Partlayışa görə məsuliyyət daşıyan qurumlar nədənsə prokurorluğun diqqətindən kənarda qalıb
Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluq Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində partlayış baş verib.
Aparılmış xilasetmə tədbirləri nəticəsində 8 nəfər – binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü Ismayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri – 1972-ci il təvəllüdlü Ibrahimova Mətanət Elbrus qızı, 1999-cü il təvəllüdlü Ismayılova Aygün Vidadi qızı, 2001-ci il təvüllüdlü Ismayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü Ismayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına, Bakı Mərkəzi Klinik xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onlardan yeddisinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, bir nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.
Hadisə zamanı 3 nəfər – 1968-ci il təvəllüdlü Abbasova Ifayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından çıxarılsalar da partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-Istintaq Idarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Partlayışın qaz sızmasından baş verdiyi bildirilsə də, hələ istifadəyə verilməmiş binaya hansı əsasla qaz verilməsi məsələsinə aydınlıq gətirilmir. Yəni, əslində baş verən hadisə vəzifə səhlənkarlığı nəticəsində baş verib. Və bu işə görə görə konkret olaraq “Azəriqaz” və FHN məsuliyyət daşıyır. Lakin bu qurumlar məsuliyyəti öz üzərindən atır. Görünür, prokurorluq üçün də adıçəkilən qurumları istintaqa cəlb etmək asan deyil.