Əflatun Amaşovun sadaladığı həmin saytlar hökumətin nəzarətindədir
Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media nümayəndələri ilə görüşü barədə danışıb. MŞ sədri bildirib ki, görüşdən bir həftəyə yaxın vaxt keçib və ümummilli məsələlərlə bağlı səslənən fikirlərin KIV-də hansı dərəcədə nəzərə alınması əhatəli müzakirə olunub: “Biz bu tədbirdə daha çox bundan sonra neyləməli olduğumuzu müzakirə edib, media rəhbərlərinin konkret təkliflərini dinləmək istəyirik. Ümummilli məsələlərdə kütləvi informasiya vasitələri eyni mövqedən çıxış etməlidir. Təəssüf ki, cəbhə bölgəsindən gələn xəbərlərdə kifayət qədər anlaşılmazlıq, dağınıqlıq vardı. Yanlış xəbərlər ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradır”.
Ə.Amaşov atəşkəsin pozulması, hərbi əməliyyatlar haqqında xəbərləri qeyri-peşəkar şəkildə yayan saytların adlarını çəkib: “Əsasən bu xəbərləri ”azinform”, “gündəm-xəbər”, “sfera.az”, “vətəninfo.az”, “ölkə.az” və s. saytlar tirajladılar”.
Ramiz Mehdiyev keçirdiyi KIV rəhbərlərilə keçirdiyi fürsətdən istifadə edib oliqarxların nəzarətində olan media orqanlarını da kəskin tənqid etmişdi. Bu PA rəhbərinin həmin media orqanlarına nəzarəti öz əlinə keçirmək, əks təqdirdə fəaliyyətlərini dayandırmaq niyyətilə izah edilmişdi. Mətbuat Şurası da adı çəkilən, yaxud da ad çəkilmədən tənqid olunan media orqanlarının böyük əksəriyyəti Mehdiyevə əks qruplaşmanın nəzarətindədir. Bu PA rəhbərinin niyyəti barədə deyilənlərin əsassız olmadığını ortaya qoyur.