Bakıdakı De Bur malikanəsi

Indi bu binada Azərbaycan Dövlət Incəsənət Muzeyi yerləşir

Müharibənin yaratdığı dağıdıcı şərait üç yüz illik Romanovlar sülaləsini çökdürdü və Rusiyada dalbadal baş verən inqilablara, son dərəcə qanlı vətəndaş müharibəsinə yol açdı. Lakin eyni ağır şərait azərbaycanlıların öz müstəqil respublikalarını qurmaları üçün imkan verdi. Bakının mərkəzindəki ən ecazkar binalardan biri müharibə ərəfəsindəki həmin tufanlı günlərdən və Birinci Dünya Müharibəsinin dramatik hadisələrinin baş verdiyi vaxtdan qalıb.

Bu gün Niyazi küçəsində yerləşən bu binada Azərbaycan Dövlət Incəsənət Muzeyi yerləşir. Bu binanı həm də De Burun malikanəsi kimi tanıyardılar.

Bakıdakı bütün başqa əhvalatlar kimi bu binanın arxasında duran tarixçə də neft gəlhagəlindən başlanıb. Bakıya axan xarici kapital, xüsusən də 19-cu əsrin sonlarında xeyli artmışdı.

O zamanın Nobel qardaşları və Rotşildlər kimi tanınmış avropalı iş adamları investisiya yatırmaq üçün bu şəhərə gəlmişdilər.

Bakıda neft bumu

Sonrakı əsrdə baş verənlərdən göründüyü kimi, xarici texnologiyalar və kapital investisiyaları neft istehsalında əhəmiyyətli artıma və Azərbaycanın neft mədənlərinə və neftayırma zavodlarına xidmət göstərən sənayelərin sürətli inkişafına səbəb oldu. Yeni portlar, elektrik stansiyaları, hotellər, yollar, dəmir yolları, tramvay xətləri tikildi.

Əsrin ilk ilində Bakının neft mədənləri miqyasına görə Amerikanın neft istehsalını geridə qoydu.

Neft tankerləri qara qızılı Volqa çayı ilə üzüyuxarı, Rusiya Imperiyasının Baltik dənizindəki portlarına daşıyır, qiymətli xammal oradan Qərbi Avropanın bazarlarına ixrac olunurdu.

Bakı-Batumi neft kəmərinin açılışı Bakının neft istehsalçılarına alternativ ixrac marşrutu vermişdi.

Dünya 20-ci əsrə əvvəllər görünməmiş böyük ümidlərlə qədəm qoyarkən, Bakı ticarət, kommersiya və sənayedə varlanmaq istəyən ilk macəraçıları salamlayan cənnətə çevrilmişdi.

Şəhər sahibkarları, investorları və hətta inqilabçıları özünə cəlb edirdi. Bu xaotik şəhərdə öz taleyini sınamaq istəyən çoxlu istedadlı musiqiçilər, müğənnilər, memarlar, mühəndislər vardı.

Firavanlaşan şəhər hər bir kəs üçün ümidlər torpağına çevrilmişdi. Məşhur gəmiçilik şirkəti “Kavkaz i Merkuriy” (Qafqaz və Merkuri) 1858-ci ildən fəaliyyət göstərir, minlərlə insanı Bakıya gətirirdi.

Lev de Bur

Təzə gələnlərdən biri də kapitan Asmus Leo De Bur (de Boer) və ya Lev de Bur idi (1840-1889). Onun Hollandiya dəniz donanması zabiti olan atası daha yaxşı gələcək axtarışında Rusiyanın Baltika sahillərinə pənah gətirmişdi.

Lev de Bur indi Latviyanın əsas dəniz limanlarından biri olan Liepayada doğulmuşdu. O 1861-ci ildə “Tamara” gəmisinin göyərtəsində Həştərxandan Bakıya gələndə 21 yaşı vardı.

