Məhəmməd Talıblı
Seymur bəy bütün mövzularda maraqlı həmsöhbət idi. Hətta iqtisadi mövzularda da özünə məxsus mülahizələri var idi. Bu sahədə olan iqtisadi ədəbiyyatlara da maraq göstərirdi. Özünün dediyinə görə, bu mövzuda son oxuduğu ədəbiyyat müəllifi olduğum kitab (“İqtisadiyyatda insan dəyəri”) olub. Sonradan isə bildim ki, hətta Seymur kitab haqqında məqalə də yazırmış. Tale elə gətirdi ki, indi onun haqqında mən yazı yazıram.
Kitabdan söz düşmüşkən… 2005-ci ildə onun elmi işi ilə bağlı lazım olan kitablardan bəzilərinin məndə olduğunu bildiyi üçün bizə gəlməli olduq. Kitabxanamı elə acgözlüklə “süpürdü” ki, söz verdim, daha Seymurla kitab mübadiləsi etməyəcəm. Mən kimdən kitab aldığımı və kimə hansı adda və tarixdə kitab verdiyimi qeyd dəftərçəmə yazıram. İllər sonrası və indi də daxil olmaqla baxıram ki, Seymurun mənə hələ bəzi kitab borcları var. Amma bütün bunlara baxmayaraq mən Seymurun kitab borcuna bir azını da əlavə etmək məcburiyyətindəyəm. Çünki, “Kürdəxanı universiteti”ndə dəyərli məzunlarımız “dərs” alır. Onların böyük məbləğdə ödədikləri təhsil haqları müqabilində gərək keyfiyyətli təhsil alsınlar. Zamanı boşa xərcləməsinlər. Onların sonrakı illərdə cəmiyyətə verə biləcəkləri faydalar var. Bu ictimai faydalar naminə Kürdəxanıya kitab daşımağına dəyər. Cəmiyyətin faydaları naminə kitab hambalı olmaq böyük şərafətdir.
Seymur son aylar hızlı ingilis dilini təkmilləşdirmək üzərində işləyirdi. Arada zarafatla deyirdi ki, bu dil üçün bir az “içəridə” oturmağa ehtiyac var. Sag olsun bizim hökumət Seymurun arzusunu ürəyində qoymadı. Yaxın illərdə biz təkcə Seymuru dərin təhlil qabiliyyətli politoloq kimi yox, poliqlot kimi də görə biləcəyik. Fərq odur ki, o, politologiyanı böyük həbsxanada, poliqlot keyfiyyətlərini isə kiçik həbsxanada əldə edəcək. Yaxın və uzaq tarixi təcrübələr göstərir ki, həbsxanada keçən illəri itirilmiş illər kimi yaddaşlara yazmaq doğru olmazdı. Həbsxanada yenidən hər şeyi düşünmək və diqqəti istənilən hər şeyə yenidən qayıtmaq imkanın olur. Bu təftişçilik keçmişi inkar və peşimançılıq kimi hisslərlə özündə pessimizm yaratmaq deyil. Daha dərin dəyərləndirmə və düşünmə imkanı verən fürsətdir. Ötən il 95 yaşında haqq dünyasına qovuşmuş Nelson Mandella deyirdi: “Həbsxanada keçirdiyim 27 ilə borcluyam, çünki o, mənə fikrimi bir yerə cəmləməyə yardım etdi. Azadlığa çıxandan sonra isə bu imkanı itirdim.” Çağdaş dövrümüzdə dünyada azadlıq uğrunda mübarizənin simvoluna çevrilmiş, cəsarətli Mandella bununla da söyləmək istəyir ki, eyni nöqtədə səthi yox, daha dərindən düşünmək imkanına malik olduğuma görə həbsxanaya borcluyam.
Amma bütün bunları düşünməklə həbsxananı kurort zonası kimi xarakteriza etmək niyyətindən uzağam. Orada yalnız insanların çəkdirləri var. Ora səfa yeri deyil, qatı cəfakarlıq tələb edir. Həbsxanada hər gördüyün hal azadlığın insan həyatında ruhi qida olduğun fikrini hər addımda isbatlayır. Hər günkü bu isbatlamalar və əyani dərslər bu düşüncənin “daşları” beyinlərdə oturdur. Bütün bunlar güclü insanları azadlıq ideyalarından uzaqlaşdırmır, əksinə onu ictimai fenomen olaraq zərurətini bizə dərindən anladır. Bu vəziyyətlə bağlı Əli Şəriətinin bəyəndiyim bir fikri var: “Ey azadlıq, sənin üçün neçə-neçə cəzalar çəkmişəm, neçə-neçə cəzalara dözəcəm. Yenə də sənin üçün neçə-neçə əzablara dözmüşəm, neçə-neçə əzablara dözəcəm. Fəqət, özümü heç vaxt istibdada satmayacam. Mən azadlıqla tərbiyə almış və bəslənmişəm.“ Doğrudan da azadlığın tərbiyəvi təsirləri çox böyükdür. Əslində azadlıq ideyaları insanın qəlbində və ruhunda özündə yer tapdısa, onun mübarizəsini saxlamaq mümkünsüz olur. Seymurun azadlığa münasibəti özünəməxsus idi. Bu baxımdan mən düşünürəm ki, onun azadlıq və demokratiya yolundakı verdiyi qurbanlar və göstərdiyi fədakarlıqlar onu mükəmməlliyə doğru sürətlə aparır. Ruhunu istibdada təslim etməməsi yeni gənclikdə pozitiv nümunə yaradır. Məhkəməyə gətirən zaman belə bir neçə polisin əhatəsində onu qarşılayanlara göstərdiyi performans sosial şəbəkələrdə ən çox paylaşılan fotodur. Onun ağır və çətin şərtlər altında çöldəkilərə verdiyi pozitiv jest hamıda müsbət emosiya doğrur. İnsanlar vardır ki, azadlıqda özünə və ruhuna zəncirlər vurur, insanlar vardır ki, həbsxana şəraitində belə qolundakı zəncirlərlə azadlığı simvollaşdırır. Seymurun etdikləri bu acıdan daha təsirli göründü. Seymuru çox insana növbəti dəfə sevdirən keyfiyyətləri sırasında bu amilin rolu böyük oldu.