Siyavuş Novruzovun narahatlığı ciddidir

Şahvələd Çobanoğlu 

Siyavuş Novruzovun son açıqlamalarını oxuyub gülürsünüz. Çünki çox gülməlidir. Bunlar istəyir ki, internetdə nəsə yazmaq üçün şəxsiyyət vəsiqənin nömrəsi ilə qeydiyyatdan keçəsən. Yəni dizlərin əssin ki, polis, MTN və neft pulu ilə yaradılan güdükçü dəstələr sənin kim olduğunu bilir və görür.

Təbii ki, bu açıqlama yeni mürtəcə addımların “müjdəsidir”. Azadlıqları boğduqca boğmaq, cəmiyyəti qorxutmaq və susdurmaq üçün hər şeyə əl atırlar. Atacaqlar da. Hətta bu cür absurd, mənasız, müşkül bir işə də əl qoyurlar…

Əvvəla, anonimlik hələ yalnız hakimiyyətin işinə yarayır. Anonim adlarla video yayanlar, mesaj yazanlar, hər cür yalan, böhtan, şantaj əməllərinə qol qoyanlar bu hakimiyyətin arsenalına daxildir. Internetdə, sosial şəbəkələrdə tənqidçi mövqe tutanların əksəriyyəti və çəkili hissəsi açıq, kimliyini gizlətməyən insanlardır.

Başqa bir məsələ də odur ki, texniki olaraq bu məsələ heç nəyi həll etmir. Tutaq ki, kimsə haradansa Siyavuş Novruzovun şəxsiyyət vəsiqəsinin nömrəsini bilib onun adından şərhlər yazdı, bu necə olacaq? Elektron imza sisteminə keçiləcəksə, onda Azərbaycandan olmayanların eyni interaktiv məkanda bizimlə necə müzakirəyə və söhbətə qatılacaq? Axı onların şəxsiyyət vəsiqəsi yoxdur. Hətta Facebook-un rəsmiləri bizimlə əlaqə qura bilməyəcək, çünki onların şəxsiyyət vəsiqəsi bizim hökumətin qeydiyyatından keçməmiş olacaq. Bu qədər absurddur məsələ? Internet platformalar bizim hökumətə bu cür qeydiyyat üçün imkanı necə yaradacaq? Bu, ağlasığmazdır.

Amma Siyavuş Novruzovun dediklərinin nə qədər qəbuledilməz və absurd olmağına baxmayaraq, bu işin çox ciddi bir tərəfi də var; o da Siyavuş Novruzovun və onun təmsil olunduğu hakimiyyətin narahatlığı.

Bunlar durmadan qabaqlayıcı tədbirlər görürlərsə, basqı və məhdudiyyətləri artırırlarsa, deməli, çox narahatdırlar. Narahatlıq üçün isə əsas var və heç bir qabaqlayıcı tədbir işə yaramayacaq. Baxın, son aylar siyasi həbslər baş alıb gedir, həbs olunanlar arasında sırf internet fəalları da var. Qanunların mürtəceləşdirilməsi davam edir. Ictimai fəallıq üçün bütün resurslar tükəndirilir, məhdudiyyətlər artır. Amma cəmiyyətin narazı kəsimi yox olmur. Bu qədər basqılar, uzun illərin repressiyaları cəmiyyəti YAP hakimiyyətinin arzu elədiyi hala gətirmir və hər gün yeni planlar düşünürlər.

Çünki əməllərini özləri hamıdan yaxşı bilir və ən maraqlısı odur ki, hamı da bilir. Ifşalar hər gün baş verir. Mediasız və internetsiz də. Internet də, media da çox köməyə çatır, amma bütün hallarda insanlar gerçəyi bilirlər. Çünki insanlar ayrı ölkədə yaşamır, buradakı həyatın gerçəklərini öz yaşamlarında, öz çiyinlərində görürlər və bu da bəs edir.

Odur ki, Siyavuş Novruzovun narahatlığı ciddidir. Bilir ki, bu xalqa edilənlər ciddiyə alınmalıdır, buna görə narahat olunmalıdır. Bilir ki, nə qədər əzilsə də, istənilən toplum bu cür məşəqqətə görə ayağa qalxmağa fürsəti əldən vermir. Odur ki, irtica addımları artırmaqla bağlı tədbirləri hamıdan əvvəl səsləndirir.

Artıq özlərinə geriyə yol qoymurlar, dayanmaq bilmirlər, çıxış yolunu yalnız təzyiqləri artırmaqda, məhdudiyyətləri çoxaltmaqda görürlər. Amma bu çıxış yoldurmu? Kim bununla çıxış yolu tapa bilib?