Kapitan De Bur Bakıda üç il fədakarlıqla çalışdı və burada “Kavkaz i Merkuriy” şirkətinin nümayəndəsi oldu.

1868-ci ildə şirkət əsas əməliyyatlarını Həştərxandan Bakıya keçirdi. Burada onun 15 dəniz gəmisi vardı. 1878-ci ildə De Bur iki başqa şəriki ilə birlikdə “Kaspiyskoye Tovarishestvo” adlı neft şirkətini yaratdı.

Növbəti onillikdə De Burun neft biznesi sürətlə inkişaf etdi. Tezliklə bu çalışqan holland kapitan Bakının biznes dairələrində Nobel qardaşları, Rotşildlər və Zeynalabdin Tağıyevdən sonra əsas oyunçulardan birinə çevrildi.

Onun həm də qüdrətli dostları vardı. O, şəhər bələdiyyəsindən özünün gələcək malikanəsi üçün Sadovaya küçəsində (Nizami küçəsi inqilaba qədər belə adlanıb) yer almaq istəyəndə çətinliklə üzləşmişdi.

Bir erməni biznesmenlə rəqabətdən sonra bu yeri Tağıyevin dəstəyi ilə 1887-ci ildə ala bilmişdi.

Lakin iki il sonra De Bur öz böyük ailəsi üçün Bakının ən gözəl malikanəsini tikmək istəyəndə Qusardakı fermasında ikən qəfil qan sızmasınsdan dünyasını dəyişdi.

De Burun varisləri malikanənin yalnız bünövrəsi qoyulmuş torpağı onun təsis etdiyi şirkətə satdılar.

De Burun iki şəriki burada şirkətin qərargahını tikmək qərarına gəldilər. Tikinti başa çatdıqdan sonra şirkət direktorlarının ailələri binanın bir hissəsində yaşamağa balşladılar.

Binanın digər hissəsi şirkətin ofisi oldu. Binanın memarı klassik elementlərdən istifadə etmiş və bu, malikanəyə təntənəli bir görkəm vermişdi. Bu malikanə hələ də Bakının perimetrində klassik üslublu müstəqil tikilinin nadir nümunəsi olaraq qalır.

Müharibə

Birinci Dünya Müharibəsi hər şeyi dəyişdi. Imperiya üsul-idarəsi müharibənin ağır yükünə dözməyərək çökdü. Əvvəlcə Rusiyada respublika elan olundu.

Bir neçə aydan sonra ikinci sarsıntı dalğası gəldi. Leninin başçılığı altında radikal solçu inqilabçı qrup – bolşeviklər Petroqradda daha bir inqilab təşkil etdilər. Bunun ardınca bəşər tarixində ən qanlı və ən dağıdıcı vətəndaş müharibəsi başlandı.

Bu əsnada Azərbaycan xalqı Rusiyadan müstəqillyini elan etdi və Osmanlı türklərinin dəstəyi ilə müsəlman və türk dünyasında ilk respublikanı qurdu. 1918-ci il oktyabrın 9-da Osmanlı hökuməti ilə Antanta arasında bağlanmış sülh sazişinə əsasən Osmanlı ordusu Qafqazı tərk etdi.

Osmanlı türk ordusu Bakıdan çıxar-çıxmaz, Britaniya general-mayoru V.M.Tomson 2000 əsgərlə (hind əsgərləri də daxil olmaqla) 17 noyabr 1918-ci ildə şəhərə qədəm qoydu.

Onun vəzifəsi Bakının neft mədənlərinə və Bakı-Batumi neft kəmərinə, dəmir yollarına nəzarət etməklə neftin Britaniyaya daşınmasını təmin etmək idi. Nə Tomson, nə də onun Londondakı hökuməti Azərbaycanın müstəqilliyini tanımışdı.

Bolşeviklər və Ağ ordu arasında vətəndaş müharibəsi davam edirdi. 1918-ci ildə heç kimin ağlına da gəlmirdi ki, bolşeviklər bu müharibədə zəfər çala bilərlər.

