Təmir-tikinti adı altında ciblərə gedən milyonlar

Bir müddət əvvəl 2 milyona təmir olunmuş məktəbi indi yerli-dibli sökürlər

Azərbaycanda tikinti işlərinin bir çox hallarda səriştəsiz aparılması kimsə üçün yeni xəbər deyil. Necə deyərlər, yollar çəkilir, sonra yada düşür ki, öncə yolun altında qalan kommunikasiya xətlərini çəkmək lazımmış. Çəkilən xərcin batmasına məhəl də qoymadan tikintisi aparılan yolun yeni asfaltı dağıdılır, ən nəhayət, həmin yol yenidən təmir edilir. Yaxud, təmir-tikinti üçün büdcədən ayrılmış vəsaitin xeyli hissəsi mənimsənildiyindən ayrılan material az olur və keyfiyyətsizlik yol örtüyünün qısa müddətdə sıradan çıxmasına səbəb olur, həmin yola təkrar vəsait ayrılaraq yenidən təmirə bağlanır.

Obyektivlik naminə deməliyik ki, bu idbar praktika təkcə yol təmir-tikintisi sahəsində deyil. Köhnə binaların təmiri, yenidən qurulması adıyla da dövlət büdcəsindən milyonlar silinir. Uzağa getməyək, Moskva prospektində yerləşən binaların təmirdən sonra yenidən təmir edilməsini heç cür izah etmək mümkün deyil. Yaxud, 20 saylı orta məktəbin təmirinə bir müddət öncə 2 milyona yaxın vəsait ayrılmışdı. Indi həmin məktəb yerli-dibli sökülür. Görəsən, belə bir təcrübə dövlət strukturlarının bacarıqsızlığı, işinin öhdəsindən gələ bilməməsinin nəticəsidir, yoxsa büdcədən hər il təkrar-təkrar pul yeyintisi üçün bu cür addım atılır?

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bacarıqsızlıqla yanaşı, bu sahədə məqsədyönlü bir fəaliyyət də mövcuddur. Ekspertin fikrincə, hər iki fəaliyyət bir-birinə qarışaraq, pərakəndə bir vəziyyət yaradıb: “Maliyyə vəsaitlərindən səmərəli şəkildə istifadə etməyi qarşısına məqsəd qoyan istənilən adam öncə işin planını qurur, onun smeta dəyərini çıxarır, ən xırda detalları da nəzərə alır. Bu qaydada işini görən adam onun nəticəsindən də peşman olmur və qurub-yaratdığından uzun müddət faydalanır. Müasir dövrdə belə təcrübələr var. Amma dövlət vəsaiti, ictimai vəsait hesabına görülən işlərə gəlincə, burda işlər tamamilə dəyişir. Bu tip işlərin həyata keçirilməsinə bacarıqsız kadrlar cəlb edilir, həmçinin maliyyə vəsaitlərinin səmərəli istifadəsinə cavabdeh olan dövlət qurumları, vəzifəli şəxslər öz məsuliyyətlərini unudub tamam başqa məqsədlər arxasınca qaçırlar. Maliyyə vəsaitlərini təyinatından yayındırmaq məqsədi güdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər dövlət vəsaitlərilə həyata keçən layihələrdə çox ciddi yeyintilərə yol verirlər. Bunun qanunsuzluq və israfçılıq olduğunu bilsələr də, özbaşınalıq şəraitində istədiklərini edirlər”.

İqtisadçı Natiq Cəfərli deyir ki, cəzasızlıq mühitində işini davam etdirənlərin korrupsiya marağı önə çıxır. Nəticə etibarilə, Azərbaycanda belə bir vəziyyət yaranıb ki, böyük maliyyə vəsaitləri hesabına əsaslı təmir işi aparılan obyektlər keyfiyyətsizlik və s. səbəblər ucbatından uçulub dağılır və yenidən təmirə ehtiyac yaranır: “Qurulan obyekt nəzərdə tutulan ömrünü yaşamır, hətta korrupsiya marağı o qədər güc gəlir ki, heç o binanın dağılmağa ehtiyacı olmasa da, orada yeyinti olduğu üçün salamat binaları da uçurub dağıdırlar. Şəhidlər Xiyabanının üst tərəfində qədim tarixi olan bir orta məktəb vardı. Həmin məktəb bir göz qırpımında uçuruldu. Əlbəttə, dövlət maliyyə vəsaitləri üzərində ictimai, rəsmi bir nəzarət, bu sahədə siyasi iradə olmalıdır. Qanunu pozanlara qarşı amansız mübarizə də önə çıxmalıdır. Dövlət maliyyə vəsaitlərindən səmərəsiz istifadə olunmasına rəvac verən, bu işdə iştirak etmiş bütün insanlara qarşı mübarizə aparılmalıdır ki, bunun qarşısı alınsın. Əks halda, nəticə əldə etmək mümkün olmayacaq və proseslər daha dərinə işləyəcək”.

Nigar