Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Icazə verin mətləbə çox uzaqdan – 107 il əvvəldən gəlim. Azərbaycanın böyük yazıçılarından biri Cəfər Cabbarlının imzası ilk dəfə mətbuata 1907-ci ildə, “Tazə həyat” qəzetində dərc edilən bir təşəkkür məktubu ilə çıxıb. Həmin məktubun altında həmin vaxt Bakı 7-ci müsəlmani və rusi məktəbində təhsil alan Cəfərdən başqa daha 4 şagird yoldaşının imzası vardı.
Təşəkkür məktubu isə onların təhsili üçün ianə ayıran Bəşir bəy Aşurbəyova ünvanlanmışdı. Cəfər və şagird yoldaşları ianə üçün təşəkkür ifadə etdikdən sonra yazırdılar:
“… Bəşir bəy cənabları! Əmin olunuz ki, elm və məarif kəsb edib səadət və xoşbəxtliyə nail olmaq məqsədilə ciddən səy edəcəyiz”.
Indi isə mətləbə gəlim.
Bu gün yeni dərs ili başlayır. Yaptokratiya rejiminin ölkədə təhsili hansı bərbad vəziyyətə saldığı məlumdur. Ölkədə kütləvi savadsızlaşdırma siyasəti aparılır. Məktəb bilik məbədi olmaqdan çıxıb. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı göstəricilərdən təhsil sahəsində vəziyyətin nə qədər ağır olduğu aydın görünür. Bu durum bilərəkdən, Sistemin varoluşunu təmin etmək, onu təhlükələrdən sığortalamaq, ömrünü uzatmaq üçün yaradılır. Cəhalət belə idarəetmələrin bir nömrəli dayağıdır.
Bütün bunlar öz yerində.
Cəfər Cabbarlı ilə bağlı yuxarıdakı faktı isə iki məqsədlə xatırlatdım.
Bir: ölkədə kifayət qədər geniş maddi imkanları olan insanlar var ki, onların qəlblərinin dərinliyində Azərbaycanın bu günü və gələcəyi ilə bağlı narahatlıqlar daşıdığına inanıram. Sadəcə, Sistem belələrinin o maddi imkanlarının müəyyən bir hissəsini siyasi-ictimai faydalı işə yönəltməsinə mane olur. Bu cür niyyətə düşməyin belə, həmin adamlara hansı risk vəd etdiyini söyləmək yersizdir.
Indi mənim sözüm onlaradır: siz barı maddi çətinliklər, ailələrindəki ağır güzəran ucbatından məktəbdən qaçaq düşən, təhsil imkanları əlindən alınan, dərsdən soyuyan uşaqlara dəstək, arxa dura, beləcə, bir zamanlar Cəfər Cabbarlıya təşəkkür məktubu yazdırmış xoş əməlin günümüzdəki davamçısına çevrilə bilərsiniz. Haqqında danışdığımız uşaqları məktəb geyim-gecimindən tutmuş ləvazimatları ilə təmin etməklə də layiqli bir iş görmüş sayılarsınız. Alber Kamyü “bütün pisliklər cəhalətdən doğulur” deyirdi. Bu mənada hətta bir uşağı belə bilgi ilə, təhsillə qovuşdurmaq, cəhalətdən qurtarmaq bütün pisliklərə qarşı göstərilən əvəzsiz xidmətdir.
Azərbaycanda cəhalətin dayaqları nə qədər zəif olarsa, savadsızlığın miqyası nə qədər daralarsa, biz nə qədər bilgili, təhsilli insanlara sahib olarıqsa, aydın və azad bir Azərbaycan qurmaq arzumuz da bir o qədər tez reallaşar.
Iki: balaca Cəfərin 107 il əvvəl verdiyi “elm və məarif kəsb edib səadət və xoşbəxtliyə nail olmaq məqsədilə ciddən səy edəcəyiz” vədini bu gün hər valideyn övladına aşılamağı bacarmalıdır. Azərbaycanda təhsilin durumu hər nə qədər ürək ağrıtsa da, Azərbaycanda insanların savadına, bilik-bacarıqlarına verilən dəyər bu gün hər nə qədər ümidsizlik yaratsa da, insanlardan karyera qurmaq, həyat yollarında inamla irəliləmək, həyatda yüksəlmək üçün bu gün tələb olunan şərtlər (yaltaqlıq, qorxaqlıq, mütilik…) biliyin, intellektin önünə keçsə də, əmin olun ki, həsrətində olduğumuz səadət, xoşbəxtlik yalnız təhsildədir.
Bir toplumda savadlılıq artdıqca şüur səviyyəsi də yüksəlir, belədə isə köhnə qaydalarla idarə etmək, hökm sürmək, asanlıqla aldatmaq, rahatlıqla qula çevirmək çətinləşir, mümkünsüzləşir
Unutmayın ki, biliyin bükə bilməyəcəyi bilək yoxdur.
Zəkanın yenə bilməyəcəyi zopa yoxdur.