Təcridxanada Leyla Yunusa hücum

Hüquq müdafiəçisi ilə eyni kameradakı “residivist” onu təhdid edir

Təcridxana rəhbərliyi isə bundan şikayət edən Leyla Yunusa töhmət verir

Vəkil Fariz Namazlı dünən Bakı Istintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla görüşüb. Vəkil “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, Leyla Yunusla eyni kamerada saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova şənbə günü heç bir əsas olmadan hüquq müdafiəçisinə hücum edib, ona hədə-qorxu gəlib, nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları ona atıb.

Leyla Yunus kameranın qapısını döyərək köməyə adam çağırıb, 5 dəqiqə sonra kameranın qapısı açılıb, nə baş verdiyi soruşulub. Leyla Yunus hücuma məruz qaldığını bildirib, rəhbərliklə görüşməyi tələb edib, lakin təcridxana əməkdaşları ona məhəl qoymayıblar. 15 dəqiqə sonra yenidən nəzarətçilər kameranın qapısını açıb və Leyla Yunusa bazar ertəsi rəhbərliyin onu qəbul edəcəyini bildiriblər. Bu müddət ərzində də Nuriyyə Hüseynova ona qarşı təzyiqlərini davam etdirib. Kameranın qapısı açılanda Nuriyyə Hüseynova sakit dayanır, qapı bağlanan kimi öz hərəkətlərini davam etdirir.

Leyla Yunusu 3 mayor qəbul edib, 3 səhifəlik izahat yazıb, Nuriyyə Hüseynovanın ona qarşı fiziki və mənəvi təzyiqlər etdiyini bildirib, halı pis olduğuna görə dərman istəyib, lakin ona dərman verilməyib.

Ertəsi gün Leyla Yunusa bildiriblər ki, o, kameranın qapısını əsassız yerə döydüyünə, içəridə səs-küy saldığına görə töhmət verilir. Hüquq müdafiəçisindən qərara imza atmağı tələb ediblər. Leyla Yunus ona töhmət verilməsinə etirazını bildirib. Özünün hücuma məruz qaldığını və buna görə kameranın qapısını döyərək köməyə adam çağırdığını bildirib və qərara imza atmaqdan imtina edib.

Xatırladaq ki, Sülh və Demokratiya Institutunun direktoru olan Leyla Yunusa qarşı dövlətə xəyanət, vergidən yayınma da daxil olmaqla, Cinayət Məcəlləsinin 6 maddəsilə ittiham irəli sürülüb. Lakin Leyla Yunus ittihamları qəbul etmir və həbsinin hüquq müdafiəçisi kimi fəaliyyəti, xüsusən siyasi məhbusların azadlığa buraxılması istiqamətində gördüyü işlərlə izah edir. Elə beynəlxalq təşkilatlar da eyni qənaətdədir. “Amnesty International” Leyla Yunusu “vicdan məhbusu” elan edib.