Yanıq xəstəxanasında köhnə-təzə davası

Işçilər baş həkimi korrupsiyada, peşəkar kadrları uzaqlaşdırıb, səriştəsizlərə yer verməkdə günahlandırır

Vüqar Ələkbərov: «Danışmağa qalsa, çox şey danışa bilərik…»

“Yanıq şöbəsi 5 saylı şəhər klinik xəstəxanasının tərkibindən çıxarılaraq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə Institutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilib. Ancaq iki ay müddətində hələ də Institutun tərkibinə daxil edilməmişik. Bunun nəticəsi olaraq, əməkdaşlar iki aydır əməkhaqqı almadan işləyir. Bu, azmış kimi, yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond adı ilə iyul və avqust ayları üçün həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 manat tələb edir. Fond pulunu verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla hədələyir” – bunu yanıq şöbəsinin əməkdaşları “publika.az”a göndərdikləri şikayət məktubunda yazıblar.

Məktubda həmçinin bildirilib ki, Vüqar Ələkbərov əməkdaşlar məzuniyyətdə olarkən onları işdən çıxarır, əvəzlərinə gənc, təcrübəsiz tibb bacılarını işə qəbul edir: “Özün ərizəni yaz, çıx, yoxsa, mən biabırçılıqla çıxaracam. Buranı Ziya Əsədovun işə qəbul etdiyi işçilərdən təmizləyəcəm” kimi fikirlər səsləndirir. Işə kimi istəyir qəbul edir, kimi istəyir çıxarır. 20-30 il çalışan tibb bacılarını işdən heç bir səbəb olmadan çıxarıb, əvəzinə gənc işçiləri götürür, hansı ki, həmin gənclər şpris belə tuta bilmirlər, hətta heç bir tibbi savadı olmayan xadimələr tibb bacısı kimi fəaliyyət göstərir. Işçilərdən yığılan fond pulu azmış kimi, xəstələrdən də 30 manat alınır, ayrıca palatada yatmaq istəyirsə, yerpulu olaraq 20 manat alır. Uzun sözün qısası, şöbədə alver gedir.

Yanıq 2-nin böyük tibb bacısını vəzifədən qeyri-qanuni uzaqlaşdırıb, heç bir təhvil-təslim olmadan başqa tibb bacısını vəzifəyə gətirib. Həmin tibb bacısı da heç bir səlahiyyəti olmadan dərman qəbul edir, dərman verir. Yanıq-1 şöbəsində isə tibb bacısı olaraq əmri verilməmiş birini böyük tibb bacısı vəzifəsinə təyin edib. Onlar da heç bir səlahiyyətləri olmadan qiymətli dərmanları və narkotik maddələri təhvil alıb, təhvil verir. Yanıq-1 və Yanıq-2 şöbələrinin təsərrüfat bacılarından birini məzuniyyətdə olarkən, digərini isə iş başında heç bir qüsuru və səbəbi olmadan işdən uzaqlaşdırıb, hətta Vüqar Ələkbərovun özü də məzuniyyətdə olarkən bu qərarı qəbul edib və təhvil-təslim olmadan kənar iki işçini əmrsiz vəzifəyə gətirib. Onların yerinə isə iki nəfəri işə götürüb, onlardan biri Yanıq-1, digəri isə Yanıq-2 şöbəsində təsərrüfat bacısı vəzifəsini icra edir. Bu haqsızlığa etirazını bildirən işçilərə isə “Get, kimə müraciət edirsən et, mənim arxam möhkəmdir, mən heç kimdən qorxmuram” deyib otaqdan qovur. Təbii ki, sadalamaq istədiklərimiz bununla bitmir, xahiş edirik, özünüz bu vəziyyətə əncam qılasız, üzə nələrin çıxacağını özünüz görəcəksiz. Yanıq şöbəsinin müdiri fövqəladə hallar üçün daim hazır vəziyyətdə olmalıdır. Elə isə Vüqar Ələkbərovun hər ayın 10-12 gününü xaricdə – Türkiyədə olması, Bakıda olduğu günlərdə isə iş yerində 1-2 saat olması nə deməkdir? Xəstənin müalicəsi ilə əlaqədar xəstənin yaxınlarından özünə yaxın hesab etdiyi 2 həkim vasitəsilə külli miqdarda məbləğ tələb edir. Şöbənin işçilərinə qarşı saymazyana davranır, onları hər an təhqir edib, kobud münasibət göstərir. Kollektiv arasında ayrı-seçkilik yaradır. Özünü açıq-aşkar bu şöbənin böyüyü hesab edir və heç kimə (nazir müavini Nigar xanımdan başqa) tabe olmadığını söyləyir. Şöbə müdirinin təşəbbüsü ilə “Albumin” adlı dərman xəstələrə baha qiymətə satılır, halbuki həmin dərman dövlət tərəfindən pulsuz verilir”.

