Gülən-Ərdoğan savaşı Türkiyə mətbuatının gündəminə çevrildi
Uzun müddətdir Türkiyə hökuməti ilə Fətullah Gülən şəbəkəsi arasında qızğın savaş gedir. Hətta, bu savaş Azərbaycana da sıçradı və Ərdoğan Bakı səfərində Azərbaycan prezidenti Ilham Əliyevə “nurçu dosyesi” təqdim etdi. Sonrakı proseslərdə də Azərbaycandakı “nurçu” əməliyyatı açıq hiss olundu və bəzi vəzifəli şəxslər həbs edildi, vəzifədən kənarlaşdırıldı, Gülən məktəbləri qapadıldı.
Ərdoğan prezident seçiləndən sonra da bəyan etdi ki, onun üçün əsas prioritetlərdən biri də Fətullah Gülən şəbəkəsi ilə mübarizə olacaq.
Qeyd edək ki, Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır və ötən il Türkiyə hökuməti onun deportasiyasını tələb etsə də, ABŞ hökuməti bundan imtina etmişdi.
Bu baxımdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşü maraqla izlənilirdi və belə ehtimallar səsləndirilirdi ki, Ərdoğan növbəti dəfə Fəthullah Gülənin geri qaytarılmasını tələb edəcək.
Həqiqətən də prezidentlərin görüşündə Fətullah Gülən məsələsi müzakirə olunub və Ərdoğan Obamadan Gülənin ölkədən deportasiya edilməsini ya da Türkiyəyə geri verilməsini xahiş edib.ÿ
Ərdoğan Obamanın məsələ ilə bağlı məlumat və sənədləri istədiyini də bildirib
Görüşdən öncə də Ərdoğan mətbuata açıqlamasında “Hər şey ortadadır. Bizə Türkiyənin əlində sənədi yoxdur, nə edəcəksiniz deyənlər var. Amma hər şey, dinləmələr, səs yazıları meydandadır. Bir ölkənin baş naziri, nazirləri dinlənildi. Bundan böyük sənəd var?”- deyə bildirmişdi.
Ərdoğanla Obama arasındakı görüş Türkiyədə gündəmin əsas mövzusuna çevrilib və qəzetlərin manşet xəbəri olub.
“Yeni Şafak” qəzeti “Belgeler ABD-yə verilecek”, “Star” qəzeti “Paralel”i MIT və CIA görüşecek”, “Sabah” qəzeti “Gülen için geri sayım başladı”, “Milliyyet” qəzeti “Obamaya belge gedecek”, “Takvim” qəzeti “Gülene kıskaç”, “Akşam” qəzeti “Paralele karşı MIT-CIA ortaklığı”, “Vatan” qəzeti “Gülen için CIA desteyi” başlıqlı yazılar dərc edib.
Eyni zamanda “Taraf” qəzeti “AKP iktidarından Hitler addımları”, “Bugün” qəzeti “Güleni isteme talebi menasızı və akıl dışı” başlıqlı yazılar dərc etdi.
Prezident seçildikdən sonra Ərdoğanın Gülən şəbəkəsi ilə mübarizəni prioritet seçməsi və Obama ilə bu məsələni müzakirə etməsi, onu göstərir ki, Gülən şəbəkəsi hələ də güclüdür və AKP hakimiyyətinə ciddi təhlükədir.
Ərdoğan Türkiyə mətbuatına açıqlamasında bildirib ki, bu məsələnin həllinə nail olmaq üçün hər iki ölkənin xarici işlər nazirləri, təhlükəsizlik xidmətləri səviyyəsində əməkdaşlıq ediləcək. Eyni zamanda Ərdoğan Obamaya çatdırıb ki, Paralel yapı ölkənin təhlükəsizliyini ciddi təhdid edir və bu şəbəkənin qanunsuz fəaliyyəti sənədlərlə sübuta yetiriləcək.
Akif


