Türmə rəhbərliyindən absurd qaydalar

Dustaqların məktublarının təcridxanadan kənara çıxmasına yasaq qoyulub; həm də müraciətlər yalnız əlyazma olmalıdır

Intiqam Əliyev və vəkilləri bu cür absurd qadağalara görə təcridxana rəhbərliyini məhkəməyə verəcək

Vəkil Fariz Namazlı dünən Bakı Istintaq Təcridxanasında vicdan məhbusu, tanınmış hüquqşünas Intiqam Əliyevlə görüşüb. I.Əliyevin vəkillərinə təqdim etmək üçün hazırladığı sənədlər yenə də senzuradan keçirilib və ondan alınıb. Bu barədə “Azadlıq”a Fariz Namazlı məlumat verib.

“6-7 sentyabrda təcridxananın rəis müavini Fəqan müəllim Intiqam Əliyevlə görüşüb və hüquqşünas onun yazışmalarına qoyulan senzura və məhdudiyyətlərin qanunsuzluğuyla əlaqədar rəis müavininə etirazını bildirib. Təcridxana rəhbərliyi təqsirləndirilən şəxslərdən konkret cinayət işi ilə bağlı olmayan bütün sənədləri – ərizə, şikayət, müraciətləri, o cümlədən təcridxanada baş verən pozuntularla bağlı şikayət, ərizə və müraciətləri əllə yazıb, yalnız təcridxananın dəftərxanası vasitəsilə ünvanlarına göndərməyi tələb edir. Həmin sənədlərin kompüterdə yığılaraq vəkillə birlikdə imzalanmaqla ünvanlarına göndərilməsinə yasaq qoyulub”, – deyə Fari z Namazlı bildirib.

Vəkil deyir ki, sənədlərin həcmi böyük olduqda və onların bir neçə ünvana göndərilməsi nəzərdə tutulduqda təqsirləndirilən şəxs 10-15 səhifəlik sənədi əllə yazıb 2-3 dəfə üzünü köçürmək məcburiyyətində qalır. Ən əsası, bu sənədlərin qeydiyyatı və ünvanına göndərilməsi barədə təqsirləndirilən şəxslərə heç bir məlumat, bildiriş və ya qəbz verilmir: “Halbuki, ”Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanun” və “Daxili Intizam Qaydaları”na görə təcridxana bu cür sənədlərin qeydiyyata alınması barədə yazılı məlumatı təqsirləndirilən şəxslərə təqdim etməlidir”.

Vəkil əlavə edib ki, göndərilən ərizə, şikayət və müraciətlər Penitensiar Xidmət və ya həssas mövzularla bağlı olduqda onların ünvanlarına çatdırılmadığı hallar da olur.

Fariz Namazlı təqsirləndirilən şəxslərin vəkillərilə yazışmalarına qoyulan bu məhdudiyyətlərin həm ölkə qanunvericiliyinə, həm bə beynəlxalq müqavilələrə zidd olduğunu vurğulayıb: “Biz bu məsələni sona çatdırmaq fikrindəyik və pozuntu ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırıq”.

Vəkil görüşdüyü siyasi məhbuslardan onu da öyrənib ki, təcridxanada son bir neçə gündə gecə-gündüz təmir işləri gedir: “Dünən məhbuslara təmiz yataq dəstləri paylanıb, korpusların divarları, görüş otaqları rənglənir, kameraların qarşısında məcəllələr və qanunvericilik aktları qoyulan stollar yerləşdirilir. Çox güman ki, təcridxanaya mötəbər qonaqların gələcəyi gözlənilir. Onların haradan – Avropa Şurası və ya hansısa dövlət strukturundan olacağını dəqiqləşdirmək mümkün olmadı”.

Informasiya şöbəsi