Elm arxasınca hara qədər getmək olar?

Səadət Cahangir

Füzuli yalnız bir könül adamı olduğuna görəmi “elm qeylü-qal imiş” demişdi, yoxsa çevrəsində elmin beş quruş dəyəri qalmadığına görəmi, dəqiq söyləmək çətindir. Amma günümüzlə bağlı dəyərləndirmə aparsaq, şairin sözləri lap yerinə düşür. Bu ölkədə elmin necə qiymətləndirildiyinə dair ən parlaq dəlil elm adamlarının acınacaqlı həyatıdır. Onların aylıq maaşı, elmi işlərinə yaradılan imkanlar, mühüm nailiyyətlərinin təcrübi sınaqları ilə bağlı problemlər böyük bir mövzunun söhbətidir, şübhəsiz. Bəlkə də, çoxunuz heç olmasa bir dəfə özünüzə bu sualı vermisiniz: “Ölkədə elm arxasınca gedən insanların sayı niyə gündən-günə azalır?”…

Cavab üzərində baş sındırmağa ehtiyac yoxdur, əslində. Illərlə çalışıb-vuruşub bir sahədə ölkə üçün, hələ bəlkə dünya üçün qiymətli nailiyyətlər əldə etmiş fikir adamı sonrakı mərhələdə o uğurlarını gerçəkləşdirə bilmədiyinə görə vicdan əzabı çəkmək istəmir, sadəcə. Hələ onun yoxsulluq içində çırpınıb, illərlə boşuna zəhmət çəkdiyini düşünərkən özünü lənətləməsi bir başqa ağrılı məsələdir. Və görünən acı gerçəklik: bu ölkədə əqli mülkiyyət sahibinin öz intellektini reallaşdırıb əsaslı şəkildə meydana çıxara biləcəyinə heç bir ümidi yoxdur. Doğrudur, indi dünyaya qapılar açıqdır və elm arxasınca “Çinə getmək” yolları daha asanlaşıb. Lakin o mərhələyə qədər gəlinəcək yol var axı, məgər ölkədən-ölkəyə gedib elmi araşdırmalar aparmaq hər kəsə nəsib olan işdir?

Türkiyənin məşhur Şirincə kəndində Matematik köyü(Riyaziyyat kəndi) deyilən bir yer var. Bu, dünyada bir çoxlarının qiyamət günü yeganə salamat qalacaq məkan  olacağına inandığı Şirincədir ki, Izmir şəhərində yerləşir. Matematik köyü isə tam olaraq elm və təhsil proqramlarının həyata keçirildiyi bir düşərgədir. Ideyanın müəllifi məşhur türk yazıçısı Əziz Nesin olub. Kənd onun vəsiyyəti ilə Nesin vəqfi əsasında qurulub. 2007-ci ilin may ayında 5,5 hektarlıq ərazidə qurulan kənddə riyaziyyat və yaxın elmlərlə bağlı çalışmalar, dərslər, seminarlar və düşərgələr təşkil edilir. Buradakı proqramlara qoşulanlar xüsusi sənəd və diplom qazanmasalar da, böyük təcrübə məktəbi keçmiş olurlar. Layihələrdə həm orta məktəb şagirdləri, həm də universitetə hazırlaşanlar üçün proqramlar nəzərdə tutulur. Düşərgədə təşkil olunan universitetə hazırlıq kurslarının nəticələri hər dəfə özünü böyük uğurları ilə doğruldur.

Bəli, əsas problem buradadır. Bizdə bir yazıçının adına elm kəndi qurub, orda müstəqil olaraq bənzər işlər aparmağa icazə verərlərmi? Əsla. Əslində isə, böyük elmi uğurların əsası yerində qoyulmalıdır. Biz elmə yad millət-filan deyilik. Necə olur ki, zamanında bir işıq ucu tapıb xarici ölkələrə çıxmış alimlərimiz böyük-böyük uğurlara imza atır, amma burada ən istedadlıları da batırıb yox edirlər. Şəxsən tanıdığım belə alimlərdən biri – dünya riyaziyyat elmində mühüm uğurlar qazanmış Azər Kərimov haqqında dəfələrlə yazmışam. Bilkənd Universitetinin professoru olan bu həmyerlimizin sorağı gənc yaşlarından uzaq diyarlardan gəlir. Amma onunla bağlı yazanda həmişə bu sual keçib ağlımdan: “Burada qalsaydı, nə qədər irəli gedə bilərdi, görəsən?”

Xülasə, münbit mühit və yaradıcılıq azadlığı olmayan yerdə, elm adamının nəinki telefon, radio, kompüter, hətta açarlıq, dabankeş, üskük kəşf edə biləcəyi belə sual doğurur. Elm arxasınca uzaqlara getmək hər kəsə nəsib olmayan böyük bir yolçuluqdur. Ancaq yola çıxmaq üçün öncə bağlı qapılar açılmalıdır. Bizim qarşımızı kəsən əsas əngəl o qapılardır…