Səid Nuri Azərbaycandan deportasiya olundu

Hakimiyyət ABŞ vətəndaşını ölkədən çıxarmazdan əvvəl ona qarşı iyrənc təxribat həyata keçirdi

Keçmiş müxalifət fəalı, hazırda ABŞ vətəndaşı olan Səid Nuriyə qarşı iyrənc təxribat baş verib. Sosial şəbəkələrə onun intim həyatı ilə bağlı foto və video material yerləşdirib. Səid Nuri baş verənləri Azərbaycan hakimiyyətinin ona qarşı çirkin kampaniyası adlandırıb.
O, “facebook” səhifəsində yazıb ki, bununla bağlı heç bir narahatlığı yoxdur. “Ötən ilin may ayında mən rəfiqəmlə Azərbaycana gəlmişdim. Bizim münasibətlərimiz sirr deyildi. Görünür, hakimiyyət bu yolla mənə təzyiq göstərməyi qərara alıb”, – deyə Səid Nuri bildirib.
O, Turan-ın müxbiri ilə söhbətində deyib ki, kadrlar Içəri Şəhərdəki otellərdən birində çəkilib.
Səid Nuri onun adından bu kadrların guya Moskvada çəkilməsi və bunun arxasında Rusiya xüsusi xidmətlərinin durması haqqında KIV-ə göndərilmiş məlumatları təkzib edib. “Bütün bunlar yalandır”, – deyə o bildirib.
Axşam saatlarında isə məlum olub ki, Səid Nuri Azərbaycandan deportasiya edilir. O, özü bu barədə “facebook” səhifəsində yazıb. “Gecə ilə Azərbaycanı tərk etməliyəm və bir daha ölkəyə qayıtmamalıyam”, – deyə Səid Nuri bildirib.
Xatırladaq ki, xəstə atasına baş çəkmək üçün Bakıda olan Nuri bir həftə əvvəl ölkədən buraxılmırdı. Sonradan prokurorluq Nurinin bir sıra QHT-lərə qarşı cinayət işi üzrə şahid qismində keçdiyini və ifadə verməli olduğunu bildirdi.
Səid Nurinin bu işə necə aidiyyatı ola biləcəyi aydın deyildi, çünki o, artıq 8 ildir ki, ABŞ-da daimi yaşayır.