Britaniya təşkilatı Seymur Həzinin həbsindən yazdı

“Onun həbsi avtoritar hakimiyyətin vətəndaş cəmiyyətinə hücumlarının növbəti göstəricisidir”

“Index on Censorship”: “Azərbaycanda müxalifətçilərə və tənqidçi jurnalistlərə qarşı xuliqanlıq ittihamı ilk dəfə deyil”

Azərbaycanda davam edən repressiya dalğası beynəlxalq aləmin diqqətindən kənarda deyil. Ölkədə hüquq müdafiəçilərinə, tənqidçi jurnalistlərə qarşı hücumlar, sifarişli həbslər fonunda Azərbaycan hökuməti mütəmadi olaraq, beynəlxalq təşkilatların, xarici mətbuat orqanlarının tənqid hədəfinə çevrilir.

Bu dəfə Böyük Britaniyanın “Index on Censorship” təşkilatı “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin həbsi fonunda Azərbaycan hökumətini tənqid edib. Təşkilat eyni zamanda, hökumətə siyasi motivlərlə həbs olunmuş jurnalistlərin, hüquq müdafiəçilərinin azadlığa buraxılması üçün çağırış edib. “Index on Censorship”in hazırladığı yazının tərcüməsini təqdim edirik:

***

Azərbaycanda sonuncu müstəqil qəzet olan “Azadlıq”ın əməkdaşı Seymur Həzi barəsində xuliqanlıq ittihamı ilə ilkin istintaq dövrü üçün iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu gün səhər (dünən-red.) jurnalist Xədicə Ismayıl Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutuna görə Bakı aeroportunda saxlanılıb.

Seymur Həzinin həbsi Azərbaycandakı avtoritar hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı davam edən hücumlarının növbəti göstəricisidir. Jurnalist küçədə bir nəfərə hücum etməkdə ittiham olunur. Hərçənd, onun vəkilləri bildirir ki, Seymur Həzi uzun müddət izlənilib, hadisə baş verən gün də əvvəlcə ona hücum edilib və o da özünü müdafiə etmək məcburiyyətində qalıb.

Azərbaycanda müxalifətçilərə, vətəndaş cəmiyyəti fəallarına və tənqidçi jurnalistlərə qarşı xuliqanlıq, ictimai asayişin pozulması kimi ittihamlar irəli sürülməsi ilk dəfə deyil. Əvvəlki illərdə tənqidçi jurnalistlər Qənimət Zahid, Sərdar Əlibəyli, həmçinin bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsxanaya salınması üçün eynilə həmin ittihamlardan istifadə olunmuşdu.

“Seymur Həzinin həbsi bizim qəzetə çox ciddi zərbədir. O, Azərbaycanda ən parlaq analitik və jurnalistlərdən biri, həm də sözün əsl mənasında ziyalıdır”, – deyə “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Hacıyev qeyd edib ki, Seymur Həzinin həbsinin əvvəlcədən planlaşdırılmış təxribatın nəticəsi olduğuna əmindir. Onun sözlərinə görə, jurnalist “Azadlıq”da hökuməti tənqid edən məqalələrinə, həmçinin müəlliflərindən biri və aparıcısı olduğu “Azərbaycan saatı” televiziya proqramına görə bu şəkildə cəzalandırılır.

Seymur Həzinin həbsindən bir ay əvvəl “Azadlıq” qəzeti hökumətin təzyiqləri üzündən yaranmış maliyyə böhranı ilə əlaqədar fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Bir müddət qəzetin yalnız internet saytı fəaliyyət göstərdi.

Azərbaycan hökuməti ölkədə vətəndaş cəmiyyətinə hücumları davam etdirir. Tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və həyat yoldaşı Arif Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev bu gün də həbsdədir. Onların barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) ofisində axtarış aparılıb, ardınca da qapısı möhürlənib.

Bu repressiyalar dalğası həm də Azərbaycanda birləşmək azadlığını məhdudlaşdıran yeni qanunvericiliklə əlaqədardır. Yeni qanun dövlət qeydiyyatından keçməmiş vətəndaş cəmiyyəti təşkilatlarının öz fəaliyyəti üçün maliyyə vəsaiti almasını qadağan edir.

Siyasət şöbəsi