Buynuz

Natiq Güləhmədoğlu natnetaz@gmail.com

Bu rəvayəti çoxumuz eşitmişik. Isgəndər Zülqərneyn təpəsində buynuz varmış. O, bunu hər vəchlə ətrafından gizlədərmiş. Sirrinin faş olmaması üçün başını qırxan hər dəlləyi işini görüb qurtarandan sonra öldürərmiş. Beləcə, o, buynuzunun badına bütün dəlləklərin axırına çıxır, naəlac qalıb kənardan bir çoban gətirdib saçlarını qaydasına saldırır. Çobanı öldürmür, sadəcə, ondan vəd alır ki, bu sirri özü ilə qəbrə aparacaq.

Çoban gedir, ancaq sirr onu rahat buraxmır. Aqillər ona tövsiyə edir ki, sirr onu rahat buraxmırsa, bir boş quyu tapsın və xəlvətcə gedib sirri ora desin, rahatlaşacaq. Çoban belə də edir, bir köhnə quyu tapıb ora üç dəfə  “Isgəndərin buynuzu var, buynuzu” deyir. Quyudan qarğılar çıxır, qarğıdan kim tütək düzəldib çalırsa, bu sədanı eşidir: “Isgəndərin buynuzu var, buynuzu!”

Rəvayətdəki hikməti Azərbaycan hakimiyyətini idarə edənlərin anlamasını çox istərdim. Ona görə ki, bunu anlasalar, nə özlərini dünya və yerli ictimaiyyət qarşısında hörmətsiz edərlər, nə də boş yerə insanlara əzab verib onları incidərlər.

Söhbət nədən gedir?

Son vaxtlar aparılan və davam etməkdə olan həbslərin səbəbi kimi, çoxları gələn il keçiriləcək Avropa Yay Olimpiya Oyunlarını və parlament seçkilərini göstərir. Bu həbslər guya, onun üçündür ki, hakimiyyət Avropa Olimpiya Oyunlarında 2012-ci ildə “Eurovision” vaxtı keçirdiyi əzabları bir də yaşamasın. Yadınızdan çıxmayıbsa, o vaxt müxalifətin bir-iki aksiyasına görə hakimiyyətin hikkəsi yerə-göyə sığmırdı. Əli Həsənov o vaxt “bunlar (müxalifət) yüz ildə Azərbaycan dövlətinə (əslində, hakimiyyətə) vurmadığı ziyanı vurdu” deyərək, ictimaiyyəti müxalifətə, azad fikirli QHT təmsilçilərinə qarşı faktiki linç kampaniyasına çağırmışdı.

Ictimaiyyət bu çağırışı vecinə almadığından dövlət özü indi bu işi görməkdədir. Beləliklə, hakimiyyət dayaz düşünərək belə hesablama aparıb ki, guya, Azərbaycandakı seçki biabırçılığından, sosial həyatın ağırlığından, dövlətin kriminallaşmasından ortada olan fəallar danışmasa, onlar avtomatik dönüb olacaq, buynuzsuz!

Bədbəxtçilik! Tarixdən ibrət almamaq nadanlığı!

Internet əsrində, hər tərəfin “quyu”larla dolu olduğu bir çağda insanların ağzını necə bağlamaq olar? Hətta bağlasanız belə, axı lal sükutun özü də Azərbaycanla maraqlananlar üçün çox söz deyəcək.

Azərbaycana o oyunlar zamanı gələcək jurnalistlər sizin əlquzusuna döndərdiklərinizdən deyil ki, bir-iki tikə kababla onlara istədiyinizi yazdırasınız, yaxud hədələyib qorxudasınız. Peşəkar jurnalistlərin qabiliyyəti çatacaq ki, siz o vaxta qədər, hətta bütün siyasi partiya fəallarını türməyə doldursanız da, bu ölkədə kimin gününün xoş, kimininkinin naxoş olduğunu üzə çıxarsınlar.

“Nazimlə (Hikmət) son söhbət” kitabında şairin həyat yoldaşı Vera Misirə səfər xatirələrini yazır. O zaman Misir prezidenti Ənvər Sədat onları qonaq dəvət edibmiş və təbii ki, onlar hər cür komfortla əhatələnibmiş. Ancaq Nazim dərk edir ki, onların gördüyü Misir əsl Misir deyil. Çünki onları əl çalmaqla əhatələyən insanların gözləri onlara başqa söz deyirmiş. Buna görə şair gecələr gizlicə taksi tutub birbaşa xalqın içinə gedir, onların dərdini dinləyirmiş.

Bu, bir nümunə idi. Yəni, insanın xəbərə canatımı varsa, onun qabağını, hətta Ənvər Sədat kimi tiran da ala bilmir.

Eyni şeyi bizi sonuncu Iran şahı Rzanın arvadı Fərəh Pəhləvinin “Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adlı memuarından da görə bilərik. Iran şahlığının iki minilliyini təntənəli şəkildə Peropolisdə qeyd edən rejim dünya mətbuatının onlar barədə yazdıqlarından təngə gəlir. Nəzərə alın, bu, o zaman idi ki, faktiki olaraq Iranda azad mətbuat, siyasi partiyalar yox həddində idi.

Xülasə, gec deyil, işdi bu həbsləri, qaçhaqovları “buynuzunuzu” gizlətmək üçün edirsinizsə, səhv yoldasız. “Isgəndərin buynuzu var, buynuzu” deyəcək qarğı-qamışlarla bacarmayacaqsınız. Odur ki, bəlkə bir az düşünəsiz…