Ağlını itirən ölkəm

«Halal kolbasa» probleminin 20 illiyinə həsr olunur… 

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com

Azərbaycanda körpənin doğulma anından başqa istənilən mövzunu bu başlıq altında yazmaq mümkündür. Bu andan sonrakı və əvvəlki həyat yuxarıdakı başlığa tam uyğundur -xəstəxanadan girmək-çıxmaq, bağçaya, məktəbə getmək, müalicə olunmaq, işləmək, hərbi hissədə xidmət etmək, ali təhsil almaq, toy eləmək, nəhayət, ölmək… 

Bir neçə ay bundan əvvəl bu yazını yazsaydım yəqin ki, ölməyi də körpənin doğulması kimi, rejimin ayağına yazmazdım. Çünki bu günə qədər rejimin dəfn mərasimi kimi hüznlü bir mərasimə yaxından müdaxilə etmək lüksü yox idi. Ölü sahibi o qədər də zorlanmırdı – yüz manata qədər məsciddə xərcləyir, cibinə görə məzarlıq seçir, məlum mərasimlərini verirdi. Yəni rejim kiçik bir “formallıq” xaricində insanları hüzn və acısı ilə baş-başa buraxırdı. 

Hazırda rejim “israfçılıq” şüarı ilə ölü sahibinin yanındadır. Loru dildə desək, buna “ehsan rüşvət”i də demək olar. Heç təsadüfi deyil ki, oxşar qadağa sahibi olduqları şadlıq evlərinə tətbiq edilmir. Hədəf sadə vətəndaş və onun cibidir…

Artıq Bakıda qeyri-rəsmi olaraq, ehsan qadağası qüvvəyə minib, məmurlar və hüquq mühafizə işçiləri yas mərasimlərinə müdaxilə edərək, yemək verilməsinə mane olurlar. 

Ölü sahibi də onlarla dil tapmağa çalışır, “birtəhər” məclisi yola vermək üçün “çaba” xərcləyir. 

Bu “çaba”nın nədən ibarət olduğunu yəqin ki, bilirsiniz. Övladınız bağçaya, məktəbə, ali məktəbə gedəndə, hərbi hissədə qulluq edəndə, işə düzələndə, ev tikəndə xərclədiyiniz “çaba”larla bu “çaba”nın arasında heç bir fərq yoxdur. 

Rejimin uzunömürlü olmasının əsas sirri də budur. Halal haqqımızı bizə haram kimi sırıyır və bizi də bununla barışmağa məcbur edir. Artıq halal, halallıq kimi ifadələr də öz əvvəlki mənasını itirib. Bu terminlər ən çox rüşvət alıb-vermə prosesində işlədilir və onun ölçüləri kimi istifadə edilir… 

Yeri gəlmişkən, hazırda recimi narahat edən digər bir məsələ də “halal kolbasa” ilə bağlıdır. Insanların 20 ildir ki, mənşəyi məlum olmayan bu məhsullarla qidalanması və… sağ qalması rejimin “diqqətindən” kənarda qala bilməzdi…  

Bu yaxınlarda mətbuatda “halal komissiya”sının  ilk iclasınının keçirməsi haqda xəbərləri yəqin ki, siz də oxumusunuz. Bu xəbərə qədər isə, mətbuat Qafqaz Müsəlmanları Idarəsi ilə Dövlət Standartlaşdırma, Meterologiya Patent agentliyi arasında gedən “halallıq” mübahisələrindən yazırdı. Agentlik QMI-yə məsləhət görürdü ki, gəlin kolbasa üçün rayondan gətirilən heyvanın üzü qibləyə kəsilməsinə əmin olun və gedin, qalanı bizlikdir. Şeyxin komandası isə bununla razılaşmırdı, deyirdi ki, elə şey yoxdur, kolbasa bizim halallıq sertifikatımız olmadan satıla bilməz. Məsələ bir neçə ay uzandı və bu iki qurum razılığa gəldi və ilk iclaslarını keçirdilər. Qərara alındı ki, halal sertifikatı almaq istəyən öncə standartlaşma və patent “səddi”ni keçəcəklər, yalnız bu qurum lazım bilsə, QMI-yə müraciət edəcək ki, gəlin bunları yoxlayın və halallıq verin (alın – X.Ə.). Məsələ, yəni sadə vətəndaşın nə vaxt “halal” kolbasa yeyəcəyi hazırda bu nöqtədədir. Təxminən yüzə qədər məmur  hazırda bu “iş”lə məşğuldur. 

Söhbət(!) cəmiyyətə o qədər nüfuz edib ki, alıcılar kolbasa alarkən satıcıdan onun halal olub-olmadığını(?) soruşurlar. Öz gözlərimlə görmüşəm, bəzən vətəndaş vitrinə baxmadan satıcıya “mənə yarım kilo halal kolbasa çək” deyir.  Nisbətən imkanlı insanlar isə, halal kolbasa ilə maraqlanıb, Rusiya istehsalı olan məhsullara üstünlük verir. Yəni imkanı olan özünü aldatmır. 

Mənim üçün çox maraqlıdır ki, ştatında bircə dənə ət məhsulları üzrə texnoloq, dequstator, zootexnik, baytar olmayan bir dini qurum bunu necə müəyyən edəcək?..

…Bu yaxınlarda Bakıda dünyasını dəyişən bir din xadiminin Masallıdakı doğma kəndində dəfni mərasimindən kadrları seyr etdim. Diqqətimi cəlb edən nə idi, bilirsinizmi? 

Onu əzəmətli, üçmərtəbəli malikanənin həyətindən qaldırdılar. Bu cür “dəbdəbə”nin qiyməti isə, milyon dollarla ölçülür. Bu yalnız din xadiminin ildə bir-iki dəfə baş çəkdiyi imarəti idi… 

“Halal” məsələsi bitdikdən sonra kolbasanın necə olacağını isə zəhmət çəkib özünüz fikirləşin…