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov da açıqlamasında ona ünvanlanmış ittihamlara cavab verib. O, bütün ittihamların dedi-qodu, boş söhbətlər olduğunu bildirib: “Bu cür məsələləri açıb-ağartmaq ayıbdır. Mart ayından rəsmi olaraq həmin şöbədə işləyirəm. Bəzi tibb bacıları köhnədən yanlış işlər etməyə öyrəşiblər. Onlara  bir neçə dəfə xəbərdarlıq ediləndən sonra işdən azad ediliblər. Bu da normaldır. Maaşlarını iki aydır ala bilməmələri də təbiidir, çünki biz 5 nömrəli xəstəxananın tərkibindən çıxıb, Həkimlərin Təkmilləşdirmə Institutunun tərkibinə keçdik. Sənədləşmə işləri tamamlanmadığına görə, mən də daxil olmaqla heç kim iki aydır maaş almır”.

Həkim, tibb bacıları, xəstələrdən pul alınmasına gəldikdə, V.Ələkbərov bunun yanlış ittiham olduğunu deyib: “Kim pul veribsə, çıxsın qabağa. Xəstəxanada bəzi abadlıq işləri görülüb və bunun üçün də işçilər öz aramızda müəyyən qədər vəsait toplamışıq. Özüm də bu pul qoymuşam, 100 yataq dəsti almışıq, kameralar yerləşdirilib, həyətə yeni gül və ağaclar  əkmişik. Bunun üçün də həkim və tibb bacıları, hamımız pul qoyub almışıq. Pulları mən yox, tibb bacıları özləri yığıb”.

Xəstəxanada təmir və abadlıq işlərinə dövlət vəsait ayırırsa, bunu tibb işçilərinin etməsinin hansı ehtiyacdan yaranmasına gəldikdə, V.Ələkbərov bunun bir çox iş yerlərində tətbiq edilən qayda olduğunu iddia edir: “Dövlətin etdiyindən əlavə, özümüz də pul yığıb şəraiti daha da yaxşılaşdırmaq istəmişik. Ora bizim iş yerimizdir, nəsə almaq, abadlıq etmək ehtiyacı olanda bunları təmin etmək borcumuzdur”.

20-30 ilin tibb bacılarının yeniləri ilə əvəzlənməsinə gəlincə, V.Ələkbərov yeni işçilərin vakansiyalar əsasında qəbul edildiyini deyib: “Kimisə çıxarıb, yerinə yeni işçi qəbul etməyimiz yalan məlumatdır. Yeni tibb bacıları vakansiya əsasında qəbul edilir. Yeni işçi qəbul edərkən gənc kadrlara üstünlük veririk. Çünki onları kurslara göndərib yeni üsulları öyrətmək daha asan olur. 20 ilin tibb bacısına yeni üsulu göstərəndə deyir ki, ”illərdir bu üsulla işləyirəm”. Bir neçə işçi töhmət və xəbərdarlıqdan sonra işdən çıxarılıb. Tibb bacısı bir yaşlı uşağın əlinə termometri verib, o da sındırıb, civə uşağın qulağının içinə tökülüb. Halbuki, uşağın temperaturunu tibb bacısı özü ölçməli idi, lakin valideynə tapşırıb ki, özün ölç, vərəqə yaz. Bundan başqa, sabah başqası gəlib edər deyə, gecə açıq yanıqla gəlmiş xəstəyə sarğı etməyib, xəstə səhərə qədər inildəyədək qalıb. Belə şəxslər tibb bacısı işləyə bilməz. Onları bağışlamaq olmaz. Danışmağa qalsa, çox şey danışa bilərik. Məni bu vəzifəyə yanıq mərkəzini düzəltmək üçün, əhaliyə xidmət göstərmək üçün qoyublar. Nəyin bahasına olursa-olsun, oranı düzəltmək borcumdur”.

Əslində, yanıq şöbəsində nə baş verdiyini öyrənmək üçün 5 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədovla da əlaqə saxladıq. O da “Azadlıq”a açıqlamasında bildirdi ki, Yanıq şöbəsi 5 saylı xəstəxanadan alınaraq, Həkimləri Təkmilləşdirmə Institutunun tabeliyinə verilib: “Mən nə edim ki?! Çıxarır çıxarsın da… Özü bilər, nazir bilər, direktor bilər. Məndən alıblar, mənə tabe deyil”.

Yanıq şöbəsinin keçmiş müdiri Həmzə Əzizbəyov isə “Azadlıq”a açıqlamasında bildirdi ki, orada baş verənlərlə maraqlanmır: “Heç bir şeydən xəbərim yoxdur və heç nəylə də maraqlanmıram”.

Ramin