aliyev-munich

Əliyev lobbiçilərini arqumentsiz qoyub

Artıq müdafiə olunmaq üçün «silah» yoxdur

Artıq bütün dünya Azərbaycandakı real vəziyyətdən xəbərdardı və dünənə qədər susqunluq nümayiş etdirənlər də həqiqətləri dilə gətirməkdən çəkinmir. Son dövrlər beynəlxalq təşkilatlar Azərbaycanla bağlı daha kəskin hesabatlar hazırlayır, beynəlxalq tribunalardan Azərbaycan hökumətinə çətin suallar ünvanlanır və güzəştlər dövrünün bitdiyi bəyan edilir.

Daha dünyanın 4 tərəfində həyata keçirilən xeyriyyə layihələri, kürü diplomatiyası, qərbdəki lobbiçilər,  müxtəlif ölkələrdəki diaspor fəaliyyətləri yalanları gizlətmək iqtidarında deyil. Çünki, özünə zərrə qədər hörməti olan, təşkilatının imicinin zədələnməsindən çəkinən, öz karyerasına ləkə vurmaq istəməyən adamlar, Azərbaycan hakimiyyətinin “qatıq qara rəngdədir” iddiasını təsdiqləyə bilmir.

Azərbaycan hakimiyyəti isə, məngənədən çıxmaq üçün daxildə repressiyanı gücləndirməyə start verib və müqavimət naqillərini kəsməyə başlayıb. Ancaq bu siyasət daha da dalana aparır və Əliyev rejiminin muzdlu tərəfdarlarını arqumentsiz qoyur. Yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin “qırmızı xətt”i keçməsi, yalana haqq qazandıranları da aciz qoyub.

Dünənə qədər siyasi partiya fəallarını “narkotika”,  “xuliqanlıq” ittihamları ilə həbs edirdilər və dünyadakı  “sirdaş”larının dili ilə bu adamların siyasi məhbus olmadığını bəyan edirdilər. Ancaq vəziyyət o həddə gəlib çatdı ki, Avropa Məhkəməsində onlarla işi udmuş Intiqam Əliyev, Azərbaycanda siyas məhbusların siyahısını hazırlamış Leyla Yunus, ölkədə seçki monitorinqi həyata keçirən və dünyada kifayət qədər tanınan Anar Məmmədli və digərləri qondarma ittihamlarla həbs edildi.

Bu adamların həbsini isə, sıravi müxalifətçinin həbsi kimi gizlətmək mümkün olmadı. Məhz bu həbslərdən sonra Fransa, Polşa, Avropa Birliyi, ABŞ Dövlət Departamenti, dünyanın nüfuzlu hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətinə etirazlarını bildirdilər. Hətta, son günlər Azərbaycana sanksiya tətbiq edilməsi ilə bağlı təşəbbüslər meydana çıxdı. Bütün bunlara baxmayaraq, hakimiyyət daha biabırçı bir addım atdı və ABŞ vətəndaşı Səid Nurinin ölkədən çıxışına qadağa qoyuldu.

Yəni Azərbaycan hakimiyyəti hər gün sərgilədiyi siyasətlə, özünü beynəlxalq təcridə sürükləyir. Guya, daxildə ağızları qapamaqla xaricə çıxan səslərin qarşısını alırlar. Amma başa düşmürlər ki, ifrat səssizlik daha böyük diqqətə səbəb olur. Digər tərəfdən, internet əsrində, sosial şəbəkələrin əsas missiyanı həyata keçirdiyi bir reallıqda həqiqətləri gizlətmək mümkün deyil.

Sadəcə olaraq beynəlxalq təşkilatların tətildə olduğu, Ukrayna məsələsinin aktuallaşdığı bir məqamdan istifadə edərək, Azərbaycan hakimiyyəti daxildə “vicdan ovu”na start verdi.

Tendensiya onu göstərir ki, qarşıdakı dövrdə Azərbaycan hakimiyyətini daha ağır sınaqlar, daha kəskin bəyanatlar gözləyir.
Vəziyyət ona görə ağır olacaq ki, yuxarıda qeyd etdiyimiz kimi hakimiyyət xaricdəki tərəfdarlarını arqumentsiz qoyub və təmtəraqlı vədlər də müdafiə üçün stimul yaratmır.

Bir sözlə, Əliyev hakimiyyəti oturduğu budağı elə sürətlə baltalayır ki, heç kim xilas məqsədilə yaxına gələ bilmir.  Çünki, budağa yaxınlaşan hər kəsi, aşağıda ciddi travma gözləyir.

Indi, “ən böyük biclik, düzlükdür” prinsipi, daha uğurlu siyasət sayılır. Məhz buna görə də düzlüyü giclik hesab edənlər, məğlubiyyətə məhkum olacaq.

Akif