Tomson Qafqazı Rusiyanın bir hissəsi hesab edirdi və buranın Ağ ordu vətəndaş müharibəsindən qalib çıxdıqdan sonra qurulacaq Rusiya dövlətinə veriləcəyini düşünürdü.

General Tomson özü üçün qərargah axtaranda gözü elə De Bur malikanəsini tutmuşdu.

Milli hökumətin nazirliyi

“Kaspiyskoye Tovarishestvo” şirkəti “British Petroleum”la güclü kommersiya bağları qurmuşdu və bəlkə də elə bu Tomsonun seçiminə əsas səbəb idi.

Lakin 1919-cu ildə Britaniya hökuməti Rusiyadakı vətəndaş müharibəsinə vəsait ayrılmasını dayandırmaq qərarına gəlmişdi. 1919-cu ilin avqustunda Britaniya qoşunları Qafqazdan çıxanda, Tomson da Bakının ən ecazkar binasını tərk etdi.

Azərbaycanın milli hökuməti burada özünün xarici işlər nazirliyini yerləşdirdi. Nazirlik 1920-ci il aprelin 28-də bolşeviklər Qırmızı ordu ilə Bakıya qayıdanadək bu binada fəaliyyət göstərdi.

Bolşeviklər Bakıya gələndə Azərbaycan bolşeviklərinin lideri, doktor Nəriman Nərimanov Xalq Komissarları Sovetinin sədri təyin edildi (o vaxt nazirliklər komissarlıq adlanırdı).

Həmin günlərdə Azərbaycan bolşevikləri ölkənin regionlarında milli müqavimətə qarşı vuruşur, neft sənayesinin milliləşdirilməsi barədə dekretlər verir və Azərbaycan Respublikasının salamat qalan liderlərini edam edirdilər.

Beləliklə, bu bina yeni hakimiyyəti də bundan əvvəlki siyasi hakimiyyətlər kimi məftun etmişdi. Bu malikanə Xalq Komissarları Sovetinin ilk ünvanına çevrilmişdi.

Sovet dövlətinin və bolşevik partiyasının liderləri malikanənin birinci mərtəbəsində iclaslar keçirir, Nərimanov isə öz ailəsi ilə ikinci mərtəbədə yaşayırdı.

Bu minvalla bina həm respublika başçısının iqamətgahına, həm də icra hakimiyyətinin qərargahına çevrilmişdi.

Mircəfər Bağırovun evi

Bu binada öz evi kimi yaşayan son siyasi sakin Azərbaycanda Stalin siyasi polisinin rəhbəri, 1933-cü ildən Stalinin ölümünədək Azərbaycan Kommunist Partiyasının lideri olmuş Mircəfər Bağırov idi.

Bağırov Stalinin qırmızı terror da daxil, siyasətlərinin Azərbaycandakı müti icraçısı olmuşdu və adi menecerlərdən tanınmış ziyalılara qədər 100 min azərbaycanlını edam etdirmiş və sürgünə göndərmişdi. O bu malikanədə 1951-ci ilədək – 20 il yaşadı.

Bəzən həyat bizə qavraya biləcəyimizdən böyük sürprizlər bəxş edir.

Gənc hollandiyalı kapitan De Bur Bakıya gələndə çoxlu arzuları vardı və burada öz gözləntilərindən daha böyük sərvət əldə etmişdi.

Bununla belə, o heç vaxt bilə bilməzdi ki, bir neçə ildən sonra qlobal müharibə olacaq və onun gələcək malikanəsində işğalçı qüvvələrin generalı və daha sonra gənc bir respublikanın naziri sakin olacaq.

Və bir də De Burun heç ağlına gələ bilməzdi ki, kiçik və radikal siyasi partiya Azərbaycanı onun malikanəsindən idarə edəcək və neçə-neçə edam hökmləri burada çıxarılacaq.

Dr. Harun Yilmaz, Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü, “BBC-azəri”