Putinə 1 milyard dollarlıq villa tikən arxitektor danışdı

İtaliyalı arxitektor Rusiya prezidenti Vladimir Putinə Qara dəniz sahilində 1 milyard dollara başa gələn villa inşa etdiyini deyir.

Virtualaz.org saytı xəbər verir ki, İtaliyada çox az adamın tanıdığı, Rusiyada isə milyarderlərin və oliqarxların çevrəsində çox məşhur olan Lanfranko Çirillo barədə “La Repubblica” qəzeti yazıb.

Lanfranko Çirillo Rusiyaya 20 il əvvəl mebel fabrikinin təmsilçisi kimi gəlib. İndi o, arxitektordur və milyarderlərin, oliqarxların çevrəsində yaxşı tanınır. L.Çirillo dəbdəbəli, bahalı kvartalda yaşayır və işləyir, ancaq onun malikanəsinin üzərində heç bir lövhə yoxdur. Kim onu tapmaq istəyirsə, bilir ki, bunu necə etmək lazımdır.

“Mən İtaliyadan Rusiyaya 20 il əvvəl mebel firması “Mascagni”nin təmsilçisi kimi gəlmişdim. İndi isə “Forbes”in siyahısına düşən 112 rusiyalı milyarderdən 42-si mənim daimi müştərimdir” – deyə oliqarxların şəxsi arxitektoru fəxrlə danışır.

L.Çirillo deyir ki, Putin özünə villa tikdirməyi qərara alanda ona müraciət etdi. L.Çirillonun Moskvadakı malikanəsinda çar Putinin iki nəhəng portreti asılıb. Onun adı “qara pullar”ın dövriyyəsinə dair bir neçə araşdırmada çəkilib, lakin Çirillo deyir ki, o, özü heç vaxt bu işlərdə fiqurant kimi yer almayıb.

L.Çirillo İtaliya və Rusiyanın Yelkənli İdman federasiyalarının sponsorudur, şəxsi təyyarəsi var və dünyanın bir çox yerlərində 50-dən çox qayığın sahibidir.

“Mənim əlimin altında minlərlə işçi çalışır, onların arasında italiyalılar da var. Və illik dövriyyəm yüz milyonlarla dollardır” – deyə Çirillo italyan jurnalistə bildirir.

Qəzet yazır ki, iki həftə əvvəl Putin ona fəxri vətəndaşlıq verib. Simpatik və özündənrazı Çirillo sakitcə milyonlarla dolları döşəyinin altına yığıb.

“Qara dəniz sahilində “Putinin daçası”nı tikən də məhz odur. Bu villa Berluskoninin Sardiniyadakı malikanəsi ilə rəqabətə girməli idi. Tikinti 1 milyard dollara başa gəlib və bu məbləğin bir hissəsi Lixtenşteyndə Çirilloya bağlı olan Medea Fondunın adına açılan hesablardan ödənilmişdi” – deyə qəzet yazır.

“Mən heç vaxt öz müştərilərimin adını açıqlamıram. Deyə bilərəm ki, “LUKoil” prezidenti Vahid Ələkbərov üçün də apartamentlər inşa etdirmişəm. Bundan artıq heç nə deyə bilmərəm. Sən müəyyən adamlarla işləyirsənsə, gərək dilini dişlərinin arasında saxlamağı bacarasan. Mən villalar tikdirmişəm, bankların interyer dizaynını vermişəm, təyyarələrin salonların qurmuşam və 20 min kvadratmetrlik evlərin içini bəzəmişəm. İki iri neft şirkəti üçün xaricdə nümayəndəliklər, onların prezidentlərinin istirahəti üçün Mayamidə, Dubayda, Parisdə, Londonda, daha haralarda villalar…” – deyə Çirillo danışır.