Azərbaycanın kürü diplomatiyası Hollivudu da fəth edib
Azərbaycanın diplomatiya ənənələri bütün tanınmışlara münasibətdə tətbiq edilir. İlk dəfə Qərb mətbuatı belə bir sirr açmışdı ki, Azərbaycan diplomatiyasının bel sütunu Xəzər nərəsinin kürüsüdür. Bu kürü vasitəsilə bizim diplomatlar Avropa və Amerika siyasətçilərini ovlayır və Azərbaycandakı avtoritar rejimə qarşı loyal münasibət peyvənd edirlər.
Bugünlərdə isə tanınmış Hollivud aktyoru, məşhur “Agent 007” serialının qəhrəmanı Ceyms Bond rolunun ifaçısı Pirs Brosnan da Azərbaycanda kürünün misilsiz rolunu qeyd edib. O deyib ki, Azərbaycandakı çəkilişlər zamanı onu kürü dənizinə qərq ediblər.
Moskvada “Noyabr adamı” filminin təqdimat mərasiminə qatılan Brosnan bir vaxtlar Bakıda necə qarşılanıb-yola salınmasından da danışıb:
“Xatırlayıram ki, bazar ertəsi günü yuxudan oyandım, həyat yoldaşım ilə sağollaşaraq Azərbaycana getdim. Yadımdadır ki, orada hər yerdə neft buruqları gördük, bu mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox isti qarşıladılar. Azərbaycandan çoxlu kürü hədiyyəsi ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram”.
Ceyms Bondun Bakıdakı əməliyyatlarından bəhs edən film “Bir dünya da azdır” adlanır.