Gömrük Komitəsində yorğan davası…

Xaricdən yorğan-döşək üzü gətirmək qadağandır…

Moderator.az-a müalicə üçün Irana gedib qayıdarkən Azərbaycanın şanlı gömrükçüləri tərəfindən başına oyun açılan bir şikayətçi müraciət edib. 

Bəlli səbəblərdən adının çəkilməsini istəməyən həmin vətəndaşımız deyir ki, qayıdarkən 4 dəst yorğan-döşək üzü alıb və gömrükdə bunu görən gömrükçülər az qala bomba ilə qarpızı səhv salan polis məmurunun məhşur komediyadakı davranışına oxşar davranış sərgiləyiblər. Çantanın içində həmin dəsti görəndə sanki narkotik maddə və ya silaha baxırmışlar kimi “qardaş, sən neynəyirsən, bəs bilmirsən ki, bunu sərhəddən keçirmək qadağandır” deyə soruşublar. Matı-mutu quruyan vətəndaşımız da özünə gəldikdən sonra soruşub ki, ay başıma dönəsiniz, mənim arvadımdan savayı 4 övladım da var, mən 4 dəst yorğan-döşək üzünü gətirmək üçün kimdənsə icazə almalıyammı?

Dəyərli oxucu, bəlkə də kimlər üçünsə inandırıcı olmayacaq, amma etibarlılığına şübhə etmədiyimiz həmin möhtərəm şəxs deyir ki, işə rəis müavini və rəis qarışsa da, az qala 5 saat gözləməli olub və nəhayət gömrükçülər Bakıyla əlaqə saxlayıb həmin şəxsin kimliyini, peşəsini dedikdən, bunu da yoxlayıb əmin olduqdan sonra icazə alıblar. Vəziyyət elə həddə çatıb ki, rəis üzrxahlıq etmək əvəzinə sənədləri verəndə deyib ki, ay bəxtəvər, sən keçdin, amma kimsəyə demə, yoxsa atamıza od vurarlar.

Moderator.az ölkənin mövcud acınacaqlı reallığını bildiyindən kiməsə müraciət etməkdən vaz keçir, sadəcə olayı ictimailəşdirməklə bir daha hansı ölkədə yaşadığımızı faktlarla ortaya qoyur. Yazıqlar olsun belə məmləkətə… 

Yeri gəlmişkən, gömrükdəki 5 saatlıq ləngimə zamanı qəsdən hay-küy qoparan həmin vətəndaşımıza deyiblər ki, “Gilan” şirkətinin Sumqayıtda fabrikləri gecə-gündüz hər növ parça istehsal edir, zəhmət çəkib ondan almaq lazım, Irana verdiyiniz xeyiri cəfakeş fövqəlgücə verin…