Ölkəmizin ən böyük problemlərindən biri də monopoliyadır – inhisar. Heç kimə sirr deyil ki, Azərbaycanda daşınan və daşınmayan hər şey monopoliyadadır. Həm də yüksək çinli məmurların monopoliyasında. Şadlıq evlərindən , şadlıq evlərində süfrəyə qoyulan banandan, qara kürüdən tutmuş, hüzür mərasimlərində süfrəyə qoyulan xurmayədək. Hüzür demişkən, hətta qəbiristanlıqlardakı qəbirlər belə ölü yiyəsinə satılır və hər qəbirstanlıq rəhbəri “yuxarılara” aylıq plan verir. Bir çoxlarınıza qəribə gəlsə də, deyim biləsiniz ki, ölkədəki nəzir qutularının da öz yiyəsi var. Yəni ağıla gələn və gəlməyən nə varsa hamısı “yurxarılar”ın nəzarətindədir. “Səfillər”də belə bir cümləyə rast gəlmişdim. “Yıxılın, günah edin. Amma ədalətli olun!” Və özümə söz vermişdim ki, ədalətsiz olmayacağam, haqsız danışmayacağam. Əksinə ədalətsizliyə daima qarşı çıxacağam. Amma yazını bir daha gözdən keçirəndə gördüm ki, yuxarıda “Hər şey yuxarıların nəzarətindədir” yazmışam. Əslində isə bu ifadəni işlətməklə haqsızlıq etmişəm. İcazə verin səhvimi dərhal düzədim. Bu ölkədə ən gəlirli sahələr “yuxarılar”ın nəzarətindədir. Amma “yuxarılar”ın yuxarıdan aşağı baxdığı bizlərin – müxalifətçilərin də nəzarətində olan çox şey var. Məsələn, Cinayət məcəlləsinin 234, 274, İnzibati Xətalar Məcəlləsinin 310, 298, 296-cı maddələri müxalifətə məxsusdur. Bu maddələr bizim nəzarətimizdə olduğu üçün cənab prezidentimiz də “humanist” addım ataraq, Kürdəxanı təcridxanasını, Binəqədi təcridxanasını da bizim nəzarətimizə verib. Bizə bu şəraiti yaratdığı üçün cənab prezidentə ayrıca təşəkkür edirəm. Əminəm ki, Azərbaycan gəncliyi prezidentin bu xidmətini heç vaxt unutmayacaq. Məsələn, bir necə gün əvvəl Brazilya həbsxanaları ilə bağlı bir məqalə oxudum. Sən demə Braziliyada oxuyub bitirdiyi hər kitaba görə dustağın cəzasından 4 gün azaldılır. Beləliklə dustaq azadlıga cıxanda cəmiyyət ücün daha yararlı biri olur. Bu qanun bir başqa formada artıq 21 ildir ki, bizdə də tətbiq olunur. Həm də bizdəki üsul daha effektlidir. Məsələn, bu yaxınlarda cənab prezident daha bir neçə savadlı hüquqşunası, intellektli, savadlı gənci öz nəzarətimizdə olan Kürdəxanıya ezam etdi. Bunun nəyi pisdir ki? Biri var dustaq hüquq haqqında kitab oxuya, biri də var İntiqam Əliyev kimi bir hüquqşunasla illərlə canlı ünsiyyətdə ola. Biri var hansısa bir dustaq fəlsəfə oxuya, siyasətlə maraqlana,biri də var Seymur Həzidən dərs ala. Hansı üsul daha effektlidir? Əlbbətt də Azərbaycanda tətbiq olunan üsul. Deməli biz inhisarımızda olanları belə millətin gələcəyi üçün inhisarımızda saxlayırıq və şəxsən mən bir monopolist kimi işimlə fəxr edirəm!
Türkel Azərtürk


