, gedin işinizlə məşğul olun, akademiklik hara, siz hara, AMEA-da ancaq bizim təyin etdiyimiz adamlar olacaq, lap elmlə məşğul olmayan olsa belə! Baxın-görün, təyin edənlər elmi ictimaiyyətlə necə məzələnirlər!!!
Digər təyin edilmış müxbir üzv – Iskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış (maraqlıdır ki, o, 2007-ci il seçkiləri zamanı da eyni üsula əl atmışdı və hətta bir nəfərdən xahiş etmişdi ki, regional bölmədən kvota üzrə keçən bir şəxsə desin ki, o şəxs məsələ qaldırsın ki, Iskəndər Cəfərov da təyin edilməlidir) və sonradan PA-dan göstəriş əasasında sənədlərini geri qaytarmışdır, daha doğrusu, sənədlərini geri götürmək haqqında ərizəsini geri götürmüşdür. Maraqlıdır ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında olmayıb. Yaşının 75-i haqlamasına baxmayaraq elmi işlərinə istinadlar hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bəs görəsən belə elmi nəticələr olan Iskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib? Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Məgər Universitetdə dərs demək, kafedra müdiri olmaq, bir müddət rektor olmaq AMEA-ya üzv olmaq üçün əsasdırmı! Axı belədirsə, gərək məktəb müəllimlərinin, repetitorların çoxu çoxdan AMEA-ya üzv olardı! Axı AMEA hər şeydən əvvəl elmi təşkilatdır!
Bu konteksdə maqarlı bir faktı da açıqlamaq istəyirəm: son illər təhsildə neqativ halların aradan qaldırılmasında müəyyən addımlar atılsa da, məsələ əvvəlkindən də aktuallaşır. Görəsən Iskəndər Cəfərov xatırlayırmı ki, 2006-ci ildə o hansı neqativ hala görə uzun-uzadı, saysız -hesabsız minnətlərdən sonra yalnız şiddətli töhmət sanksiyasına məruz qalmışdı?!
ardı var