Hakimiyyət sosial şəbəkələrə hücuma keçir

 

Mehman Əliyev: «Insanlarda özünüsenzura hissini gücləndirmək və qorxu yaratmaq istəyirlər»

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, elektron media ilə bağlı xüsusi tədbirlər görüləcək. O, bu haqda təkliflərin payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacağını deyib:

“Elektron media ilə bağlı müzakirə olunan bir neçə məsələ var. Istər saytlarda, istərsə də sosial şəbəkələrdə istənilən istifadəçi öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib, sonra şərh yaza biləcək. Xarici ölkələrdə bu təcrübə var. Bu gün saytlarda nə qədər söyüşlər, təhqirlər var. Hamısı da müxtəlif saxta adlarladır. Bu, həm də digər oxucuların etiket qaydalarının pozulmasına gətirib çıxarır. Bəzən də şəxslər buna görə müsahibə verməkdən imtina edir”. 

Siyavuş Novruzovun dediyinə görə, məlumatın yayılması ilə bağlı məsuliyyəti isə ilkin mənbə daşıyacaq: “Ilk olaraq dezinformasiyanı kim veribsə, o, məsuliyyətə cəlb ediləcək. Çünki başqaları deyir ki, mən ona istinadən vermişəm. Bundan başqa, ilkin mənbələrin yayılan informasiyanı sonradan silmə halları da var. Bunun da həlli üçün uyğun variant tapılacaq və qanunvericilikdə öz həllini tapacaq”.

Komitə üzvü dəqiqləşdirilməmiş məlumat yayan media orqanının külli miqdarda cərimələnəcəyini bildirib: “Biz məsələ qaldıracağıq ki, KIV haqda qanuna da dəyişiklik edilsin. Belə hallarda dəqiqləşdirilməmiş məlumat yayan media orqanı külli miqdarda vəsait və digər vasitələrlə cəzalandırılacaq. Parlamentin builki payız sessiyasında bu məsələ qaldırılacaq. Bununla da təxribat xarakterli, dəqiqləşdirilməmiş məlumatların qarşısı alınacaq”.

Bu gün sosial şəbəkələr cəmiyyətdə çox aktualdır və hakimiyyətin bu məkana müdaxilə etmək imkanları məhduddur. Hakimiyyətin siyasətinə qarşı tənqidi münasibətlər də, məhz sosial şəbəkələrdə ifadə olunur. Ancaq təhqirlərə gəlincə, bu işlə hökumətyönlü saytlar məşğul olur. Bir neçə saytlar var ki, dayanmadan müxalif fəallara qarşı təhqirlər səsləndirir, müxtəlif qeyri-etik fotolar paylaşılır, insanların şərəf və ləyaqətinə toxunulur. Ölkədə qanunlar işləsə, hüququn gücü olsa, belə qadağalar ilk növbədə hökumətin müdafiəsini təşkil edən portallara yönələrdi.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, səslənən fikirlər özünə senzuranı gücləndirmək və qorxu yaratmağa hesablanıb: “Mən dünyada belə bir praktikanın olması haqda eşitməmişəm. Ancaq bura Azərbaycandır və burda hər şey ola bilər. Sadəcə olaraq insanlarda özünü senzuranı gücləndirmək, sosial şəbəkələrdəki müzakirələrdən insanları çəkindirmək cəhdidir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində özünüsenzura onsuz da güclüdür. Ancaq hakimiyyət konkret maddələrə istinad etməklə, insanları qorxu altında saxlamaq istəyir”.

Akif