Qarabağ əlilləri kütləvi intihara təhrik edilir
Onlar Suraxanı məhkəməsinin qarşısında 19 sentyabr saat 11.00-a «Ölüm günü» təyin ediblər
Bu ilin sentyabrın 1-də Bakı şəhəri Suraxanı rayon məhkəməsində Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı “Rəvan Sığorta” şirkətinin subroqasiya qaydasında, yəni başqasına ödədiyi sığorta ödənişi (9050 manat) tələbi üzrə iddiası üzrə ilk iclas keçirildi. Məhkəmənin iddia tərəfinin sifarişi ilə gerçəkdə özünü onun vəkili kimi çıxış etməsi açıq-aydın görünürdü.
Fikir verin, hakim nə iclası açıq elan etdi, nə də məhkəmə heyətini. Heç iddiaçının nümayəndəsinin etibarnaməsini və kimliyi də bildirilmədi. Bu isə kobud qanun pozuntusudur. Qarabağ əlilinin məhkəmə tərkibinə etiraz etmə hüququna bəri başdan qadağa qoyuldu. Öncədən hakimin Natavan Tağıyeva olması bilinməsəydi, sədrlik edənin kimliyi də qaranlıq qalacaqdı (Gerçəkdə elə iclasa sədrlik edənin məhz Natavan Tağıyeva olması qaranlıqdır. Nədən xanım hakim Qarabağ əlilinə müdafiəçi ayırmadan, xəstəxanada yatdığı halda onu sürücülük vəsiqəsi olmadığına görə 400 manat cərimə edən başqa xanım hakimin (Gülsara Imanova) qanunsuz qərarını oxumaqla yetərləndi). Birinci iddiaçı çıxış etməli olduğu halda cavabdehi “məhşər ayağı”na çəkən hakim onu yazılan cəriməni ödəməkdə ittiham edib bununla günahını boynuna aldığını dedi. Hakimin məntiqinə baxın. Qarabağ əlilini məhkəmə qərarını icra etdiyinə görə günahkar bilir!? Hakim bilərəkdən yönəldici suallar verir, öncədən onun borclu olmasını təsdiq etdirmək istəyirdi. Cavabdehin qarşılıqlı iddiası 2 ay öncədən məhkəməyə daxil olsa da şübhəli olaraq ilkin iddiaçıya təqdim edilmədiyi bildirildi. Məhkəmənin burada da tərəf tutması üzə çıxdı. “Rəvan Sığorta”nın adından verilən iddiada nə möhür var, nə nümayəndənin kimliyi, nə onun imzası, nə dövlət rüsumu ödənib, nə də iddiaçı şirkətin əsaslandığı sənədlər cavabdehə verilib. Ümumiyyətlə, iddiaya heç bir sənəd əlavə olunmadığından ərizədə sənədlərin siyahısı da göstərilməyib. Iddia iki cavabdehə qarşı irəli sürülsə də, onların hər birinə qarşı yönələn tələb göstərilməyib və digər cavabdeh çağırılmayıb. Bütün bunlar MPM-in 149-cu maddəsinin tələblərinə zidd olduğundan iddianın icraata götürülməsi qanunsuzdur və məhkəmənin sifarişlə əlili cəzalandırmaq niyyətindən soraq verir. Hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini açıq pozan hakim qarşılıqlı iddiaya görə rüsum ödənilmədiyini deyəndə hakimin işdən xəbərsiz olması üzə çıxdı. Axı Qarabağ əlili qarşılıqlı iddiasına rüsumdan azad olmasını təsdiq edən müharibə əlili vəsiqəsindən çıxarış əlavə edib!
Ilkin iddia üzrə cavabdeh, iş üzrə qarşılıqlı iddiaçı olan Qarabağ əlili Xaliq Abbaszadə nümayəndəsinin zalda olduğunu deyib onun çıxışına icazə verilməsini xahiş etsə də hakim etibarnamə tələb etdi. Etibarnamənin isə onu verənin özünün olmadığı halda tələb olunmasına əhəmiyyət belə vermədi. Belədə Qarabağ əlili ona dövlət büdcəsi hesabına vəkil ayrılmasına və ƏƏSMN-in onun tərəfindən işə cəlb edilməsinə dair vəsatətini təqdim etdi. Hakim vəsatətlərə qətnamə çıxarılanda baxılacağını deyib mülki işdə müdafiəçi ayırmağın qanuna zidd olduğunu bildirdi(??) və öz təşəbbüsü ilə ziyan məbləğinin ekspertizası barədə qərarını müşavirə otağına getmədən elan etdi. Qarabağ əlili məbləğin onu maraqlandırmadığını deməsinə baxmayaraq, hakim onu məbləğdən narazı olmaqda suçladı. Məhkəmə prosesi zamanı (buna proses demək mümkünsə) iclas katibinin telefonla zəng etməsi, hakimin yerinə danışması, əlilləri “anlamazlıqda” suçlaması etiraza səbəb oldu və katibin zala telefonla gizlicə nəzarətçi çağırması ilə sonuclandı. Mülki işlərdə nəzarətçi təyin edilməsi isə qanunsuzdur.
Bir sözlə, Qarabağ əlilləri növbəti məhkəmə rəzaləti ilə üz-üzədir. Hər yerdən əlləri üzülən DÖVLƏTIN sığortaçısı olduğu əlillər onlara DÖVLƏTIN verdiyi reabilitasiya vasitəsinin “zibilinə düşüblər”. 3 min manatlıq reabilitasiya vasitəsinə görə 9 min manat onların sığortasını təmin etməyə borclu olan sığorta şirkətinin hesabına ödənilməsinə məcbur edilirlər. Çıxış yolunu kütləvi intiharda görən Qarabağ əlilləri Suraxanı məhkəməsinin qarşısında 19 sentyabr saat 11.00-a “ÖLÜM GÜNÜ” təyin ediblər.
M.Ağsu


