“Amnesty İnternational” insan hüquqları təşkilatı sentyabrın 11-də bəyanat yayaraq iki ay yarımdır Tehranın Evin zindanında saxlanan İran əsilli Böyük Britaniya vətəndaşı Qönçə Qəvaminin azadlığa buraxılmasını tələb edib.
Bəyanatda deyilir ki, Qönçə Qəvami tutulduğu gündən Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanılır, onun vəkili və ailə üzvləri ilə görüşünə icazə verilmir. Bəyanatda Qönçə Qəvaminin dərhal azadlığa buraxılması tələb edilir.
Qönçə Qəvami bu il iyunun 20-də Tehranın “Azadlıq” idman kompleksi qarşısında 50 qadınla birlikdə tutulub. Qadınlar İran və İtaliya voleybol komandaları arasında keçirilən oyunu izləmək üçün idman kompleksinə getsələr də onlara yarış zalına girməyə icazə verilməyib. Qadağaya etiraz bildirən qadınların hamısı tutulub.
İranda qadınların futbol, güləş, voleybol və digər idman yarışlarını yaxından izləmək üçün stadionlara və digər idman komplekslərinə daxil olması qadağandır.