Sağlam və diri qalmaq

Səadət Cahangir

Bu yaxınlarda həbsxanaların insan psixologiyasına təsiri ilə bağlı Hamburq Universitetinin apardığı bir araşdırma haqqında oxudum. Demək, 70-ci illərin sonlarında bu məqsədlə bir sıra təcrübələr həyata keçirilib. Əvvəlcə işıq və səsdən təcrid olunmuş, gündüz və gecənin fərq edilmədiyi otaqlar hazırlanıb. Sonra təcrübə məqsədilə insanları çöl ilə heç bir əlaqəsi qalmayan bu otaqlara salıblar… Yekun olaraq təcrübələrin nəticələri alimlər tərəfindən qiymətləndirilib. Insanların dözüm həddi nə qədərdir? Onlar nə vaxt ağlamağa başlayırlar? Nə zaman yalvarırlar? Nəticədə, təcrübə əksər insanların şəxsiyyətlərinin yox edilməsinin və ona kənardan “yeni şəxsiyyət maskası geydirilməsinin” mümkün olduğunu ortaya çıxarıb…

Elə bilirəm, yaşadığımız reallıqlar bu təcrübənin nəticələrini anlamaq üçün bizə daha çox dəlil verməlidir. Bəlkə elə ona görə, araşdırma haqqında oxuyanda ağlımdan keçən ilk fikir bu oldu: məgər illərdir təcrübənin eynisi bizim üzərimizdə aparılmır? Bu ölkədə yaşanan işgəncələr bəhs edilənlərdən çoxmu fərqlənir? Biz yaxın illərdə o təcrübələrin “yetişdirməsi” olan “yeni şəxsiyyət maskası geydirilmiş” adamların nə hala gəldiyini azmı gördük?

Bəli, işgəncənin də fərqli formaları var. 70-ci illərdən xeyli zaman keçib və o formaların tətbiqi qaydaları da xeyli “müasirləşib”. Rəsmi məhbus statusu ilə həbsxanada yatanlarla məsələ aydındır. Amma elementar azadlıqların yasaqlandığı bir sistemdə yaşayır və narazılığınızı uca səslə dilə gətirirsinizsə, sizi də rahat buraxmazlar. Gördüyünüz kimi, ölkəmiz getdikcə sovetlərin qapalı məkanına bənzəməyə başlayır. Artıq ikili vətəndaşlığı qadağan edən qanun da hökumətin əlinə tutarlı bəhanələr verdi. Bu qanunun ilk qurbanı deyəsən, uzun illərdir Amerikada yaşayan keçmiş cəbhəçi fəal Səid Nuri olub. Srağagün onun Bakı hava limanından uçmasına icazə verməyiblər. Hansı ki, o, Amerika vətəndaşlığını qəbul edib və neçə dəfədir bura viza ilə gəldiyini deyir…

Bəli, işgəncənin fərqli formalarıdır bunlar. Qapalı təcridxanaya salmadan da insanları mənən əzib canından bezdirmək olar. Arzuolunmaz adam kimi ölkədən didərgin də salına bilərsiniz, pasportunuz əlinizdən alınmaqla ev dustaqlığına məhkum edilə də. Hələ repressiya və həbs təhlükəsi üzündən ölkədən çıxıb qaçmağa məcbur olduğunuz halda, ailə üzvlərinizin girov saxlanmaq təhlükəsi də var. Daha qalmaq və ya getmək məsələsini siz həll etmirsiniz. Hətta burada insan kimi yaşamaq haqqınızın əlinizdən alındığını düşünüb, başınızı götürüb getmək istəyirsinizsə belə, fərq etməz. Əgər adınız qara siyahıdadırsa, elə beləcə burada sürünməlisiniz. Ən yaxşı halda, vətəndaşlıqdan çıxıb birdəfəlik elə getməlisiniz ki, ayağınız daha buralara dəyməsin! Məsələnin məntiqi nəticəsi belədir yəni.

Bəli, işgəncənin belə fərqli formaları var. Amma istənilən təcrübənin məqsədi dözüm həddinizi sınaqdan keçirib, sizi tabe etməkdir. Hara qədər dayana bilərsiniz? Nə zaman əl-qolunuz qırılıb yanınıza düşər və çarəsiz halda təslim olarsınız? Bu sualların cavabı sizdədir, yalnız sizin özünüzdə. Onu da bilməlisiniz ki, heç də hamı bu təcrübə üçün “münbit xammal” sayılmır. Xüsusi bir sağlam qrup var ki, bu sınağa “aqressiv” reaksiya verdiklərinə görə, onların istifadə olunmasına heç cəhd də göstərilmir. Cəhd edildiyi halda belə, nəticənin uğursuzluğu öncədən məlum olur. Sağlam olmaq işgəncə mexanizmini sıradan çıxarmağın əsas şərtdir.

Bir qayda olaraq, bütün sınaqlardan da ən güclü müqavimət  sahibləri diri çıxır. Qısası, çalışın sağlam və güclü olun!