Azərbaycana İŞİD xəbərdarlığı

Avropa İnstitutuna görə, İŞİD artıq Azərbaycanla bağlı planlarını gizlətmir

Sülhəddin Əkbər: «Beynəlxalq əməkdaşlıq olmasa,  Azərbaycan dövlətinin təkbaşına İŞİD kimi terror təşkilatı ilə mübarizəsi yetərsizdir»

Dünya gündəmini zəbt edən İŞİD terror təşkilatının Azərbaycan üçün də böyük təhlükəyə çevrildiyi barədə istər ölkə, istərsə də xarici mətbuatda kifayət qədər məlumat dərc olunub. Terror təşkilatının tərkibində vuruşan azərbaycanlıların da olması Azərbaycanın müvafiq strkturlarını hərəkətə gətirməli siqnaldır. İŞİD-in Azərbaycana yaratdığı təhlükəıləri bu dəfə Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson gündəmə gətirib. O yazdığı məqalədə qeyd edir ki, İŞİD artıq Azərbaycanla bağlı planlarını gizlətmir və  bu ölkəyə “İslam dövləti” təhlükəsi var (publika.az).

Qeyd edək ki, bu ilin iyununda İŞİD-in xəyali xilafətinin xəritəsi yayılıb. Xəritə üzərində əski əlifba ilə yazılmış ərazilər İŞİD-in yaradacağı əmirliklərin tərkibində veriləcək. Xəritəyə görə, Azərbaycan üç hissəyə bölünəcək. Şimali Azərbaycanın  kiçik bir hissəsi Kürdüstan əmirliyinin, yerdə qalan hissəsi isə Qafqaz əmirliyinin tərkibinə daxil ediləcək. Cənubi Azərbaycan isə bütövlükdə İsfəhan və Kürdüstan əmirlikləri arasında bölüşdürüləcək.

Sonradan yayılan xəritədə Azərbaycanın adı çıxarıldı. Lakin institutun analitiki bir müddət öncə Bakıda keçirilən “hicab aksiyasına” diqqət çəkərək bildirir ki, Azərbaycanda “müsəlman müxalifəti” formalaşmaqdadır. “Müsəlman gücünün əsası Suriya çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı” azərbaycanlılar ola bilər. Bu baxımdan, partlayış təhlükəsi olan regionlara Azərbaycanı daxil etmək mümkündür. Həmçinin Cənubi Azərbaycan da bu təhlükədən uzaq deyil”, – deyə analitik vurğulayır. 

Onun sözlərinə görə, qərbli analitiklər hesab edir ki, Azərbaycan üçün “radikal dini təhlükə” Rusiya və İrandan çıxa bilər. Bu yaxınlarda “Stratfor” mərkəzinin direktoru Corc Fridman da bu ehtimalları səsləndirmişdi. Analitik Qərbi bu barədə düşünməyə çağırıb.

Qeyd edək ki, ABŞ kəşfiyyatının leqal üzü kimi tanınan “Stratfor” rəhbərinin iki ay öncə nəşr etdiyi məqalədə bildirilirdi ki, İŞİD faktoru Qafqaz üçün gələcəkdə təhlükəyə çevrilə bilər.  Bəs nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan İŞİD-lə bağlı etdiyi xəbərdarlıqlar nəzərə alınacaqmı?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Azərbaycanda terror təşkilatları dəfələrlə hədə gəliblər. Azərbaycan vətəndaşlarının terror təşkilatlarının tərkibində vuruşmasının da artıq sirr olmadığını deyən S.Əkbər bildirdi ki, terror təşkilatlarında vuruşan vətəndaşlarımıza qarşı tədbirlərin görülməsiylə bağlı qanunvericiliyə dəyişikliklər də edilib: «Bu baxımdan Azərbaycanın xüsusi xidmət orqanları terror təşkilatlarının ölkəmizdəki fəaliyyətini nəzarətdə saxlamağa çalışır. Bunun nədərəcədə effektli olmasına gəlincə isə, hesab edirəm ki, burada ən düzgün yol Azərbaycanın öz tərəfdaşları ilə birgə hərəkətidir. Bura həm informasiya mübadiləsi, həm də digər addımların atılması daxildir. Yoxsa istər Azərbaycan dövlətinin, istərsə də xüsusi xidmət orqanlarının təkbaşına İŞİD kimi terror təşkilatı ilə mübarizəsi yetərsizdir. Ona görə Azərbaycanın beynəlxalq əməkdaşlığına, xüsusilə Türkiyə ilə sıx işbirliyinə böyük ehtiyac var».

Xəyal