Avropa Azərbaycanın təşəbbüsünü necə qarşılayacaq?

Rahim Hacıyev: «Bu tipli tədbirlərin keçirilməsi Qərblə münasibətlərin pisləşməsinə xidmət edir»

Rusiya-Azərbaycan-Iran-Qazaxıstan-Türkmənistan arasında beş tərəfli biznes forumu keçiriləcək. Azərbaycanda Ixracın və Investisiyaların Təşviqi Fondundan verilən məlumata görə, biznes forum Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində sentyabrın 29-da Həştərxan şəhərində baş tutacaq.

Biznes forum Azərbaycan Iqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azpromonun təşkilatçılığı ilə keçiriləcək.

Xəzəryanı ölkələri təmsil edən şirkətlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycan sahibkarları işgüzar əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.

Biznes forumun Azərbaycanın dəstəyi və təşkilatçılığı ilə keçirilməsi təsadüfi görünmür.  

Bəzi ekspertlər hesab edir ki, bu forum Rusiyanın diktəsi ilə təşkil olunub və Azərbaycan da Rusiyanın çətin vəziyyətdən çıxması üçün fəallıq göstərir.

Sirr deyil ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi və Rusiyanın Avropa ölkələrindən idxala qadağa qoyması, ciddi problemlər yaradıb. Məhz buna görə Azərbaycan kənd təsərrüfatı məhsullarını Rusiyaya yönləndirərək, bu ölkənin ərzaq təlabatını ödəməyə çalışır. Son günlər bu prosesin intensivləşməsi, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasına səbəb olub.

Indi, Xəzəryanı dövlətlərin Həştərxanda keçiriləcək forumu da Rusiyanı vəziyyətdən çıxarmaq cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, Qərb Irana qarşı sanksiyalar tətbiq edəndə, Türkiyə bu ölkəyə müəyyən nəfəslik verməyə çalışdı və Qərblə münasibətlərdə soyuqluq yarandı. Indi Azərbaycanın belə bir siyasət yeritməsi və Qərblə münasibətlərə mənfi təsir edəcək amildir.

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Azərbaycan növbəti dəfə Rusiyanın xilasına çalışır və bu, yanlış siyasi gedişdir: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərblə Rusiya arasında münasibətlər hədsiz gərginləşdi və   Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olundu. ABŞ və Avropa  uzun müddətdir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi prosesində mümkün qədər çox ölkənin iştirakını təmin etməyə çalışır. Yaxın günlərdə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi başlayacaq. Belə bir vaxtda Azərbaycanın təşəbbüsü ilə biznes forumun keçirilməsi  Rusiyaya dəstək kimi qiymətləndirilməlidir. Qərblə Rusiyanın münasibətlərinini gündən-günə gərginləşdiyi bir vaxtda Azərbaycan hakimiyyəti bu tipli addımları atmaqdan çəkinməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın başlıca ticarət tərəfdaşı Rusiya yox, Qərb ölkələridir. Xatırlatmaq yerinə düşər ki, Irana qarşı Qərb ölkələri sanksiya təbiq edərkən, sanksiyalardan yan keçməyə çalışan bəzi ölkələr Qərbin ciddi təzyiqi ilə üzləşdi. Məhz bu baxımdan bu tipli tədbirlərin keçirilməsi, Azərbaycan-Qərb münasibətlərinə mənfi təsir göstərə bilər”.

Akif