Təmtəraqlı yas mərasimlərinə qarşı mübarizə aparanlar dövlət vəsaitlərinin havaya sovurulmasına göz yumur
Son günlərin ən çox müzakirə olunan mövzularından biri, bəlkə də birincisi yas mərasimlərində yol verilən israfçılıqdır. Hakimiyyət yas mərasimlərində israfçılığın qarşısını almaq üçün inzibati üsullara üstünlük verir. Artıq əyalətlərdə yerli icra strukturlarının yas mərasimlərinə kobud müdaxilələri ilə bağlı xəbərlər gəlir.
Hər şəhər və rayonun rəhbərliyi problemə qarşı öz bildiyi qaydada “mübarizə” aparır. Hansısa icra başçısı ümumiyyətlə yas mərasimlərini dağıdır, hansısa cərimələr tətbiq edir və s. Təmtəraqlı yas mərasimlərinin keçirilməsinə haqq qazandırmaq niyyətimiz yoxdur. Israfçılığın əleyhinəyik. Lakin bununla yanaşı yas mərasimlərinə kobud müdaxilənin də yolverilməz olduğunu hesab edirik. Hər halda yas mərasimləri dövlət büdcəsindən ayrılan vəsait hesabına təşkil edilmir ki, oradakı israfçılığa qarşı bu sayaq mübarizəyə zərurət yaransın. Digər tərəfdən gələn xəbərlər göstərir ki, fürsətcil məmurlar bu məsələdən qazanc mənbəyi kimi istifadə etməyə meyllidirlər.
Başqa bir məqam isə hakimiyyətin ümumiyyətlə israfçılıq məsələsində səmimi olmaması ilə bağlıdır. Israfçılıq təkcə yas mərasimlərində deyil, toylarda da müşahidə olunur. Amma nədənsə bu hakimiyyətin diqqətindən kənarda qalıb. Bəlkə səbəb şadlıq saraylarının məmurlara məxsus olması ilə bağlıdır? Bundan başqa bahalı qəbir daşları barədə danışan da yoxdur. Çünki mərmər biznesi yenə də hansısa məmurun nəzarətindədir. Ən əsası isə hakimiyyət dövlət pullarının xərcləməsində israfçılığa yol verir. Məsələn, 1.5 milyon dollara başa gələn yola 23 milyon dollar sərf edilir. Bu fakt hətta WikiLeaks saytının yaydığı məxfi sənədlərdə əksini tapıb. Başqa bir fakt: Avropa Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan 65 min nəfərlik stadionun tikintisinə 650 milyon manat ayırlıb. Iqtisadçıların hesablamalarına görə bir oturacağın qiyməti 1000 manata düşür. Bu qədər israfçılıq nəyə lazımdır, hökumət bunu izah etsə yaxşı olar. Daha bir fakt prezidentin tibb personalına ayrılan vəsaitlə bağlıdır. Təsəvvür edin, ümumilikdə səhiyyə sahəsinə 200 milyon manat ayrıldığı halda, prezidentin tibb personalına 64 milyon manat ayrılıb. Yaxud Xalq Tətbiqi Sənəti Muzeyinin təmirinə 60 milyon manat ayrılması israfçılıq deyilmi? Musiqili Komediya Teatrı ilə də bağlı maraqlı fakt var. Bu teatr 7 ildə 3 dəfə təmir olunub və buna 42 milyon manat ayrılıb. Qəbələdə kiçik bir mədəniyyət evinin təmirinə isə 8.5 milyon manat ayrılıb. Tofiq Bəhramov adına stadionun təmirində də israfçılıq fontan vurur: 80 milyon. Bu azmış kimi indi də 400 min manat ot örtüyünə veriləcək. Biz hələ gül bayramlarına ayrılan pulları demirik. Elə ötən il bu bayrama 30 milyon manatdan artıq vəsait ayrılıb. Əlbəttə ki, bu israfçılığın kökündə korrupsiya dayanır. Amma hər halda təmtəraqlı yas mərasimlərinə qarşı mübarizə aparanlar dövlət vəsaitlərinin havaya sovurulmasından danışsa yaxşı olar.
Akif