Vəzifə satan məhkəmə hakiminin cinayət dosyesində daha nələr var?
“Azadlıq”ın ötən sayında icra başçısı təyinatı üçün 1 milyon dollarlıq bazarlıqdan bəhs edən yazının birinci hissəsini təqdim etmişdik. Söhbət 7 il Binəqədi rayon məhkəməsinə sədrlik etmiş, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin vasitəsilə baş verənlərdən gedirdi. Yazı da cinayət işinin materialları, o cümlədən prokurorluqda verilən ifadələr əsasında hazırlanıb.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinata görə Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Bu məbləğ milli valyuta ilə hesablanaraq, təxminən 800 min manata bərabər sayılıb. Iş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni, Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla, ondan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. Lakin xeyli müddət keçsə də, nə vəzifədən xəbər çıxıb, nə də pul geri qayıdıb…
Bu barədə ötən yazıda onu da qeyd etmişdik ki, Ramazan Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov rayonu 16-cı polis bölməsinə şikayət edəndən sonra vəziyyətin gərginləşdiyini görən Həsən Əliyev ona pul vermək qərarına gəlib. Bu məqsədlə həyat yoldaşının adına olan gözəllik salonunu girov qoyaraq, 170 min pul götürüb.
Iş materiallarından o da aydın olur ki, Həsən Əliyev vəkil Kamandar Nəsibovla dost olub. Həsən Əliyev Ramazan Səlimovun pulunun bir hissəsini qaytarmaq üçün vəkil dostunun Həzi Aslanov qəsəbəsində yerləşən villasını onun razılığı ilə banka girov qoyaraq, 490 min manatlıq krediti başqa bir hüquqşünas dostunun adına götürüb.
Bundan başqa, Həsən Əliyev oğlu Vüqar Əliyevin adına olan mənzili də girov qoyaraq kredit götürüb. Əldə olunan pulun 150 min manatını “Şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundova olan borcunu qaytarıb. 100 min manatını isə Elman Məmmədov vasitəsilə Ramazan Səlimova qaytarmaq üçün göndərib.
Onu da qeyd edək ki, Elman Məmmədov da Həsən Əliyev kimi, bu cinayət işi üzrə təqsirləndirilən şəxsdir. Amma Həsən Əliyevdən fərqli olaraq, onun barəsində həbs-qətimkan tədbiri seçilib və o, ötən ilin oktyabrından həbsdədir. Həsən Əliyev Ramazan Səlimova qarşı dələduzluqda ittiham olunursa, Elman Məmmədov isə Həsən Əliyevin özünə qarşı dələduzluq etməkdə təqsirləndirilir. Istintaq materiallarına görə, Ramazan Səlimov 16-cı bölməyə şikayət edəndən sonra Həsən Əliyev səs-küy çıxmaması üçün müəyyən adamlar vasitəsilə bu işi “düzüb-qoşmaq” qərarına gəlib. Elman Məmmədov onu inandırıb ki, tanışı vasitəsilə bu işi 100 min manata həll eləmək olar, amma gərək, Ramazan Səlimova da pulun bir hissəsi qaytarılsın. Həsən Əliyev Elman Məmmədov vasitəsilə 250 min manat Ramazan Səlimov, 100 min manat da problemin həlli üçün göndərib. Amma Ramazan Səlimov üçün üç dəfəyə (100 min, 80 min və 70 min) göndərilən ümumilikdə 250 min manat ona verilib.
Istər Həsən Əliyevin, istər Elman Məmmədovun ifadələrindən belə məlum olur ki, Ramazan Səlimova 250 min 16-cı polis bölməsində qaytarılıb. Amma bu iş üzrə prokurorluq tərəfindən dindirilən 16-cı polis bölməsinin rəisi Hikmət Usubov (Daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu-red.) bu epizodda fərqli ifadə verib. O bildirib ki, pul bölmədə yox, kənarda ödənilib.
Bu işdə ən maraqlı məqamlardan biri də icra başçısı olmaq istəyən Ramazan Səlimova verilən təlimatlar, onun görüşdüyü şəxslərlə bağlıdır. Məlum olur ki, Həsən Əliyev özünə məxsus “Range Rover” markalı maşınla Ramazan Səlimovu Siyəzənə apararaq, bu rayonun icra başçısı Arif Qasımovla görüşdürüb. Həmin görüşdə Ramazan Səlimovun birinci müavin postuna təyinatı məsələsi müzakirə olunub. Arif Qasımov bildirib ki, məsələni öyrənib bir neçə gündən sonra cavab deyəcək. Iki gündən sonra cavab gəlib ki, birinci müavin yerli sakin olmalıdır. Ona görə də Ramazan Səlimova rayonda peşə məktəbinin direktoru vəzifəsini təklif edib, lakin o, razılaşmayıb.
Bundan başqa, Həsən Əliyev onu “Azəriqaz”ın sədr müavini Ziyad Cəlilov, Respublika Rayonlarası Su-Kanal Idarəsinin rəisi, “Bakı Su-Kanal” Idarəsinin rəisi Habil Quliyev və digər vəzifəli şəxslərlə görüşdürüb.
Ramazan Səlimovun ifadəsindən belə anlaşılır ki, o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Qobustan, Tərtər və Mingəçevirin icra başçıları ilə də görüşüb.
Ramazan Səlimovun bir sıra idarə və müəssisə rəhbərlərilə görüşlərinin səbəblərinə gəlincə, deyir ki, Həsən Əliyev bir müddət sonra ona birbaşa icra başçısı təyinatının çətin olduğunu bildirib. Ona görə də təklif edib ki, əvvəlcə hansısa idarəyə rəhbər təyin olunsun, ondan sonra icra başçısı göndərmək daha asan olacaq. Məsələ burasındadır ki, Ramazan Səlimovun həm də məhkumluğu olub. Xətai rayon məhkəməsində vaxtilə onun barəsində dələduzluq ittihamı ilə hökm çıxarılıb. Ona cərimə cəzası kəsilib. O, bu faktı Həsən Əliyevin diqqətinə çatdırıb. Hakim ona bildirib ki, bu cür hallar maneə yaratmır.
***
Qeyd etdiyimiz kimi, bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, təxminən 7 il Həsən Əliyevlə birlikdə işləmiş hakimlər – Azər Orucov, Əlövsət Abbasov və Əlisultan Osmanov icraatlarına verilən bu işə baxmaqdan imtina ediblər. Onlar özləri özlərinə etiraz veriblər. Həmin etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb müvafiq qərar verilməlidir. Çox güman ki, həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsindən alınacaq. Çünki Həsən Əliyevin bu ilin fevralına qədər həmin məhkəmədə çalışdığını nəzərə alsaq, faktiki oradakı hakimlərin hamısı vaxtilə onunla birlikdə çalışanlardır. Bu baxımdan, istisna deyil ki, bu cinayət işi Gəncə, Şəki və ya Lənkərandakı Ağır Cinayət Məhkəmələrindən birinə göndərilə bilər.