Xaliq Bahadır xanbahadir@mail.ru
Bugünlərdə “Azərbaycan Respublikası prezidenti” adına daha bir gurultulu “müşavirə” keçirildi. I.Əliyev bir çox başqa çıxışlarında olduğu kimi, bu çıxışında da olmayan olacaqlardan danışır: “Azərbaycanda bütün fundamental azadlıqlar – toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir”. PA başçısı R.Mehdiyev bu deylənlərin yalan olduğunu, başqa cür desək, “prezident” adlanan adamın yalan danışdığını konkret faktla ortaya qoydu: o, ölkədə müxalifət adına bircə dənə qəzet qaldığını dedi – “Azadlıq” qəzeti. Müxalifət adına bütün söz qurumlarının satın alındığı, qapadıldığı ölkədə hansı “fundamental azadlıqlardan – toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqlarından” danışmaq olar? Axı, bu, xalqı aldatmaq, xalqa kələk gəlməkdir.
Ölkədə ifadə, media azadlıqları varsa, nə üçün bütün televiziyalar bir ailənin – Əliyevlər ailəsinin nökəri-lakeyi-qulluqçusu rolunda çıxış edir? Çoxsaylı qəzetlər, saytlar da eləcə. I.Əliyev bəlli “müşavirə”də deyir: “Məlum olduğu kimi, Azərbaycan demokratiya dəyərləri əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçən və bu yolda inamla irəliləyən bir ölkədir”. Çox gözəl, olsun, ancaq… yalansız! Burada yalan fontan vurur, daha çox da sifarişi birbaşa I.Əliyevdən gələn indiki bəlli repressiyalarla bağlı. Sondan, yurddaş toplumundan (I.Əliyevin ərəb dilində – vətəndaş cəmiyyəti…) başlayaq. Bu gün ölkədə I.Əliyevin birbaşa tapşırığına uyğun olaraq yurddaş toplumu çeşidli repressiyalar yoluyla darmadağın edilir. Nə üçün? I.Əliyevin özünün korrupsiyanı, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirdiyi ölkədə getdikcə güclənən yurddaş toplumu alternativ güc faktoruna çevrilməkdə idi. Bu isə özlüyündə hakimiyəti bundan belə də uzun illər əldə saxlamağı çətinləşdirirdi.
Elə bu baxımdan da Azərbaycanda uzun illər (1993-dən bu yana) “bütün fundamental azadlıqları – topşaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqlarını təmin etmək” adı altında darmadağın etmək siyasəti yürüdülüb, yürüdülür. Bu siyasətlər içindəcə bildirilir: “Bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir”. Görəsən, bu “funksional demokratik təsisatlar” hansılardır? Bəlkə, Gülər Əhmədova kimilərinin yaxından yardımı ilə rüşvət-korrupsiya bazasında yaradılan “parlament?” Bəlkə, “baş naziri” yüz ilin hamıya bəlli dilsiz-ağızsız, işsiz-gücsüz Artur Rəsizadəsi olan “Nazirlər kabineti?” Bəlkə, ƏDALƏT adına antiədalət qurumuna çevrilmiş “Ədliyyə nazirliyi?” Bəlkə, bütünlüklə buyruq quluna çevrilmiş, alver yuvasına dönüşmüş məhkəmələr?
Bəlli çıxışdan daha bir alıntı: “Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq”. Çıxışı başdan ayağa, ayaqdan başa oxuyursan, nə görürsən? Gerçəklikdə olmayanlar! Gerçəklikdə olan Azərbaycanda demokratiyanın, demokratik quruluşların darmadağın edilməsidir. Belə yerdə qanunun “aliliyindən” danışmaq özü qanunları ayaq altına atmaq deməkdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı”- başdan ayağa ərəb-fars sözlərilə dolu olan bu “sərəncam” bilirsiz haçaq verilib? 2013-cü ilin aprelində. Üstündən bir ildən çox keçməsinə baxmayaraq, bu “sərəncam” hələ də yerinə yetirilməmiş qalır. Budur I.Əliyevin “hüquqi dövlət” dediyi, “qanunun aliliyi” kimi yalanlara bürüdüyü ölkə. “Müvəffəqiyyət” yerinə uğur, “müşavirə” yerinə yığıncaq, “qanunun aliliyi” yerinə qanunun üstünlüyü, “hüquqi dövlət” yerinə hüquq dövləti deməli olduğunu bilməyən prezident kimliyindən asılı olmayaraq, hüquqa yad kimsədir – özü öz qanunlarını belə tapdadığına görə!