Leyla Əliyevanın “Atam və Yeni azərbaycanlılar” rəsmi

Məlahət Ağacan

Azərbaycanda vicdanlı insanların hamısı hələlik həbs olunmasa da, bütün vicdanlı insanların hamısı incidilir, zülm-işgəncə içində yaşayır. Bu dəlixana ölkədə kimin necə əzab çəkdiyini ünlü müğənni Barış Manço demiş “ben bilirim, ben bilirim”: adamların yarısı hərbi hissələrə, həbsxanaya, yarısı da ölkədən kənara sovqat, dərman, pal-paltar aparır.

Bu yaxınlarda ölkə xaricinə gedəndə bir əcnəbi xanım ağır çantalarıma baxıb dedi ki, “fikir vermişəm, sizin qadınlar həmişə yüklə gedib, yüklə qayıdırlar, maraqlıdır, nə aparıb gətirirsiniz?”. Xəcalətlə ağır çantalarıma baxıb dedim ki, gedəndə övladlarımıza mürəbbə, üzüm yarpağı, şəkərbura-paxlava… aparırıq, qayıdanda isə çirkli paltarlarını gətiririk. Səfərlərimin birində isə bir fransızla çamadanlarımız səhv düşmüşdü: müxtəlif qurudulmuş şəfalı bitkilərlə dolu olan çamadanımı əcnəbi qaytaranda nanə torbasını göstərib dedi ki, “bu narkotik əladır, üç gündür itkin düşən çamadanımın acısını bu otu çəkməklə əridirdim”. Bəxtəvər fransız, bir çimdik nanə, kəklikotu çəkməklə nəşələnib dünyanı unudur, bədbəxt azərbaycanlıya isə ağrı-acılarını unutmaq üçün 3 ton heroin də bəs eləmir… 

Ölkənin ən dəyərli övladlarını həbs emək, öldürmək, Vətəndən didərgin salmaq sürətlə davam edir, amma azərbaycanlı qadınlar faciə çanağına dönən məmləkətdə mürəbbə bişirmək, palaz yumaq, yun çırpmaq yarışı keçirirlər. Qapı-pəncərədən onları gizlin-gizlin pusan “kişi”lər isə “məhəllədə xalça-palaz yuyan arvadlar” tamaşasına baxandan sonra əllərinə “maus” götürüb Vətənin “qeyrətini çəkmək” üçün hakimiyyətin elan etdiyi “vicdanlı insanları yox etmək” savaşına atılırlar. Domino, nərd daşları, klaviatura və “maus”dan başqa heç bir silah-sursatı olmayan kişiciklərin hücumları isə ancaq iyrənc şərhlər olar: “Leyla Yunus ermənidir, çoxdan həbs olunmalı idi, əcəb oldu ona”. 

Əlbəttə, xalça-palaz yuyan arvadları güdən, onların əyilib-durmağından, qeybət və boş laqqırtılarından həzz alanlar mübariz, qeyrətli, savadlı, mədəni, zövqlü insanlara erməni deyər, həbs olunmaqlarını bayram edər. Onsuz da, Ilham Əliyevin ən böyük arzu və məqsədi odur ki, bu ölkədə ömrünü kəsib ona verənlər, xlor satmağı, əla yun çırpmağı, yaxşı xalça-palaz yumağı, müxtəlif çeşiddə mürəbbə bişirməyi, xiyarı qəşəng duza qoymağı bacaran qadınlar, bütün günü domino, nərd, loto oynayan, təsbeh çevirən kişilər və onların əli telefonlu, qulağı “nauşnik”li varisləri yaşasınlar. Çünki başı yorğan-döşək salmağa, xalça-palaz yumağa, nərd, domino oynamağa qarışan avam cəmiyyətin içində qüsur və nöqsanlarla dolu olan “urod kral”lar gözəl görünə bilər. 

Yeri gəlmişkən, ölkənin ən məşhur şairəsi, rəssamı, heykəltaraşı, redaktoru Leyla Ilham qızı Əliyevanın vaxtı varsa, neftli boya ilə “Atam və Yeni azərbaycanlılar” adlı bir rəsm əsəri çəkib atasına bağışlasın: kök qadınlar paltarlarının ətəyini bellərinə düyünləyib həyətdə xalça-palaz yuyurlar, yekəqarın kişilər şalvarlarını çırmalayıb domino, nərd oynayırlar, bir dəstə uşaq da divarın dibində oturub, başlarından yekə telefonda meyxanaya qulaq asırlar. Ilham Əliyev isə əlini müdrikcəsinə çənəsinin altına qoyub, pəncərədən sevimli seçicilərinə baxır…