Ramiz Mehdiyev – Kürdəxanı tərcihləri

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com

Başağrısı olsa da, yazıma bir neçə il əvvəl başıma gəlmiş bir əhvalat ilə başlamaq istəyirəm. Evə gələndə həmişə üstümə atılıb boynumu qucaqlayan qızım ilk dəfə olaraq mənə qarşı aqressiv davranmağa başladı. Hətta mənə bilgisayar olan otağa keçməyi özünəməxsus şəkildə qadağan etdiyini bildirdi. Dərhal bir daha əməl edəcəyimi bildirdim ki, heç olmasa aramızda olan buzları əridə bilim. Nə baş verdiyini isə, sonradan anladım…

Qızım mənim bilgisayarımı tanınmaz hala salmışdı, klaviaturanın düymələri tamamilə sökülmüş, ekran isə qırmızı rəngə boyanmışdı. Uzun sözün qısası, 4 yaşlı uşaq nə bacarmışdısa, onu da eləmişdi. Mənə yalnız onu düşdüyü bu psixoloji vəziyyətdən çıxarmaq lazım idi…

Yəqin siz də Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin aparıcı (olsun – X.Ə.) kütləvi informasiya vasitələri ilə görüşündən sonra nələr baş  verdiyinin fərqindəsiniz. Görüşdən (“stanok”dan – X.Ə.) çıxan bəzi KIV rəhbərləri hazırda özlərini deşifrə edilmiş rezidentlər kimi hiss etməyə başlayıblar. Guya heç kim buna qədər heç nə bilmirdi…

Söhbət nə “Səs”, nə “Yeni Azərbaycan” nə də ki, “APA hoildinq”dən gedir. Söhbət, heç görüş zamanı mışıl-mışıl yatan müdafiə nazirliyinin mətbuat xidməti rəisindən də  getmir. Yeri gəlmişkən, Allahdan diləyək ki, MN-in yeni mətbuat xidməti rəisini bəd nəzərlərdən qorusun. Yatanda da üzündən qələbə yağır. Nə isə…

Görüşdən sonra, səhifələrində ölkədə baş verən qanusuzluqları icra başçısının müavinlərində, “JEK” müdirlərində, şou-biznes əhlində görən qələm əhli türklər demiş, “açığa” çıxdılar. Və görün neylədilər?

Əvvəlcə Ramiz Mehdiyevlə görüşə çağrılmayanlara saldırdılar. Onları, dəqiq desək, bizi, “Azadlıq” qəzetinin kollektini Ramiz Mehdiyevin “uşaqları” olmamağımıza görə ittiham etdilər. Bığlı, saqqallı bir “uşağ”ın (baş redaktorun – X.Ə.) qardaşı, “abi”sinə bu cür təskinlik verirdi. 

Başqa vaxt, yəni Ramiz Mehdiyevlə görüşə qədər bu sayıqlamalara bəlkə də cavab vermək olardı. Lakin indi vəziyyət elədir ki, gərək işini-gücünü atıb, eyni cavabı 50-dən çox qəzetə verəsən. O biriləri inciyə bilər.  

Ramiz Mehdiyev özünü cəmiyyətə bu günədək müstəqil qəzet, müstəqil politoloq, müstəqil QHT kimi təqdim edənlərə bir istiqamət, bir hədəf göstərdi – müstəqil mətbuat və real müxalifət. 

Əlbəttə, bu heç də hamının ürəyincə olmadı. Illər boyu ortada yeyib, qıraqda gəzən, özünü zorla cəmiyyətə azad mətbuatın nümayəndəsi, müstəqil politoloq, QHT rəhbəri kimi sırımaq istəyənlər xəyal qırıqlığına uğradı. Ən azı susmaq əvəzinə, rejimin iradəsindən kənarda fəaliyyət göstərənlərə qarşı bu qədər aqressivlik heç bir etik çərçivəyə sığmır. Onlar düşünürlər ki, kimlərisə gözdən salmaqla hansısa status-kvonu bərpa edəcəklər. Onların uğursuz taktikasını təxminən bu cür xaraktrizə etmək olar. Beləliklə, onlar demək istəyirlər ki, bəli, biz bu günə qədər bəzən gizli, bəzən isə açıq şəkildə iqtidarın uşaqları rolunu oynamışıq, lakin bizdən fərqli olaraq siz bunu bacarmırsınız. Yəni belə çıxır ki, biz istəyirik, amma iqtidarın uşaqları rolunu oynaya bilmirik. Yəni bizə baxıb, ürəyimizdən keçənləri oxuyurlar. Loru dildə desək, bu arqument bu cür səslənər: “”Azadlığ”ın şərlənərək həbs edilən yazarı Seymur Həzinin etiraf ərizəsi yazmağı bacarmır, amma istəyir”. Absurddur, deyilmi? Razılaşın ki, mənim bigisayarı sındıran qızımın özünümüdafiəsi daha məntiqli idi…

Son bir ayda Əliyev rejimi, Seymur Həzi, Intiqam Əliyev, Leyla Yunus başda olmaqla müxalifət və hüquq müdafiəçilərinin, eləcə də ictimai çəkisi olan ziyalıların kütləvi şəkildə həbsini reallaşdırdı.  

Yazımı “Yeni Müsavat” qəzetində (seçim təbiidir, oxşar yazını “Səs”, “Paralel”, “Kaspi”dən də götürmək olardı – X.Ə.) bu haqda yazı dərc olunmuş, – “Müxalifət ”zakrıt”, vse uşli v fasebook” yazısı ilə bitirmək istəyirəm. 

“Yeni Müsavat”ın Azərbaycanın mənəvi sərvəti sayıla biləcək bu insanların həbsinə bu qədər ironik yanaşmasında təəccüblü heç nə görmürəm. Mənə bir az təəccüblü gələn…  “araşdırması” ilə yazıya qaz verən Elxan Şahinoğlu adlı “politoloq”da gedən sürətli dəyişiklikdir. Deyir ki, “müxalif fəalların əksəriyyətinin günü kompüter arxasında status, rəy yazmaqla keçir”. Açmasını mən deyim: “Niyə icazəsiz mitinqə çıxmırsınız”… 

Bunlara baxanda rejim bir az insaflıdır, müxalifəti tədricən Kürdəxanıya toplamaq istəyir…