Murad və pensilini kəşf edən Flemingin hekayəti

Səadət Cahangir

Ədalətin topal olması mövzusunda mübahisə etmək iddiasında deyiləm. Buralarda durum onsuz da belədir. Bəlkə haqq nazilir, üzülmür, amma biz də onun arxasınca üzülüb-üzülüb iynəyə saplanacaq hala gəlirik. “Ədalət topaldır”, bəli, lakin onun nə zamansa yol aldığı yerə çatacağına da şübhə etməyə haqqımız yox?

Yaxınlarda qələm dostumuz Natiq Ədilov məhbus qardaşı Muradın həbsxanadan verdiyi təsərrüfat tapşırıqlarının siyahısını paylaşmışdı: çöldə şumlatdırdığım filan yerə taxıl əkdir, filan yerdəki yoncanı press bağlatdır, dananı sat və s.. Natiqin o zəhmətkeş qardaşının həbs maddəsi narkotika alveri ilə bağlı olsa da, onun əsl işi əsasən siyahıdakılardan ibarətdir. Biz onun illərdir yaşadığı aran kəndində təsərrüfat işləri ilə məşğul olduğunu eşitmişik. Murad çörəyi torpaqdan, əkin-biçindən çıxan əliqabarlı biridir. Ailəsini ağır zəhmət bahasına dolandıran biri. Onun narkotika haqqında təsəvvürləri, olsa-olsa, filmlərdə gördükləri ilə məhdudlaşar, hər halda. Tək günahı da, yəqin ki, Ədilov familiyası daşıması və Natiqin qardaşı olmasıdır. Belə bir insanı xəbərsiz olduğu cinayətdə ittiham edib günahına girmək ədalətsizlik deyil, zülmdür əslində. Və əmin olun ki, heç bir zülm və haqsızlıq cəzasız qalmaz! Heç bir zalımın hökmranlığı əbədi deyil və hər kəsin hesab ödəyəcəyi bir gün var, şübhəsiz.  

Murad siyasi proseslərə uzaq və yad deyilsə belə, müşahidələrimə görə, inqilabçı ruhlu qardaşı Natiqdən fərqli xarakterli biridir. Siyasi baxımdan onun qədər bərkə-boşa düşmüş biri də sayılmaz. Amma bu günlərdə məni ən çox təsirləndirən bilirsiniz nə oldu: onun həbs olunduğu gündən bəri göstərdiyi sakit və qürurlu davranışı. Həbsini çoxdan gözləyirmiş kimi, qapının tezliklə çalınacağını bilirmiş kimi, hər şeyə hazırmış kimi qəbul etdi Murad öz həbsini. Onun bu davranışı mənə, nədənsə, pensilin dərmanını kəşf edən Alexander Flemingin hekayəsini xatırlatdı.

Şotlandiyada yoxsul bir əkinçi yaşayırdı. Adı Fleming. Günlərin birində tarlada çalışarkən qışqırtı eşitdi. Baxdı ki, yaxınlıqda bataqlığa batmış bir uşaq xilas olmaq üçün çırpınır. Əkinçi qaçıb uşağı bataqlıqdan çıxardı və dediyi istiqamətə yola saldı. Ertəsi gün əkinçinin evinin önünə gələn dəbdəbəli avtomobildən bir adam endi. Xilas olan uşağın atası idi. “Oğlumu qurtardınız, sizə bunun qarşılığını vermək istəyirəm” – dedi. Yoxsul Fleming zəngin adamın mükafat təklifini qəbul etmədi. Bu sırada qapıdan əkinçinin kiçik oğlu göründü. Gələn adam: 

“O zaman səninlə bir razılaşmaya gələk. Oğlunun yaxşı  təhsil almasına yardım etməyimə razı ol. Əgər xarakteri atasına bənzəyərsə, irəlidə qürur duya biləcəyiniz bir adam olar”.  

Beləliklə, evin kiçik oğlu həmin aristokrat adamın dəstəyi sayəsində yaxşı təhsil gördü. Aradan illər keçdi. Həmin oğul Londondakı St. Marys Hospital tibb fakültəsindən məzun oldu. Onun adı dünyada pensilin dərmanını kəşf edən Alexander Fleming olaraq məşhurlaşdı. Bir müddət sonra aristokratın oğlu sətəlcəmə tutuldu. Onu nə qurtardı, sizcə? Pensilin! Həmin zəngin aristokratın adı Lord Randolp Çörçil idi. Oğlunun adi isə Uinston Çörçil…

Bu yazını Murad oxuya biləcək, ya yox, bilmirəm. Amma oxumasını çox istərdim. Istərdim bilsin ki, həyatda təsadüf deyilən bir şey yoxdur. Onun həbsi də təsadüf sayılmaz. Bəlkə də, bu sınaq onun övladları üçün arzuladığı gözəl gələcəyə ən işıqlı qapıları açacaq. Çünki bütün zamanlarda taleyin namuslu insanların qarşısına çıxardığı Çörçillər olub və hər zaman da olacaq!