İREX məhkəməyə müraciət edib

Sentyabrın 6-da «IREX Azərbaycan» bəyanat yayıb. Bəyanatda deyilir:

«Sentyabrın 5-də Baş Prokurorluq əməkdaşları bəyan etmədən IREX-in Bakı ofisinə gəlib. Onlar özləri ilə Yasamal Məhkəməsinin orderini gətirib və bütün kompüterləri, digər avadanlığı və eləcə də sənədləri aparıblar.

IREX artıq məhkəməyə müraciət edib.

Qurum ümid edir ki, USAID-in maliyyələşdirdiyi, 2014-cü il sentyabrın 30-da bitməli olan hazırkı layihəsini başa çatdıra bilməsi üçün avadanlıq və sənədlər mümkün qədər tez qaytarılacaq.

IREX-in Azərbaycandakı bank hesabı bir sıra yerli və beynəlxalq QHT-lərə açılan «cinayət işi» ilə əlaqədar olaraq 2014-cü il iyulun 26-da dondurulub. IREX bu təhqiqatın ədalətli və sürətli tamamlanmasını gözləyir.

IREX Azərbaycanın qonağı kimi 15 il ərzində təhsil, media və vətəndaş cəmiyyətinə göstərdiyi uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir».